Azərbaycanda yeni yaradılan assosiasiya kibercinayətkarlığa qarşı mübarizə imkanlarını daha da genişləndirəcək
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) yaradılıb.
Təşkilat kibertəhlükəsizlik sahəsində elmi-texniki nailiyyətlərin tətbiqinə dəstək verməsi ilə yanaşı, bu istiqmətdə maarifləndirmə və məlumatlandırmanın həyata keçirilməsinə dəstək verəcək.
Həmçinin Assosiasiya milli maraqların təbliğat və dezinformasiya fəaliyyətinə qarşı mübarizədə müvafiq təkliflərin verilməsi və bu istiqamətdə görülən işlərin əlaqləndirilməsini təmin edəcək.
Qurumun yaradılmasında əsas təşəbbüskar, ölkədə kibertəhlükəsizliyə cavabdeh Dövlət Təhlükəsizlik Xidmətidir.
Ölkənin milli maraqlarının qorunmasında Kibertəhlükəsizlik önəmli yerlərdən birini tutur. Bütün dünyada olduğu kimi ölkəmizdə də kibercinayətkarlığa qarşı mübarizə tədbirlərinin genişləndirilməsi təqdirəlayiq haldır. Real həyatda təhlükəsizliyimizin önəmli olması kimi virtual aləmdə də bu, ən önəmli məsələlərdən biridir.
Assosiasiyanın yaradılmasını müsbət dəyərləndirən ekspertlər hesab edirlər ki, qurum kiber təhdidlərin qarşısının alınmasında, ölkənin kiber mühitinin dayanıqlığında və inkişafında mühüm rol oynayacaq. Yeni assosiasiya kibertəhlükəsizliyin gücləndirilməsi üçün səmərəli bir platforma olacaq.
Azərbaycanda artıq bir çox sahələrin internetə inteqrasiya olunduğunu vurğulayan Azərbaycan İnternet Forumunun prezidenti, İKT mütəxəssisi Osman Gündüzün “Şərq”ə açıqlamasına görə, müasir dünyada informasiya sistemlərinin qorunması mühüm əhəmiyyət kəsb edir:
“Azərbaycan kibercinayətkarlıqla bağlı konvensiyalara da qoşulub. Kiberhücumlarla bağlı problemlər bütün dünyada yaşanır. Müxtəlif ölkələrdə dövlət qurumlarının informasiya sistemi dağıdılaraq məlumatlar oğurlanır. Son dövrlər ölkəmizdə də belə neqativ halların qarşısını almaq üçün mübarizə tədbirləri gücləndirilib. Azərbaycanda yeni yaradılan assosiasiya kibercinayətkarlığa qarşı mübarizə imkanlarını daha da genişləndirəcək. Assosiasiya bu sahədə yeni təkliflərin hazırlanıb hökumətə təqdim edilməsində mühüm rol oynayacaq. Yeni qurum ən son texnoloji yenilikləri tətbiq edəcək”.
O. Gündüzün sözlərinə görə, əvvəllər DTX əsasən kibercinayətkarlıqla mübarizə istiqamətində fəaliyyətə üstünlük verirdi. İndi görünür ki, DTX kiber mühitdəki fəaliyyətini genişləndirəcək:
“Yəni yalnız kibercinayətkarlıqla deyil, kritik infrastruktura daxil olan dövlət və özəl sektorun kibertəhlükəsizlik məsələlərinə də nəzarət edəcək. Əvvəllər dövlət sektorunda kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə bağlı məsələlər daha çox Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kurasiyasında olub. Bu qurum həm də Prezident fərmanı ilə yaradılan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının fəaliyyətini də istiqamətləndirir. Deməli, bundan sonra dövlət tərəfindən kibertəhlükəsizliklə bağlı əsas resurslar DTX-ya yönəldiləcək və hər iki sektorda kibertəhlükəsizliklə bağlı məsələlərdə DTX-nin rolu xeyli artacaq. Deməli, artan və artması proqnozlaşdırılan kiber təhdidlərlə bağlı, kibertəhlükəsizliklə bağlı məsələ, ən yüksək səviyyədə, dövlət başçısı səviyyəsində nəzarətə götürülüb və bu sahə ilə bağlı fəaliyyətin kurasiyası DTX-yə tapşırılıb. Hökumət kibertəhlükəsizlik sahəsini dövlət təhlükəsizliyinin əsas prioriteti olaraq qəbul edir və qarşıdakı illərdə bu sektorda ciddi problemlərin ola biləcəyini proqnozlaşdırıb”.
Ekspert hesab edir ki, DTX ölkənin kibertəhlükəsizlik sahəsində çalışanların bir arada toplanmasında, onların resurslarından dövlətin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün istifadə edilməsində maraqlıdır və bu məqsədlə də AKTA qurumunun yaradılması təşəbbüsünü irəli sürüb:
“Əgər kritik infrastrukturun kibertəhlükəsizliyi də DTX-də olacaqsa, qurumun peşəkar kadrlara ciddi ehtiyacı olacaq. Güman etmək olar ki, bu məqsədlə qurum AKTA-nın resurslarından istifadəni və peşəkar kadrlar yetişdirməyi nəzərdə tutur.
Bu sahədə bizdə problemlər çoxdur. Qanunvericilik təkmilləşməlidir. Kritik resursların ciddi İT auditi keçirilməlidir. İstifadə olunan avadanlıqlara və proqram təminatlarına qarşı vahid standartlar olmalıdır. Milli resursların və milli kadrların hazırlanmasına üstünlük verilməlidir.
Bu baxımdan peşəkarlardan ibarət Assosiasiyanın formalaşdırılması təşəbbüsü təqdirəlayiqdir. Assosiasiyadan gözləntilərimiz çoxdur. Biznesin öz biznes maraqları da var.
AKTA isə ictimai qurumdur, necə deyərlər, QHT-dir. Təcrübə isə göstərir ki, ictimai sektorda çalışmaq, vuruşmaq böyük enerji və prinsipiallıq, böyük də resurslar tələb edir.
İnanıram ki, AKTA ölkəmizin kiber ekosisteminin inkişafı və dayanıqlığı istiqamətində ciddi töhfələr verəcək”.