"Qazi" adından istifadə edənlərə ən ağır cəza verilməlidir

Çingiz Qənizadə: "Belə adamlara aramızda və cəmiyyətdə yer olmamalıdır"

   
   Bu günlərdə özünü “Vətən müharibəsi qazisi” kimi qələmə verərək hərbi geyimdə əlil arabasında dilənçiliklə məşğul olan bir şəxs saxlanıb. O, açıq etiraf edib ki, insanların qazilərə həssas münasibət göstərməsindən sui-istifadə edərək özünü “qazi” kimi təqdim edərək dilənçilik etmək yolunu tutub.
Dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib. DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, belə dələduzlarla əlaqədar "Məscidlərin, ziyarətgahların ətrafında belə insanlar vətəndaşların etibarından sui-istifadə edərək onları aldatmağa cəhd göstərirlər. Hər zaman vətəndaşlarımıza tövsiyə edirik ki, diqqətli olsunlar.

Bütün ictimai yerlərdə bu kimi neqativ hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir. Bir məqamı da qeyd etmək istəyirəm ki, vətəndaşlar tərəfindən də bu kimi hallar aşkarlanarsa, müşahidə olunarsa, dərhal Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat versinlər", - deyə N.Əliyev bildirib.

Ekspertlərin fikrincə, qazi adı ilə dilənçilik edənlərə elə ağır cəza verilməlidir ki, bu, başqalarına dərs olsun və bir də belə təxribatlara yol verənlər tapılmasın.

Sözügedən şəxs sadəcə maddi gəlir əldə etmək məqsədilə bu addımı atsa da, bu görüntü ölkəmizi istəməyən qüvvələr tərəfindən ölkəmizdə şəhid ailələrinə və qazilərə “qayğı göstərilmədiyi” rəyi  formalaşdırmaq üçün  istifadə edilə bilər. 

Sabiq millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə  “Şərq”ə açıqlamasında müqəddəs qazi adından istifadə  edən bu cür yaramaz, dələduz insanların çox olduğunu böyük təəssüf hissi ilə ifadə edib: 

“Postmüharibə dövründə  biz bir çox hallarda bunun şahidi olduq. İnsanlara müəyyən vədlər verməklə qazi ailələrini, şəhid ailələrini aldadan şəxslər, qazilərimizin və şəhid ailələrimizin adlarından sui-istifadə edərək xoşagəlməz davranışlar sərgiləyən saxtakarlar çox oldu. Halbuki belə hərəkətlərə yol verənlərin nə qaziliklə, nə də şəhid ailələri ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Qazi adından istifadə edib dilənən, gəlir əldə  edən insanlara aramızda və cəmiyyətdə yer olmamalıdır. Bir ayağını itirmiş qazi timsalında küçədə dilənən bir yaramazın polis orqanları tərəfindən ifşa olunması və onun əlilliyinin saxta olmasının görüntülərlə sübut olunması hüquqi aspektdən alqışalayiqdir. Amma ölkəmizdə, xalqımızın arasında bu cür vicdansız adamların olması, saxta qazilərin peyda olması mənəvi baxımdan çox ağrılı məsələdir”. 

Sabiq deputatın sözlərinə görə, bu, sadəcə, qazi adından sui-istifadə deyil. Bununla həm də ölkəmizdə şəhid ailələrinə və qazilərə “qayğı göstərilmədiyi” rəyini yaradaraq ölkənin imicinə zərər vururlar: “Bir növ müqəddəs qazi adının ictimaiyyətin önündə mövqeyinin kiçildilməsidir. Yəni dövlət qazilərin qeydinə qalmır, görürsünüz nə gündədir və s. Bu baxımdan, bunu adi cinayət hesab etmirəm və məncə, həmin şəxs çox sərt formada cəzalandırılmalıdır.
Hər birimiz görürük ki, ölkə rəhbərliyi tərəfindən qazilərimizə, şəhid ailələrimizə dövlət tərəfindən böyük qayğı və diqqət göstərilir, onların ən kiçik problemlərinə belə həssaslıqla yanaşılır.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər. Yaşayış kompleksi  doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarətdir. Kompleksin ərazisində 100 yerlik uşaq bağçası və bir inzibati bina inşa olunub. Həmçinin sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin edilib. Bu hadisələr fonunda hansısa bir dələduzun qazi adı ilə dilənçilik etməsini özünü əks etdirən görüntülər xoşəgələn deyil. Ölkəmizə gələn xarici qonaqlar, turistlərin Bakı küçələrində dilənən “qazi” görməsi dövlətin öz qazilərinə diqqət və qayğı göstərmədiyi görüntüsünü yarada bilər. Sözsüz ki, bu əməli törədən saxtakar inzibati məsuliyyətə cəlb olunacaq, amma onlara qarşı ictimai rəy formalaşdırmaq üçün maarifləndirici tədbirlər həyata keçirilməlidir”.