Audiovizual Şura 2025-ci il ərzində ölkə üzrə yerli televiziya kanallarında yayımlanan proqramlar üzrə hesabatını təqdim edib.
Sherg.az xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb. Statistika televiziyalarımızın hazırkı mənzərəsini, proqram siyasətinin nəyin üzərində qurulduğunu ortaya qoyub. Məlum olub ki, televiziyalarımızda hələ də analitik-informasiya və şou proqramlara üstünlük verilir. Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsü belədir:
23,47 % - informasiya və analitik proqramlar
16,33 % - musiqi və əyləncəli proqramlar
15,90 % - idman proqramları
13,45 % - bədii filmlər və seriallar
10,90 % - reklam məzmunlu materiallar
8,04 % - mədəni-maarif janrında proqramlar
3,82 % - anonslar, elanlar
2,93 % - sosial yönümlü proqramlar
2,89 % - sənədli film və materiallar
1,17 % - sosial çarxlar
1,10 % - uşaq proqramları və cizgi filmləri
Göründüyü kimi yerli telekanallarda informasiya-analitik və musiqili-əyləncəli proqramlar öndədir. Sosial çarxlar cəmi 1,17 faiz, uşaq proqramları ondan da az yer tutur. Mədəni-maarif janrında proqramlara da az yer verilir. Reklam məzmunlu materiallar daha çoxdur nəinki sosial yönümlü proqramlar. Yəni, belə nəicəyə gəlmək olar ki, televiziyalarımızın gəliri şou proqramlar və reklamlardandır.