2 il həbsdə yatdı, təqsirsiz olduğu üzə çıxdı


Bəraət almış şəxsə 2 il 6 ay müddətində məhrum olduğu əmək haqqı verilməlidir

"İstintaq orqanları bilərəkdən bu qanunsuzluğa göz yumub. Kimin hansı ifadə verməsindən asılı olmayaraq bu qəzanı detallı araşdırmaq və əsl cinayətkarı ifşa etmək  istintaq orqanlarının başlıca vəzifəsidir"

Lənkəran sakini Nurlan Ağazadə 2 il 6 ay həbsdə saxlanandan sonra təqsirsiz olduğu üzə çıxıb. 2019-cu ilin noyabrından həbsdə olan 30 yaşlı Ağazadə aprelin 25-də Bakı Apellyasiya Məhkəməsində azadlığa buraxılıb. Belə ki, Bakıda tikintidə fəhlə işləyən Nurlan ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunub. İddia edilib ki, o, hadisəni törədəndən sonra qaçıb və maşınla vurduğu 32 yaşlı qadın ölüb. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 7 il 6 ay həbs cəzası verib.

N. Ağazadə məhkəmədə  qəzanın əmisi tərəfindən törədildiyini, lakin əmisinin xahişi ilə qəzanı üzərinə götürdüyün bildirib. Əmisi ona azyaşlı övladlarının olduğunu, evə ondan başqa qazanc gətirənin olmadığını deyərək, bu işi öz üzərinə götürməsini istəyib. Əmisi ona  söz verib ki, nəyi varsa, satacaq və onun həbsdə qalmasına imkan verməyəcək. N. Ağazadə  Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən, sürücülük vəsiqəsi belə olmadığını, hadisə baş verəndə iş yerində olduğunu deyib. 

Tikintinin icraçısı Qoşqar Sultanov da hadisə vaxtı Nurlanın tikintidə olduğunu təsdiqləyib: "Dedi ki, əmimin balası var, bu işi boynuma götürəcəm. Danladım, xeyri olmadı".

Nurlan Ağazadənin vəkili Yeganə Məmmədova  müvəkkilinin 2 il 6 ay günahsız həbsdə saxlanmasıyla əlaqədar kompensasiya almaq üçün məhkəməyə müraciət edəcəklərini bildirib. 

Məsələ ilə bağlı “Şərq”ə açıqlama verən  hüquqşünas, vəkil Adəm Məmmədov isə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində  bəraət almış şəxsin hüquqları ilə bağlı ayrıca bəndlər olduğunu deyib. Onun sözlərinə görə, cinayət prosesinin gedişində haqqında məhkəmənin bəraət hökmü çıxarılmış şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir: 

“Bəraət almış şəxslər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş mənəvi, fiziki və maddi ziyanın ödənilməsi hüququna malikdirlər. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Ona vurulan maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
Bəraət almış şəxsə 2 il 6 ay müddətində məhrum olduğu əmək haqqı verilməlidir. Qanunvericilik bu şəxslərin vurulmuş ziyanın ödənilməsi ilə bağlı digər hüquqlarının da bərpasını təsbit edir. Həmin hüquqlara əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq  aiddir. Ən azından  iş yerini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası tələb olunmalıdır”.

A.Məmmədovun sözlərinə görə,  Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 126.6 maddəsinə görə cinayət sübutlarla təsdiq olunmalıdır. Cinayət məcmu halda təsdiqini tapmalıdır. Şəxsin cinayət törətməsini etiraf etməsi  onun təqsirli olmasına dəlalət etmir. Onun hərəkəti sübutlarla təsdiqini tapmalıdır:

“Bu cinayət işində istintaq orqanlarının səhlənkarlıq etdiyi ortadadır. Təqsirləndirilən şəxsin etirafından sonra hadisə yerində araşdırma aparılmalı, sükan arxasında olan şəxsin kimliyi müəyyənləşdirilməli idi.  Qəzanın baş verdiyi ərazidə videogörüntü olmasa belə, hadisədən 5-10 dəqiqə əvvəl  hansısa müşahidə kamerasının altından keçməsinə  baxmaq lazım idi.  Qəza zamanı sükan arxasında əminin, oğlanın isə eyni saatlarda işdə olduğunu müəyyən etmək o qədər də çətin bir proses deyil. Deməli, istintaq orqanları bilərəkdən  bu qanunsuzluğa göz yumub. Kimin hansı ifadə verməsindən asılı olmayaraq bu qəzanı detallı araşdırmaq və əsl cinayətkarı ifşa etmək  istintaq orqanlarının başlıca vəzifəsidir. Mən bu hadisədə korrupsiya elementlərinin olmasını da istisna etmirəm. Müstəntiq hadisənin mahiyyətini araşdırmadan təqsirləndirilən şəxs haqqında necə  hökm çıxarılıb. Qanunvericiliyə görə, həqiqətə nailolma və sübutetmə istintaqın vəzifəsidir”.