Hər blokda bir ölüm kabusu...

Bakının lift dərdi heç vaxt düzəlməyəcək

Yuxarı mərtəbədə yaşayanlar bu əzabın nə olduğunu daha yaxşı bilirlər

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Nazirlikdən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi 77 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasının liftinin qəzalı vəziyyətdə olması barədə vətəndaş tərəfindən müraciət daxil olub. Müraciətlə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə baxış keçirilib. Baxış zamanı həqiqətən də liftin müvafiq təhlükəsizlik tələblərinə cavab vermədən istismar edildiyi və beləliklə, insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub. Qeyd olunanlar nəzərə alınaraq, liftdə aşkar olunmuş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün aidiyyəti müəssisə qarşısında məsələ qaldırılıb və pozuntuların qısa müddətdə aradan qaldırılaraq liftin təhlükəsiz istismarı təmin edilib.

Baş verən hadisə bunu göstərir ki, çoxmərtəbəli binalarda lift problemi aktuallığını, təəssüf ki, saxlayır. Nəinki sovet dönəmində tikilib istismara verilmiş yaşayış binalarında, həmçinin, sonrakı dövrdə özəl şirkətlər, mənzil-tikinti kooperativləri, məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən tikilmiş və tikilməkdə olan yaşayış binalarında sakinlər lift problemi ilə tez-tez qarşılaşır. 

Lift işləmirsə yuxarı mərtəbələrdə yaşayanların  halını təsəvvür etmək çətin deyil. Problem həm də bundan qaynaqlanır ki, sovet dövründə tikilmiş yaşayış binalarının bir çoxu istismar müddətini artıq başa vurub deyə, liftlər təzələnmir, yeniləri ilə əvəz olunmur. Necə deyərlər, cari təmir işləri aparılır, bu da müvəqqəti xarakter daşıyır, bir müddət sonra lift yenə xarab olur. MTK-ların inşa etdiyi binalarda isə lift problemi lifti quraşdırmış şirkətin bəzən yoxa çıxması səbəbindən baş verir. Binaların komendantları liftə cavabdehlik daşımalı olan şirkəti axtarsalar da, tapmırlar. Sakinlər də 10-15, hətta 20-22-ci mərtəbələrə payi-piyada düşüb-qalxmalı olurlar. Qısası, zülm, zillət! 

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında qeyd etdi ki, yaşayış binaları, yaşayış kompleksləri inşa edilərkən lift məsələsinə ciddi yanaşılmalıdır: 

- Xüsusən əgər bina çoxmərtəbəlidirsə, lift xidmətinin davamlı, fasiləsiz işləməsi təmin edilməlidir. Problem bundadır ki, binalar tikilərkən müxtəlif şirkətlərlə müqavilə imzalanır, hansısa şirkət binanın liftlə təminatını üzərinə götürür, lift quraşdırılır, şirkət də işini başa çatdırıb gedir. Bir müddət sonra liftdə nasazlıq yarandıqda isə həmin şirkəti təmir işinə cəlb etmək olmur. Bildirirlər ki, onların işi lifti quraşdırmaqdan ibarət idi, işlərini də yerinə yetiriblər. Amma belə olmamalıdır. 

Lifti quraşdırmış şirkət onun daimi fəaliyyətinə cavabdehlik daşımalıdır. Çünki bina sakinləri digər kommunal xidmətlərə görə ödəniş etdikləri kimi, lift xidmətinə görə də ödəniş edirlər. FHN qəza baş verəndə hadisə yerinə gəlir. Xarab olmuş lifti düzəltmək FHN-in işi deyil. Bina dövlət balansındadırsa, nasaz liftə cavabdeh Bakı Lift İdarəsidir. 

Bina özəl tikinti şirkətinindirsə, kooperativdirsə, o zaman Bakı Şəhər İcra Hakimiyyəti nəzdindəki müvafiq qurumla müqavilə bağlanmalı və liftlərin təhlükəsizliyinə, daimi fəaliyyətinə nəzarət olmalıdır. Sakinlərin təhlükəsizliyi bir nömrəli məsələdir.