"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.
Teleqraf xəbər verir ki, təlimin üçüncü günündə Əməkdar jurnalist, AZTV-nin Analitik qrupunun rəhbəri Faiq Hüsiyev müasir televiziyada yeni trendlər barədə danışıb.
Həmçinin Bakı Dövlət Universitetinin (BDU) "Azərbaycan dilçiliyi" kafedrasının dosenti Fikrət Şiriyev "Media dili: səhvlər, vərdişlər və məsuliyyət”, BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova isə “Televiziya, radio və ictimai çıxışlarda yol verilən tipik səhvlər - savadlı şifahi nitq: tələffüz, intonasiya və vurğu məsələləri” mövzusunda təlim keçiblər.
Qeyd edək ki, təlimlərin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir.
3 ay (2 ay Bakıda, 1 ay regionlarda) davam edəcək təlimlərdə televiziya və radio, və saytlarda çalışan 50-ə yaxın jurnalist, redaktor və aparıcı iştirak edəcək.
Sonda jurnalistlər arasında aparılan monitorinqin nəticələri açıqlanacaq. İştirakçılara sertifikat veriləcək.