İsrailin Baş naziri Misirlə 35 milyard dollarlıq müqaviləni təsdiqləyib

İsrailin Baş naziri Binyamin Netanyahu yəhudi dövlətinin tarixində Misirlə bağlanan ən böyük təbii qaz müqaviləsini təsdiqlədiyini açıqlayıb.

"Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə B.Netanyahu mətbuat konfransında jurnalistlərə açıqlayıb.

"Müqavilənin dəyəri 112 milyard şekel (35 milyard dollar) təşkil edir. Bu, İsrail tarixində ən böyük qaz müqaviləsidir. Məbləğin 58 milyard şekeli dövlət büdcəsinə gedəcək", - o qeyd edib.

Netanyahunun sözlərinə görə, vəsait yəhudi dövlətində təhsil, səhiyyə, infrastruktur, təhlükəsizlik və gələcək nəsillərin gələcəyinin inkişafı üçün istifadə olunacaq.

O, ölkənin əsas maraqlarını, ilk növbədə təhlükəsizlik məsələlərinə uyğunluğunu nəzərdən keçirdikdən sonra oktyabrda təxirə salınan müqaviləni təsdiqlədiyini vurğulayıb.

Baş nazirin sözlərinə görə, Misirə qaz tədarükü ilə bağlı müqavilə digər ölkələri İsrail sularındakı yataqları araşdırmağa təşviq edə bilər.