Ailə münaqişələri uşaqlara keçib

Adətən intihar hadisələrində əsas səbəblər açıqlanmır

"Bəzən ailələr bilərəkdən bunu edir, bəzən də aidiyyəti orqanlar hadisə ilə bağlı araşdırma aparıb reallığı üzə çıxarmağın marağında olmur"

"17 yaşlı bir tələbənin intihar etmə səbəbi imtahan nəticəsindən daha çox sevgi və ailə münaqişəsi ola bilər"


Bakı şəhər sakini, 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasından özünü atıb.
O, eyvanın altında dayanan, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşüb. Nəticədə X.Babayeva hadisə yerində ölüb, Z.Niyazov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.

Gənc qızın intihar səbəblərini dəyərləndirən psixoloq Azad İsazadənin “Şərq”ə açıqlamasına görə, intihar edən qızın imtahanda zəif nəticə göstərməsi səbəbindən özünə qəsd etməsi ilkin versiyadı. Adətən baş verən intihar hadisələrində əsas səbəblər açıqlanmır: 

“Bəzən ailələr bilərəkdən bunu edir, bəzən də aidiyyəti orqanlar hadisə ilə bağlı araşdırma aparıb reallığı üzə çıxarmağın marağında olmur. Daha doğrusu, konkret bu sahə ilə məşğul olacaq peşəkar qurum yoxdur. Ancaq polislər bununla məşğul olur, onlar da daha çox hüquqi işlərlə. Psixoloji və sosioloji araşdırmalar aparılmır. Ona görə də baş verən hadisə ilə bağlı ətrafdakı insanlardan toplanan fikirlər əsasında ümumi bir rəy verilir. 17 yaşlı bir tələbənin intihar etmə səbəbi imtahan nəticəsindən daha çox sevgi və ailə münaqişəsi ola bilər. Bunu da istisna etmirəm qətiyyən. Gənclər üçün hər hansı bir uğursuzluq ümidlərin qırılmasına səbəb ola bilir. İlk sevginin baş tutmaması, imtahandan kəsir, hər hansı bir pis hərəkətin valideynə çatması gəncdə belə fikir yarada bilər ki, artıq yaşamağa dəyməz. Əgər mərhum həqiqətən də imtahandan zəif nəticə göstərdiyi üçün özünü atıbsa, bu artıq bardağı daşıran sonuncu damla  olub. Ona qədərsə artıq depresiya və həyatından bezməsini şərtləndirən səbəblər mütləq olub. Həmişə deyirəm, “intihar" depresiyanın zirvəsidir. İnsan uzun müddət depresiyada olur, ondan çıxış yolu tapmır və intihara əl atır. Nadir hallarda bir gün insan intihar qərarı verir - bu çox böyük bir stresin nəticəsində də ola bilər”. 

Psixoloqun sözlərinə görə, adətən qəbul imtahanından kəsilən abituriyentlərin intihar etməsi faktları ilə çox sıx qarşılaşırıq. Hər il abituriyentlərin arasında bir neçə intihar halı və ya cəhdi qeydə alınır: 

“Cəmiyyətdə belə bir fikir formalaşıb ki, mənim uşağım kəsilib, qonşunun uşağı qəbul olsa, bu, mənim üçün biabırçılıqdır. Bunlar hər il olub, yenə də olacaq. Çünki buna qarşı heç kim, praktiki olaraq heç nə etmir. Buna qarşı real bir addım atmır. Uşaqları pisixoloji hazırlamaq lazımdır. Abituriyentlər qəbul qabağı mənim yanımda çox olur. Onlarda bir çox problemlər olur. Ailələr bu cür məqamlarda uşaqlarının yanında olmalıdır. Onların bu vəziyyətə düşməsinə icazə verməməlidir. Abituriyent o həddə çatır ki, ona verilmiş ikinci şansı gözləyə bilmir.
Bu yaşda insanlar üçün instituta qəbul olunmamaq həyatın bitməsi kimi qəbul olunur. O bir müddət səbr edib, bu prosesi yenidən başlamağa hazır olmur. Uşağın fiziki və intellektual gücü bitir. Bununla da onlar artıq yaşamaq istəmirlər. İntihar etməklə özlərinə təsəlli tapırlar. Bu fikirdə olan insanda ilk növbədə məntiq pozulur. Məntiq pozulması nəticəsində qeyri-obyektiv qərar qəbul edirlər. Nəticə isə belə olur. Amma artıq universitetə qəbul olunmuş bir tələbənin zəif nəticə göstərdiyinə görə özünü binadan atması əsaslı səbəb deyil”.  

A.İsazadənin fikrincə, binadan özünü ataraq intihar edən gənci xilas etməyə çalışan adamın bu cəhdi təqdirəlayiqdir. Bu adam bir çoxlarından fərqli olaraq şahidi olduğu intihar hadisəsinə biganə qalmayıb: 

“Öz həyatını riskə atmaq bahasına qızı xilas etmək istəyib. Amma görünür, xilas etmə təcrübəsi olmadığından, bu barədə FHN-in xilasetmə qaydalarını bilmədiyindən ağır xəsarətlər alıb. 

Psixoloq kimi onu deyə bilərəm ki, intihar edən şəxs görəndə iti hərəkət etməmək, yavaş səs tonu ilə danışmaq  və aradakı məsafəni yavaş-yavaş azaltmaqla həmin şəxsə yaxınlaşmaq lazımdır. Hay-küylə qarşılamaq, qaçmaq, qışqırmaq intihar astanasında olan adamı daha da panikaya sala və intihar cəhdini tez reallaşdıra bilər. Özünü atmaq istəyən şəxsi xilas etmək istəyərkən onla bir yerdə də düşə bilərik”.