"Çünki bu qurumda təmsil olunan mediatorlar tərəfsizdilər və cütlüklərdən heç birinin marağını güdmürlər"
Ədliyyə Nazirliyinin açıqlamasına görə, ilin ilk iki ayı ərzində boşanmaq istəyən 42 cütlük psixoloqların apardığı söhbət nəticəsində nikahın pozulmasından imtina edib.
Bunu müsbət tendensiya kimi dəyərləndirən sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında deyib ki, boşanmaq istəyən cütlüklərin iş məhkəməyə getmədən barışmasında ailə mediasiyasının danılmaz rolu var:
“Onlara müraciət edən ailələrin problemlərinin müzakirəsi zamanı nikahın pozulmaması üçün əllərindən gələni edirlər. Çünki bu qurumda təmsil olunan mediatorlar tərəfsizdilər və cütlüklərdən heç birinin marağını güdmürlər. Onlar birmənalı olaraq boşanmaq istəyən insanlarla danışıb, onların ayrılma səbəbini öyrənib ortaq məxrəci tapmaq üçün təlimatlandırılıblar. Təbii ki, ailədaxili mübahisələrdə mediatorun əsas işi tərəfləri barışdırmaq deyil. Tərəflərin barışması üçün onlara təklif edə bilər ki, ayrılmasınlar, barışsınlar, ailə münasibətlərini davam etdirsinlər. Amma tərəflər ayrılmaqda israrlıdırlarsa aralarındakı mübahisənin uşaqların da mənafeyi nəzərə alınmaqla, qarşılıqlı razılıq əsasında həllinə nail olmaqdır.
Maddi baxımdan hər kəsə əlçatan olması üçün mediasiyanın ödənişsiz olması daha çox ailələrin barışması ilə nəticələnə bilər. Bəzən tələb olunan məbləği ödəmək imkanında olmayan insanlar münasibətlər artıq tam korlananda məhkəməyə müraciət edir”.
L.Mehralının sözlərinə görə, məhkəmə çəkişməsi olan tərəflərin münasibətləri əvvəlki formada davam etmir: “Amma mediasiya bunun əksinə olaraq, az zaman sərf etməklə aralarında olan mübahisəni öz maraqları çərçivəsində, qarşı tərəfin maraqlarını nəzərə almaqla həll etmiş olur və qəbul etdikəri, icra edəcəkləri qərar öz qərarları olmaqla yanaşı, hər iki tərəf qalib olaraq münasibətlərini əvvəlki müstəvidə davam etdirirlər.
Yəni hakimlərdən fərqli olaraq, mediatorlar qanunvericiliyin hər hansı bir normasına əsaslanaraq qərar qəbul etmir, mübahisə tərəflərinə ziddiyyətlərin həlli üsullarının axtarılıb tapılmasında kömək edir. Mediasiya prosesi zamanı üçüncü tərəf yalnız mübahisə tərəflərinin sərbəst qərar qəbul etməsi üçün onlara köməklik göstərir. Tərəflər hər hansı bir mübahisənin həllində kömək almaq üçün üçüncü tərəfə müraciət edirlər, vasitəçi də ünsiyyətin yaxşılaşdırılmasına kömək edir və bununla da, tərəflər bir-birilərinin mövqeyini daha yaxşı anlayır və mübahisəni birlikdə həll etməyə hazır olurlar. Tərəflər digər həll yolundan və ya məhkəmələrdən fərqli olaraq, vaxta, pula qənaət edirlər, digər tərəflə münasibəti pozmurlar. Bu mənada ailə münasibətlərindən irəli gələn və digər münasibətlərlə əlaqəli olan mübahisələrin mediasiya qaydasında həllini cəmiyyətin sifarişi kimi dəyərləndirmək olar”.