"Ümid edirəm ki, milli mətbuatın yubiley medalı layiq olanlara veriləcək" - Qulu Məhərrəmli

"Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı hazırlanacaq. Artıq, məsələ ilə bağlı qanun layihəsi Milli Məclisə daxil olub.
Qeyd edək ki, bu il Azərbaycanda milli mətbuatın yaranmasının 150 illiyidir.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli "Sherg.az"a deyib ki, bu hadisə mətbuatımızın keçdiyi şərəfli yolun tanınması və qiymətləndirilməsidir:


"Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə xüsusi yubiley medalının təsis edilməsi mühüm və simvolik hadisədir. Bu medal təkcə bir tarixi mərhələnin qeyd olunması deyil, həm də milli mətbuatımızın keçdiyi şərəfli yolun tanınması və qiymətləndirilməsidir. Xüsusilə, Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti Azərbaycan xalqının milli şüurunun və istiqlal ideyalarının formalaşmasına əhəmiyyətli təsir göstərib. "Əkinçi" ilə başlanan maarifçilik hərəkatı və mətbuat ənənəsi milli oyanışa və nəticə etibarilə müstəqilliyə yol açıb. Xatırlayaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə də xüsusi medal təsis edilmişdi. Təəssüf ki, belə ali mükafat layiq olmayan şəxslərə də təqdim olundu. Ümumiyyətlə, istənilən sahədə əməyin qiymətləndirilməsi və mükafatlandırma həmişə obyektiv olmur. Ümid edirəm ki, "Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalının verilməsində bu cür hallarla qarşılaşmarıq. Ancaq dediyim kimi belə təşəbbüsləri müsbət qiymətləndirmək lazımdır. Çünki milli mətbuatımızın 150 illik tarixi qeyd edilir və bu, Zərdabinin Azərbaycan mətbuatına verdiyi töhfələrin rəsmi şəkildə tanınması, eləcə də milli mətbuatın inkişafına verilən önəmin göstəricisidir".