"Ailə quranda ən azı 3 il uşaq haqqında düşünmək lazım deyil"
Mediator Fərhad Mehdiyev: "Bu gün insanlarımız üçün artıq ailə həyatı müqəddəs deyil. Onlar üçün vacib və dəyərli olan şəxsi həyatlarıdır"
Cəmiyyətin bu gün ən çox müzakirə etdiyi mövzulardan biri boşanmalardır. Hamı problemdən danışır, həll yolunu göstərən isə demək olar ki, yoxdur. Bir zamanlar ailələrin daha çox qayınana-gəlin, gəlin-baldız münasibətlərinə görə dağıldığını desələr də indi bu kimi səbəblər tarixə qovuşur.
Azərbaycanda hər saatda 1-2 cütlük boşanır. Bu, dəhşətli rəqəmdir. Rəsmi rəqəmlərə görə, son 2 ayda ölkədə 2505 boşanma qeydə alınıb. Bu isə günə 42 boşanma deməkdir. Səbəblər çoxdur, nəticə isə sadəcə olaraq faciədir... Belə getsə, bir neçə ilə ölkədə ailə institutu deyilən bir anlayış qalmayacaq! Bu rəqəmlər artıq SOS siqnalıdır.
Ailələrin boşanma səbəbi, burada rol oynayan əsas faktorlarla bağlı “Şərq”ə müsahibə verən beynəlxalq hüquqşünas, mediator Fərhad Mehdiyev hesab edir ki,
gənclər evliliyə hazır olmadan bu yola girirlər. Ailə həyatının gətirdiyi çətinlikləri bilmədən, evliliyin məsuliyyətini dərk etmədən nikah bağlayırlar. Halbuki evlənməzdən əvvəl 3 dəfə düşünüb, "bir az daha gözləyim" demək lazımdır. Əvvəla evlənən tərəflər həm özlərini və evlilikdən nə gözlədiklərini, həm də qarşı tərəfi və onun evlilikdən nə gözlədiyini başa düşməlidir və qarşı tərəfə başa salmalıdır.
Kişilər bilməlidir ki, evlənmək istədikləri qadına qarşı duyduqları ehtiras keçicidir və ilk mətbəx "razborka"sından sonra sona çata bilər, bu səbəblə də onu həmin qadına bağlayan digər mənəvi, dünyagörüşü və kültür bağlarının olub-olmadığını yoxlamalıdır.
Sosial-iqtisadi şərait dəyişib. Heç nə əvvəlki kimi deyil. Azərbaycan xalqının mentaliteti əvvəlki ailə müəssisəsinə uyğundur. Reallıqda isə şahidi olduğumuz mənzərə tamam fərqlidir. Artıq insanlarımız rahat şəkildə bir-biriləri ilə ünsiyyətə girib, rahat şəkildə yeni tanışlıqlar əldə edirlər. Bunun özü də ailə bağlarını zəiflədən səbəblərdən biridir. Yəni hər iki tərəf düşünür ki, evləndiyi şəxslə xoşbəxt ola bilməsə, boşanıb başqa biri ilə münasibətdə olacaq. Yəni insanlarımız üçün artıq ailə həyatı müqəddəs deyil. Onlar üçün vacib və dəyərli olan şəxsi həyatlarıdır. Qarşı tərəfin istəkləri, evlilikdən gözləntiləri ümumiyyətlə maraqlandırmır.
Adətən bəylərimiz yeni tanışlıq, sevgililik müddətində qadınlara daha çox diqqət və qayğı göstərir, onlara qarşı sevgi dolu olurlar. Ailə həyatı qurandan sonra isə evləndiyi qadına qarşı marağı azalır. Qadın isə əvvəlki münasibəti axtarır, ərindən diqqət və qayğı gözləyir. Evləndiyi şəxs tərəfindən əvvəlki kimi arzulanmadığını görən qadın da bir müddət sonra həmin kişidən soyuyur və başqa insanla xoşbəxt olacağına inanır. Yeni münasibətlər axtarışına çıxır.
- Deməli, ailələrin sürətlə dağılma səbəbi xəyanətdir?
- Əvvəllər də xəyanət olurdu. Amma yeni bir münasibət qurmaq, başqaları ilə tanış olmaq bu qədər asan deyildi. Bu münasibətlər xəyanətlə nəticələnməyə də bilir. Sadəcə, tərəflərin seçim imkanlarını artırır. Cütlüklərin boşandıqdan sonra tək qalmaq, sevgisiz qalmaq kimi bir qorxuları olmur. Başqasını tapacağına əmin olur.
Gənclər ailə quranda qalıcı olub-olmayacağına əhəmiyyət vermirlər. Bu çox vacib məsələdir. Onlar sadəcə münasibət qurmaq istəyirlər. Həmin münasibətin nə qədər davam edəcəyi maraqlı deyil.
- Boşanma nisbətinin artmasında internet və sosial şəbəkələrin xüsusi rolu var?
- Seçim imkanlarının artmasında birbaşa sosial şəbəkələrin rolu var. Cütlüklərimiz bir-birini itirməkdən qorxmur. Bir-biri ilə münasibətləri korlananda aralarındakı problemlərin həllinə çalışmaq əvəzinə arzuladığı münasibəti kənarda axtarmağa çalışır. İnternetin əlçatan olmadığı vaxtlarda boşanmış bir qadının, yaxud kişinin qısa müddətdə başqası ilə tanış olması mümkün deyildi. Ona görə də tərəflər ailəsini qorumağa, münasibətlərini qoruyub saxlamağa çalışırdı.
- Bəs, kənar müdaxilələrin nə dərəcə təsiri var?
- Bu problem hər zaman olub, var və daim olacaq. Amma bu müdaxilələr boşanmaya sadəcə olaraq təkan verir. Ailədə hər şey qaydasındadırsa, hörmət, sevgi varsa, belə ailəni dağıtmaq çətin olur.
Boşanmaların bir səbəbi də maddi sıxıntılardır. Ailələr bir-birinə ülvi hisslərlə bağlanmayanda maddi səbəblər önə çıxır. Ərindən arzuladığı diqqət və qayğını görə bilməyən qadın ona pul xərclətməklə daxili boşluğunu doldurur. Kafe-restoranlara getmək, bahalı geyimlər, bəzək əşyaları aldırır. Bunlarla xoşbəxt olan qadınları ərinin ondan soyuması, ona qarşı sevgisinin azalması maraqlandırmır. Maddi imkanı zəif olan ailələrdə isə kişilər qadına bu şəraiti yarada bilmir deyə aradakı soyuqluq tez gözə çarpır. Başqa səbəblər də var, saymaqla bitmir.
Odur ki, evlənməyə qərar vermədən əvvəl, çox çox düşünmək, tələsməmək lazımdır. Ən əsası isə evliliyin ilk 3 ilində də uşaq sahibi olmaqdan çəkinmək lazımdır.
- Niyə məhz üç il?
- 3 il müddətində bir evdə yaşayan insanlar artıq bir- birilərini tanıyır. Ailə olmaq üçün uyğun cütlük olub- olmadıqlarını ayırd edirlər. Cütlüyün bir-birini mənəvi, əqli cəhətdən tanıması kimi, fiziki cəhətdən tanıması üçün bu müddət vacib məsələdir. Bizim cəmiyyətdə nikahdan əvvəl gənclərin bir yerdə yaşamaq seçimi olmur. Evlənən kimi də övlad sahibi olan ailələrdə mövcud problemlər dərinləşir. Əgər cütlüklərin xarakteri uyğunlaşmırsa və onlar ayrılmaq istəyirlərsə, uşaq hər iki tərəf üçün ciddi başağrısı olur. Ona görə həmişə ətrafımdakı gənclərə tövsiyə edirəm ki, ailə quranda 3 ildən tez uşaq haqqında düşünməyin. Nə zaman ki, evləndiyiniz adamın sizin birlikdə yaşamaq istədiyiniz adam olduğuna qərar verəcəksiz, o zaman artıq uşaq haqqında düşünə bilərsiniz.
- Boşanmaq üçün Mediasiyaya müraciət edən cütlüklər arasında iş məhkəməyə getmədən barışanlar olur?
- Bəli, amma çox az sayda. Boşanma mərhələsinə qədər gələn cütlüklər mediatorla söhbətdən sonra barışsalar belə bir müddət sonra yenidən boşanırlar. 100-dən çox boşanma işinə baxmışam, cəmisi 5 barışıq olub və hələ də evlilikləri davam edir. Mediator tərəflərlə söhbət aparan zaman bilir ki, həmin ailəni qoruyub saxlamaq olar, yoxsa yox. Bu məsələdə çox həssasam və heç vaxt səhv etmirəm. Barışdırdığım 5 ailə xaric yerdə qalan müraciətlərdə baxdım ki, artıq bizə müraciət edənə qədər bu insanlar arasındakı münasibətlər bitib. Evliliyin təməli sarsılıb.
- Uzun zamandır boşanma hallarının sayının azalması üçün müəyyən maarifləndirmə işləri həyata keçirilsə də, rəqəmlərdən göründüyü kimi, nəticə olmayıb. Sizcə, boşanmaların qarşısını almaq üçün ilk növbədə hansı addım atılmalıdır?
- Bəlkə də fikirlərim ictimai rəydə birmənalı qarşılanmayacaq. Düşünürəm ki, evlənmə qaydalarını çətinləşdirmək yox, mürəkkəbləşdirmək lazımdı. Nikaha daxil olmaq istəyən şəxslər ərizə verdikləri gündən 1 ay sonra evlənirlər. Bu müddəti uzatmaq lazımdır. Qanunvericilikdə nikaha daxil olmaq istəyən gənclərin tibbi müayinəsi ilə bağlı müddəalar da öz əksini tapıb. Psixoloji müayinələrlə bağlı da müəyyən düzəlişlər edilməlidir. Xasiyyət, dünyagörüşü uyğunluğu yoxlanılmalıdır.
Əslində bu dediklərim də problemdən tam çıxış yolu deyil. Çünki bizdə toydan sonra nikaha daxil olmaq üçün müraciət edən cütlüklərin də sayı “n” qədərdir. Xüsusən də rayon yerlərində toydan bir neçə ay, bəzən isə uşaq doğulandan sonra rəsmi nikaha daxil olan cütlüklər var. Evlənmə prosedurları çətinləşəndə insanlar bu müddəti vaxt itkisi hesab edərək kəbin kəsdirib toyla evlənəcəklər. Artıq bir yerdə yaşadıqları zaman rəsmi nikaha daxil olmaq üçün müvafiq qurumlara müraciət edəcəklər. Bu mərhələdə isə ayrılıq qərarı alsalar rəsmi nikahlarının olmaması onlar üçün problem yaradacaq. Xüsusən də qadınların əmlakdan istifadə haqları pozulacaq. Gördüyünüz kimi ailə münasibətlərində, boşanmalarda o qədər ciddi problemlər var ki, hansı tərəfə çəksək bir “əmma” tapılır.