Bələdiyyələr qapıları döyür


"Hamı narazılıq edir - nə iş görüblər ki, pul da yığsınlar?"

Vüqar Tofiqli: "Bələdiyyə işçisi heç bir vətəndaşdan torpaq və ya əmlak vergisini nağd şəkildə ödəməsini tələb edə bilməz"

Yəqin az sakin tapılar ki, bələdiyyə işçisi tərəfindən qapısı ildə bir, ya iki dəfə döyülməmiş olsun. Hamı da əsasən narazılıq edir. “Bələdiyyə bizim üçün nə iş görür ki, pul yığır? Hara gedir bu pullar?” etirazından sonra, “üzüyumşaqlar  illik vergini ödəyib canını qurtarır, sərt olanlarsa “Verməyəcəyəm, yenə gəlsə, qapını açmayın”, deyib “ödənişsiz” həyata davam edir. Haqsız sayılmazlar. 

Bakıda Ankara və ya İstanbuldakı kimi parklarda, küçələrdə üzərində “filan bələdiyyə” yazılmış oturacaq, skamya görmüşük?  Bələdiyyələr bayram günlərində sosial tədbirlər keçirir, hansısa sosial aksiyanı maliyyələşdirir? 

Yoxsa hansısa ərazidə kanalizasiya xətti, su borusu çəkib, xarab olan lifti təmir etdirib, vətəndaşın problemini həll edib? Çətin. O zaman bələdiyyələr nə üçün pul toplayır və bu pul hara xərclənir, toplanan pullar dövlət büdcəsinə köçürülürmü, kimi suallar ortaya çıxır. Cavabı varmı? Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında Türkiyə təcrübəsiylə müqayisə aparmağın hazırkı durumda düzgün olmadığını dedi. Birlik sədri vurğuladı ki, qardaş Türkiyədə bələdiyyə sistemi tamamilə fərqli qurulub. Bələdiyyələrin gəlir mənbələri də var, büdcələri də və büdcəyə toplanan gəlirdən sosial məsələlərin həlli üçün istifadə edilir. Türkiyədə bələdiyyə oturuşmuş bir sistemdir. Bizdə isə bələdiyyələrin büdcəsi çox kiçikdir. Bu pulla hər hansı sosial problemi həll etmək mümkün deyil. 

V.Tofiqli bələdiyyələrin torpaq, əmlak vergisi toplamasına da aydınlıq gətirdi:

 - Məsələ belədir. Vətəndaş istifadəsində olan torpağa, əmlaka görə vergi ödəməlidir. Lakin bunu nağd yolla aparmaq qanunsuzdur. Əgər bələdiyyə işçisi sizə vergi ödəməli olduğunuzu xatırladır və sizdən verginin ödənməsini tələb edirsə, birinci halda buna hüququ çatır, ikinci halda isə hüququ çatmır. Bələdiyyə işçisi heç bir vətəndaşdan torpaq və ya əmlak vergisini nağd şəkildə ödəməsini tələb edə bilməz. Vətəndaş yerli bələdiyyəyə müraciət etməli, yerli vergi ödəyicisi kartını almalı, kartla birlikdə ona kod verilməlidir. Vətəndaş bu kod və kartla bank və ya poçt vasitəsilə əmlak vergisi ödənişini həyata keçirməlidir. Yoxsa, “pulu verin, biz sizə bank qəbzi gətirəcəyik”, kimi hərəkətlər doğru deyil və qanunsuzdur. Sənədsiz evlərdə yaşayanlar elektrik enerjisi, təbii qaz, suya görə kommunal ödənişlər edir. Həmçinin, üzərində yaşadığı torpağa, istifadəsində olan əmlaka görə də vergi ödəməlidir. Sadəcə, məsələ bundadır ki, elektrik enerjisinin haqqını ödəmədikdə işıqları kəsirlər, suyun pulunu ödəməyəndə suyu, təbii qaza görə də hər kəs smart-kartla ödəniş edir. Amma bələdiyyələrin elə bir səlahiyyəti yoxdur ki, əmlak vergisi ödəməyən vətəndaşı evdən çıxarsın. Ona görə də vətəndaşlar əmlak vergisi ödəməkdə tənbəl davranır. 

Qaldı ki, bələdiyyələr yığılan pulla nə iş görür məsələsinə, hər bir vətəndaş bələdiyyədən hesabat tələb edə bilər. Vətəndaşlar bu məsələdə də tənbəldirlər.