Cəzalar heç də həmişə lazımi effekt vermir

Narkomaniyaya qarşı mübarizə dünyada əsasən iki istiqamətdə aparılır

"Mübarizə nə qədər güclənirsə, narkomaniya da əhatə dairəsini genişləndirməyə çalışır. Narkotacirlər sakit dayanmır, yeni-yeni yollar, vasitələr axtarırlar. Bu cinayətkar şəbəkəyə qarşı ictimai dirəniş də vacibdir"

   Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə daha ağır cəzaların tətbiqi təklif edilir. Bu, parlamentin dünən keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişikliklərdə əksini tapıb. Layihə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətlərindən biri kimi təklif edilir. 

Cinayət Qanununda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı nəzərdə tutan hüquqi normalar müəyyən edilir. Belə əməllər külli və xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiya nəzərdə tutulur. Eyni zamanda satış məqsədilə qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin, onların prekursorlarını əldə etmə, saxlama, hazırlama, habelə Cinayət Məcəlləsinin 235-ci, 237-ci və 240-cı maddələrində də nəzərdə tutulan əməllər xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiyanı nəzərdə tutan yeni maddələrin əlavə edilməsi təklif olunur. Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Cəzaların sərtləşdirilməsi narkomaniya ilə mübarizədə nə dərəcədə faydalı olacaq?  

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, narkomaniya ilə mübarizə dünyada əsasən 2 istiqamətdə aparılır: 

- Birincisi, narkotacirlərin, narkokuryerlərin qarşısının alınması, fəaliyyətinin məhdudlaşdırılması məqsədilə cəzalar sərtləşdirilməsidir. Çünki narkomaniya onların vasitəsilə geniş yayılır. İkincisi isə mübarizənin tibbi-sosial tərəfidir. Bura narkomaniyanın qarşısının alınmasında profilaktik tədbirlərin həyata keçirilməsi, geniş maarifləndirmə işlərinin aparılmasıdır. Bu da uyğun bir strategiyadır. Birinci istiqamət məlumdur. Cəzaların sərtləşdirilməsi narkotik maddələrin qanunusuz dövriyyəsi, saxlanması, satışı, yayılmasıyla məşğul olanların qarşısının kəsilməsində faydalı ola bilər. Lakin bu da məlumdur ki, cəzalar heç də həmişə lazımi effekt vermir. Ona görə ikinci istiqamətə də xüsusi diqqət ayrılmalıdır. Narkomaniyaya qarşı geniş müalicə şəbəkəsi yaradılmalıdır. Burada həm məsələnin tibbi tərəfi, həm də sosioloji tərəfi var. Narko-asılılıq yaranmış şəxslər  ciddi müalicə almalıdır. Həm də təkcə tibbi deyil, sosioloji müalicə də. Bu da ailələrin müalicə prosesinə qoşulması, ailənin, valideynin nəzarəti, şagirddirsə məktəbin, tələbədirsə ali məktəbin, təhsil müəssisəsinin nəzarəti, şəxsin normal, sağlam həyata qayıtması üçün müxtəlif sosial layihələrin, qabaqlayıcı tədbirlərin görülməsi, şəxsin problemlərinin, onun hansı səbəblərdən narkomaniyaya qurşandığının aşkarlanması kimi bir sıra vacib məqamları əhatə edir. Kompleks tədbirlər görülməsə, təkcə cəzaları sərtləşdirməklə, ya da tibbi müalicə ilə istənilən nəticə əldə edilməz. 

Ə.Nuriyev qeyd etdi ki, narkomaniya ilə mübarizədə transsərhəd əməkdaşlığına ehtiyac var: 

- Məlumdur ki, Azərbaycan ərazisinə narkotik vasitələr Əfqanıstan-İran xətti ilə daxil olur. Bu ölkələrlə Azərbaycanın istər gömrük, istərsə də hüquq-mühafizə orqanları arasında əməkdaşlıq var. Həmçinin transsərhəd əməkdaşlığının əhatəsi də genişlənməlidir.

 Azərbaycan dövləti öz sərhədlərini bərpa edib artıq. 30 ilə yaxın bir müddətdə nəzarətsiz qalan və erməni separatçılarının narkoticarət və narkotik maddələrin yetişdirilməsi məqsədilə istifadə etdiyi ərazilər işğaldan azad edilib və artıq dövlətimizin nəzarətindədir. Bu mənada transsərhəd əməkdaşlığının genişləndirilməsinə də ehtiyac var. 

Bilirsiz ki, hazırda müxtəlif narkotik maddələr, sintetik narkotiklər də dövriyyədədir. Mübarizə nə qədər güclənirsə, narkomaniya da əhatə dairəsini genişləndirməyə çalışır. Narkotacirlər sakit dayanmır, yeni-yeni yollar, vasitələr axtarırlar. Bu cinayətkar şəbəkəyə qarşı ictimai dirəniş də vacibdir. Bu işlər yalnız cəzalarla, maarifləndirmə ilə olmur. İctimaiyyətin dəstəyi çox önəmlidir.

  Hamımız bilməliyik ki, narkomaniya sabah bizim, ailəmizin də qapısını döyə bilər. Ailəmizin, övladlarımızın, bütövlükdə millətin sağlamlığını, genefondunu qorumaq üçün hər birimiz çalışıb ictimai dirəniş formalaşdırmalıyıq.