Qan Turalı: "Fanatizmə düçar olan şəxsin bir amalı yoxdur və o, məqsədsiz həyat sürür"
90-cı illərin əvvəllərində bizim gənclərimiz, xüsusən də qızlar “küçük Əmrah” üçün əldən-ayaqdan gedirdilər
Bloger Hüseyn Həsənov Bakıda fanatları ilə görüşüb. Görüşdə izdiham yaşanıb və bu görüntülər sosial şəbəkələrin gündəminə çevrilib. Döyən kim, döyülən kim, huşunu itirən kim. Yayılan videolardan ən səs-küylüsü isə bir nəfər şəxsin əlindəki alətlə insanları vurması olub. Minlərlə adamın heç bir istedadı, yaradıcılığı olmayan, sosial şəbəkələrdə oliqarx həyatını paylaşıb "fenomen"ə çevrilən Hüseyn Həsənov üçün əldən-ayaqdan getməsi ölkə ictimaiyyəti tərəfindən xoş qarşılanmayıb. Birini bəyənmək, sənətini, işini izləmək, lazım gəldiyində yaxşı mənada faydalanmaq da olar. Burada böyük bir qəbahət yoxdur.
Sadəcə, fanatlığın da həddi var. Bir də ki, aşırı fanatlıq var. Bu, fanatlıq deyil, acgözlükdür, görməmişlikdir.
Qeyd edək ki H.Həsənov Rusiyanın ən məşhur video blogeri hesab edilir. Sankt-Peterburqda Azərbaycan əsilli iş adamının ailəsində anadan olan blogerin valideynləri restoran biznesi ilə məşğuldurlar. Stend-up komediyaçısı kimi fəaliyyət göstərib, universiteti bitirdikdən sonra instaqram üçün videoçarxlar çəkib. Hüseyni hazırda instaqramda 21 milyondan çox insan izləyir.
Çox maraqlıdır, niyə bir blogerə bu qədər maraq var?
Yazar Qan Turalı “Şərq”ə açıqlamasında deyib ki, fanatlıq təfəkkür cılızlığıdır. İnsanları “onlar və biz”ə bölən ən vəhşi instinktdir:
“Həmişə olub və həmişə olacaq. Ona görə də bu hadisəni bu qədər şişirtməyə, sanki ilk dəfəymiş kimi heyrət etməyə ehtiyac görmürəm. Baş verənlərdə qeyri-adi heç nə yoxdur. Cəmiyyət olaraq yaddaşımız zəifdir deyə, aradan bir müddət keçəndə qarşılaşdığımız hadisəni sanki heç yaşamamışıq kimi reaksiya veririk. İlk dəfə deyil ki, biz hansısa məşhurla görüşdə bu cür izdiham yaranmasına şahidlik edirik. Zaman və pərəstiş edilən şəxs dəyişsə də təfəkkür eynidir.
90-cı illərin əvvəllərində bizim gənclərimiz, xüsusən də qızlar “küçük Əmrah” üçün əldən-ayaqdan gedirdilər. Əmrah Bakıya gələndə də onun fanatları arxasınca ora-bura qaçır, ona yaxınlaşmaq üçün hay-həşir salırdılar. Blogerlə görüş sosial şəbəkələrdə yayılandan sonra hamı başladı status paylaşmağa ki, ölkəmizdə nə qədər axmaq gənc varmış. Sanki dünənə qədər hamı Nobel mükafatı laureatı idi, nə bilim, Bethovenə qulaq asır, əlində romanla gəzirdi, Hüseyn Həsənov gələndən sonra onların varlığı üzə çıxdı?! Gənclərin blogerlərə fanatlıq etməsi müasir dövrün reallığıdır, bunu da təbii qarşılamaq lazımdır”.
Yazarın sözlərinə görə, əvvəllər futbolçuların, müğənnilərin, aktyorların, şairlərin fanatları olardı. Bütün dünyada var bu tendensiya:
“Tək bizim ölkə üçün xarakterik bir məsələ deyil. Bunu konsertlər zamanı zaldakı tamaşaçıların davranışlarında çox yaxşı müşahidə etmək mümkündür. Blogerlərə fanatlıq bir növ işsiz, təhsilsiz gənclərin məşğuliyyətidir.
Kənardan elə zənn olunur ki, blogerlərə fanatlıq edən şəxslər nə istədiklərini çox yaşı bilirlər. Amma əslində fikir versək, başa düşərik ki, fanatizmə düçar olan şəxsin bir amalı yoxdur və o, məqsədsiz həyat sürür. Kimisi dərd-qəmini unutmaq üçün bu insanların hər addımını izləyərək gününü keçirir.
Kimiləri də blogerlərin yediyi yemək, içdiyi su, yaşadığı ev, sürdüyü maşına görə onları izləyib onlar kimi olmağın xəyalını qurur.
Müasir dövrdə böyük ideyalar, fəlsəfələr, din və s. ideologiyalar öz əhəmiyyətini itirdiyi üçün bu boşluğu sosial media fenomenləri doldurur”.