Yaxın zamanda sənədsiz evlər problemi həll olunacaq

Sənədləşdirilmə təkcə vətəndaşlara yox, dövlətə də lazımdır

"İndiki vəziyyətdə dövlət alqı-satqı prosesində əldə edilməli olan vergi rüsumlarından da, vergilərin toplanmasından da kənarda qalır"

İctimai və dövlət maraqlarının müdafiəsi

   Azərbaycanın insan hüquqları üzrə müvəkkili sənədsiz evlərin dövlət qeydiyyatına alınmasını təklif edib. Bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb. Məruzədə ötən əsrin ortalarından etibarən Bakı şəhərində, onun ətrafındakı qəsəbə və kəndlərdə, o cümlədən birgə təsərrüfatlara (sovxozlara) məxsus ərazilərdə müxtəlif şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrində qanunsuz tikilmiş evlərin, habelə bələdiyyələr tərəfindən fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində tikilmiş evlərin inventarlaşdırılması və dövlət qeydiyyatına alınması, eyni zamanda həmin ərazilərdə və yeni yaşayış massivlərində daşınmaz əmlak və nəqliyyat infrastrukturu obyektlərinə ünvanların verilməsi təklif edilib.

Sənədsiz evlər probleminin uzun illərdir həllini gözlədiyi kimsəyə sirr deyil. Bu problemin vətəndaşlarla yanaşı dövlət maraqlarına zidd olması da məlum məsələdir. Sənədsiz evlərə görə dövlət büdcəsi külli miqdarda gəlirdən məhrum qalır, hansı ərazilərin dövlət, hansıların vətəndaşların mülkiyyətində olduğu dəqiqləşmir, vətəndaşların mülkiyyət hüququ pozulur, faktiki yaşadıqları ərazi üzrə qeydiyyata alınmadıqlarından müxtəlif vəziyyətlərlə bağlı onlar barədə hüquqi addımların atılması da qeyri-mümkün olur. Bu da hüquqi məsələlərdə əngəl yaradır. Hansı tərəfdən baxsan, sənədsiz evlər probleminin həll edilməməsi dövlətə də, vətəndaşa da ziyandır. Üstəlik, əkinəyararlı torpaq sahələrində tikilmiş fərdi evlər, təsərrüfat binaları da var ki, onlar da sənədsizdir. Bu həm də kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin qarşısını alır. Xatırladaq ki, sənədsiz evlər, qanunsuz tikililər problemi Milli Məclisdə də dəfələrlə müzakirəyə çıxarılıb. 

Millət vəkilləri bu günlərdə yenə həmin məsələyə toxunublar. Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, kimsə gözünü yumur, meşədəki qoruqda kimsə 3-5 ev tikir. Sonra deyirlər ki, bura bir məktəb də lazımdır, yaxud çaydan keçməyə körpümüz yoxdur, körpü də salın. Lakin belə ərazilər mənzil, bina tikintisi üçün nəzərdə tutulmayıb: “Belə halların qarşısı çox kəskin şəkildə alınmalıdır”.

 Deputat Fəzail Ağamalı deyib ki, Bakının Binəqədi, Sabunçu və Xəzər rayonunda bələdiyyələrin qərarı, yerli icra hakimiyyətlərinin şifahi razılığı ilə çoxsaylı evlər tikilib. Bu, tamamilə infrastrukturdan kənardır, onların kanalizasiyası yox dərəcəsindədir. İşıqla, qazla təchizatlarında da kifayət qədər problemlər var. Həm də bu tikintilər indiyə qədər rəsmiləşdirilməyib. 

O evlərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib. Beş ildir ki, belə tikintilər aparılmır, çünki artıq torpaq yoxdur. O insanları həmin evlərdən köçürmək də mümkün deyil. İnsanlar o yerlərdə özlərinə yuva qurublar. O evləri rəsmiləşdirmək lazımdır. Dəfələrlə bu məsələ qaldırılıb, Prezident tərəfindən tapşırıq verilib. Kənd təsərrüfatı təyinatlı torpaqlarda, yaxud tikinti nəzərdə tutulmayan dövlət torpaqlarında artıq evlər tikilib, o evlərdən gəlin köçüb, gəlin gəlib. İndi bu evləri rəsmiləşdirmək, problemi hökmən həll etmək lazımdır”.
Hazırda Bakı şəhəri ərazisində, təxminən, 500 minə yaxın sənədsiz evin olduğu bildirilir. 2010-cu ildə Bakı və ətraf qəsəbələrin inkişafına dair ikinci dövlət proqramının təqdimatı keçiriləndə Prezident İlham Əliyev qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı məsələ qaldırmışdı. Ölkə başçısı sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək, müvafiq strukturlara, xüsusilə Bakı şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq vermişdi. 2012-ci ilin iyun ayında Prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzaladı. Amma göründüyü kimi icra orqanları sənədsiz evlər problemini həll etmək istəmir və ya edə bilmir. Səbəb nədir? 

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Şərq”ə açıqlamasında sənədsiz evlər probleminin həllini gözləyən mühüm məsələ olduğunu vurğulayıb: 

- Əvvəla, onu deyim ki, sənədləşmə məsələsinin ləngiməsinə pandemiya da bir tərəfdən mane oldu. Xatırlayırsınızsa, pandemiyadan əvvəl yerli bələdiyyələr, kənd, qəsəbə nümayəndəlikləri, icra hakimiyyətləri bu işə başlamışdı, vətəndaşlardan sənədlər toplanırdı, sənədsiz evlərin qeydiyyatı aparılırdı. Bildirilmişdi ki, qeydiyyat başa çatdıqdan sonra inventarlaşdırma mərhələsinə başlanacaq. Lakin pandemiya ilə bağlı sərt karantin rejiminin tətbiqi, məsafədən çalışmalar bu prosesi yenə ləngitdi. Doğrudur ki, proses pandemiyadan çox əvvəl yekunlaşmalıydı. Amma bunu etmədilər. Bir halda ki, Milli Məclisdə də məsələ qaldırılıb, Ombudsmanın hesabatında da belə bir təklif irəli sürülür, ümid edirəm ki, nəhayət, problem həllini tapar. Sənədsiz evlərin  sənədləşdirilməsi təkcə vətəndaşlara yox, dövlətə də lazımdır. Daşınmaz əmlakın qeydiyyata alınması ilk növbədə vətəndaşın hüquqlarının bərpasıdır. Vətəndaşın əmlakı üzərində hüququ olmalıdır və bunun üçün də daşınmaz əmlak dövlət qeydiyyatına alınmalı, inventarlaşdırılmalıdır. Qeydiyyat prosesinin bir çox üstünlükləri var. Vətəndaş əmlak üzərində hüququnu təsbit edir, nəhayət ki, yaşadığı ünvan üzrə qeydiyyata düşür. Bu, vətəndaşa təhsil, səhiyyə xidmətlərindən qanuni şəkildə yararlanmaq imkanı verir. Hazırkı şəraitdə minlərlə vətəndaş bilavasitə yaşadığı ərazi üzrə qeydiyyatda deyil, bölgələrdə qeydiyyatda qalanlar, hansısa qohumunun mənzilində, ya da polis şöbələrində qeydiyyata alınanlar var. Minlərlə vətəndaşın faktiki ünvanı bəlli deyil. Bu da hüquqi-inzibati imkanları məhdudlaşdırır. Amma daşınmaz əmlakın sənədləşdirilməsi baş verdikdə, bütün bu problemlər həllini tapmış olacaq. Hazırda sənədsiz evlərin alqı-satqısı qeyri-qanuni aparılır. Sənədsiz evlər qanuni alqı-satqı predmeti ola bilməz deyə, proses dövlət nəzarətindən kənar baş verir. Bu vəziyyətdə dövlət alqı-satqı prosesində əldə edilməli olan vergi rüsumlarından da, vergilərin toplanmasından da kənarda qalır. Daşınmaz əmlakın sənədləşdirilməməsi bələdiyyələrə də zərbə vurur. Bələdiyyələr əmlak vergisini toplaya bilmir. Çünki heç bir sənədi olmayan evə görə vətəndaşdan əmlak vergisi toplana bilməz. Bu qədər problemin həlli sənədsiz evlərin inventarlaşması prosesinə bağlıdır. Ümid edək ki, yaxın zamanda məsələ həllini tapacaq.