Əlinizdə hər iki ölkənin mütləq sənədi olmalıdır
"Qadınlarımız əcnəbi vətəndaşla nikah bağlamaq istəyirsə, ilk növbədə həmin ölkənin səfirliyinə, yaxud diplomatik nümayəndəliyinə sorğu ilə müraciət edib, lazımi məlumatlara malik ola bilər"
Yazar Şəbnəm Bəkirzadə Qarslı feysbuk hesabında Türkiyə vətəndaşı ilə evlənmək arzusunda olan xanımlarımıza müraciət edib.
Ş.Qarslı öz müraciətində çox böyük təəssüf hissi ilə bizim gözəl, ağıllı və təhsilli xanımlarımızın belə Türkiyə eşqinə rəsmi nikah bağlamadan tanımadıqları insanlara qoşulub getdiklərini yazıb. Sonradan isə onların oturma izni, nikah, övladını Azərbaycana apara bilməmə kimi problemlə üzləşdiklərini, köməyə möhtac durumda qaldıqlarına dair xəbərlər aldıqlarını qeyd edib: “Əvvəla siz siz olun, Bakıda rəsmi nikaha girin. Rəsmi nikah üçün tələb olunan sənədləri bəzi evlilər və ya boşanmışlar gətirmək istəmirlər, çünki orada bütün detallar qeyd olunur. Adamın həqiqətən subay olduğunu bilməyinizin tək yolu o sənəddir. “Səadət” sarayında nikah bağlayıb Türkiyə səfirliyində təsdiqlədin. Əlinizdə hər iki ölkənin sənədi olsun: evlilik cüzdanı və nikah şəhadətnaməsi. Bir də ki, Türkiyəyə gəldiyiniz gündən oturma izni alın. Qaçaq yaşamayın. Həyatdır, ayrılmaq istəsəniz, sizi deport edər, uşaqlarınız əlinizdən alınar”.
Qeyd edək ki, Şəbnəm xanımın bu müraciəti ilk deyil. Ortada yüzlərlə acı nəticə, faciələr var, amma heç kəs "gözü çıxmış qardaş”ından dərs almır. Keçirilən maarifləndirici tədbirlər, aparılan araşdırmalar, aşkara çıxarılan dramlar da bir nəticə vermir. Əcnəbi oğlana ərə getmək xülyasında olan qızlarımız sanki bütün xəbərdarlıqlara gözlərini yumub, qulaqlarını da tutub.
Onlar dərk edə bilmir ki, internet, televiziya vasitəsilə xaricdəki həyat haqda təsəvvürlər, əcnəbi bəylərin sözləri bəzən onları yanlış istiqamətə yönəldir. Yanlış seçim isə onların həyatı bahasına başa gəlir.
İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas İradə Cavadovanın “Şərq”ə açıqlamasına görə, əksər hallarda xanımlarımız bu cür yanlışlığı öz razılığı ilə etdiyi üçün onlara kömək etmək mümkün olmur.
Hüquqşünas hesab edir ki, qadınlar ailə quran zaman rəsmi nikah məsələsini mütləq şəkildə tələb etməlidir. Xüsusilə də əcnəbi vətəndaşlarla evlənən qızlarımız üçün rəsmi nikah şərt olmalıdır:
"Qadınlarımız əcnəbi vətəndaşla nikah bağlamaq istəyirsə, ilk növbədə həmin ölkənin səfirliyinə, yaxud diplomatik nümayəndəliyinə sorğu ilə müraciət edib, lazımi məlumatlara malik ola bilər. Nikah bağlamağa hazırlaşdıqları şəxslə bağlı səfirliklərə müraciət edib onun cinayət törətmiş, yaxud cinayətə meyilli adam olub-olmadığı barədə məlumatlar əldə etmək mümkündür.
Əcnəbi şəxslərlə Azərbaycan vətəndaşları ailə qurduqda, bu, Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Ona görə də Azərbaycan vətəndaşları üçün hüquqi cəhətdən bir sıra problemlər yarana bilər. Çünki əcnəbi şəxsin başqa şəxslərlə rəsmi nikahda olub-olmamasını müəyyənləşdirmək çətindir. Bəlkə həmin şəxs elə evlidir? Türkiyədə, yaxud da başqa bir xarici ölkədə ailəsi var? Axı bütün bunları dəqiqləşdirmədən qızlarımız niyə əcnəbilərə qoşulub gedirlər? Bir halda ki, hər hansı bir əcnəbi şəxs haqqında səfirliklər məlumat verir, onu araşdırmaq nə çətin işdir ki?
Amma çox təəssüflər olsun ki, qadınların əksəriyyəti insanı tanımadan, bilmədən ailə qurur, evlənir, övlad sahibi olur, sonradan da bir çox problemlərlə üzləşmək məcburiyyətində qalır. Ümumiyyətlə, ailə qurarkən tərəflər bir-biri ilə bağlı mümkün qədər çox məlumat əldə etməlidirlər. Xüsusən də bu, əcnəbilərə aiddir. Biri-birini tanıyan, qohumluq bağları olan adamlar da evlənir, sonra problemlər üzə çıxır. Amma bir halda ki, xarici ölkənin vətəndaşı ilə ailə qurmağa hazırlaşırsan, xüsusilə ehtiyatlı olmalı və şəxs haqqında ətraflı məlumatlara sahib olmalısan. Qadınlarımız da, kişilərimiz də ehtiyatlı olsunlar. Şəxsə yaxşı bələd olmadan ailə qurmağa tələsməsinlər”.
Hüquqşünas hesab edir ki, qadınlarımız rəsmi nikaha daxil olmadıqlarından vətəndaş nikahında yaşadıqları insan barəsində heç bir məlumat əldə edə bilmirlər:
"Əgər qadınlarımız evliliyə ciddi yanaşsalar, onlara birgə yaşayış təklif edən adamla rəsmi nikaha daxil olsalar, həmin şəxs barəsində dolğun məlumat əldə edərlər”.