Uşaqların intiharının birdən-birə artması səbəbləri öyrənilməlidir
Əks halda, bu, daha pis və ciddi tendensiyalara gətirib çıxara bilər
Bakıda 8 yaşlı uşaq özünü asıb. Hadisə paytaxtın Nəsimi rayonu Naxçıvani küçəsi ev 36-da qeydə alınıb. İntihar edənin azyaşlı olduğu bildirilir.
İntihar edən İran vətəndaşıdır və onun 8 yaşı var. Belə ki, 2014-cü il təvəllüdlü Ruin Tən Nəmin Kənan İləc yaşadığı evdə özünü asıb.
8 yaşlı uşağın nədən belə bir addım atması hələlik məlum deyil.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
8 yaşlı uşaq özünü niyə assın? Bu yaşda adam intiharın nə demək olduğunu dərk edirmi?
Ekspertlərin fikrincə, 8 yaşlı bir uşağın böyük adam kimi kəndirdən ilgək düzəldib onu boynuna keçirməsi nə fiziki, nə də psixoloji baxımdan mümkün deyil.
Psixoloq Könül Telmanqızının “Şərq”ə verdiyi açıqlamaya görə, 8 yaşlı uşağın şüuru bilərəkdən intihar edəcək və özünü asacaq səviyyədə deyil. Hüquq-mühafizə orqanları hadisəni dərindən araşdırmalıdır. Hansı tərəfdən baxsaq azyaşlı uşağın özünü iplə asması inandırıcı deyil:
“Bəli, bu yaşlardakı uşaqlar sinif yoldaşları ilə aralarında yaşanan hər hansı bir mübahisədən sonra psixoloji travma ala, özünə qapana bilər. Mənə müraciət edən pasiyentlər fonunda da deyə bilərəm ki, son zamanlar məktəblərdə uşaqların bir-birinə qarşı aqressiv və yaşlarına uyğun olmayan münasibət sərgiləməsi faktları çoxalıb. Bilmirəm ailələrdən qaynaqlanır, yoxsa mühit korlanıb.
Valideynlərə tövsiyə edirəm ki, uşağı onun problemlərini başa düşməyə, probleminin həllinə kömək etməyə hazır olduqlarına inandırsınlar. Valideynlər indiki zamanda uşaqlarına daha yaxın olmalı, onların problemləriylə maraqlanmalı, qapalı olmalarına imkan verməməli, övladları ilə dostlaşmalıdırlar. Uşaqların yetişdirilməsi çətin və kompleks bir işdir. Bu məsələdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Adətən diqqət çəkmək, daim sevilmək istəyən uşaqlar intihara meyilli olur. Onlar düşünür ki, bəlkə nəsə olsa, ölsə, hər kəs onun haqqında danışacaq, hər kəs onu dinləyəcək. Amma bu da yetkinlik yaşında olan uşaqlar üçün keçərlidir. Əgər 8 yaşlı uşaq cinayət hadisəsinin qurbanı deyil, intiharın qurbanıdırsa, bu zaman valideynlər daha diqqətli olmalıdır. Uşağın son günlər hərəkət və davranışlarına əsasən intihar səbəbini tapmaq olar. Daxili sıxıntısı olan uşaq evdə bunu mütləq büruzə verir və diqqətli valideyn bunu hiss edə bilir. Ancaq araşdırma heç bir problem olmadığını sübut edirsə, problemi evin içində və ya valideyn münasibətində axtarmaq lazımdır”.
Psixoloqun sözlərinə görə, 8 yaşlı uşağın şüur altında intihar düşüncəsi formalaşmır. Özünü öldürmək fikirləri o yaşda uşaq psixologiyası üçün yad bir anlayışdır: “Sadəcə olaraq bu yaşda olan uşaqlar izlədiyi filmlərin, intiharla bağlı baxdığı video-roliklərin, kompüter oyunlarının təsirinə düşə bilər və özünü oradakı qəhrəmanlara bənzətmək məqsədilə həyata keçirə bilər. Bunu isə özünü öldürmək yox, sadəcə, oyun məqsədi ilə edə bilər. Amma konkret olaraq 8 yaşlı uşaqlar ekrandan izləsə belə fiziki baxımdan özünü iplə asa bilməz. İntihar planı qurmaq, ipi təşkil edib özünü asmaq bu yaş üçün heç cür inandırıcı deyil. Ən azı bunun üçün uşağın 12-13 yaşı olmalıdır ki, onun şüuru bu səviyyəyə qalxsın.
Ona görə, bu hadisəyə birmənalı münasibət bildirməkdə çətinlik çəkirəm. Hər nə qədər 8 yaşındakı uşaq sinif yoldaşı ilə arasındakı münasibətdən təsirlənsə belə heç vaxt gedib özünü öldürməz. Ümumiyyətlə, 8 yaşlı uşağın intihara əl atması çox nadir hallarda rast gəlinən bir hadisədir. 8 yaşında uşaq hələ dünyanı və ölümü dərk edə bilmir".
Psixoloq Azad İsazadənin sözlərinə görə, yetkinlik yaşına çatmamış uşaqların intihar etməsi ilə bağlı ən ciddi məsələ sözügedən problemin başvermə səbəblərini araşdıran heç bir qurumun olmamasıdır:
"Sözsüz ki, intiharın səbəbləri fərdlərin yaş qrupundan asılı olaraq fərqlənir. Lakin Azərbaycanda birdən-birə yeniyetmə uşaqların intiharlarının artma səbəbləri ciddi şəkildə araşdırılmalıdır, əks halda, bu, daha pis və ciddi tendensiyalara gətirib çıxara bilər”.
A.İsazadə uşaq intiharlarının səbəbləri ilə polisdən başqa hər hansı bir qurumun məşğul olmadığını deyib: "Əslində bu problemlə bağlı sosioloqlar, psixoloqlar, müəllimlər və xüsusi institutlar ciddi şəkildə məşğul olmalıdır. İntiharların başvermə səbəbləri intihar edən şəxsin regionlarda, kənd və şəhərdə yaşamasından, insanların hansı yaşda olmasından asılı olaraq fərqlənir. Deyilən amillər ciddi şəkildə araşdırılmalı olduğu halda, bununla bağlı heç kəs maraqlanmır”.
Psixoloq onu da bildirib ki, 18 yaşına qədər uşaqlar adətən maksimalist olurlar və onlar üçün orta rəng yoxdur: "Onlar üçün hər şey ya yaxşıdır, ya da ki, pisdir. Hər şey onlar üçün pis olan kimi dərhal ümidlərini itirirlər və radikal hərəkətlərə əl atırlar”.