“Çünki bir nəfərə göstərilən dözümlülük digərlərinə də bənzər qapı aça bilər və belə təqdirdə çirkabın içində batmış bir cəmiyyətin təməlini öz əllərimizlə qoymuş olardıq"
Son zamanlar bəzi şəxslər "qazi", "müharibə qəhrəmanı" adından sui-istifadə edirlər. Bu müqəddəs adlar hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət daşıyır. Lakin "Vətən uğrunda savaş iştirakçısıyam" deyib, saxtakarlıqla cəmiyyətin həssas nöqtələrinə toxunanlara da rast gəlinir.
Sözügedən hadisə elə paytaxt Bakıda baş verib. Ötən gün özünü qazi kimi qələmə verən, hərbi geyimdə, əlil arabasında dilənən şəxsin əməlləri ifşa olunub.
1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə dilənib.
Ü.Məmmədovun sağlıq durumu qaydasındadır, heç bir əlillik dərəcəsi yoxdur.
Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ümid Məmmədov inzibati qaydada 30 sutka həbs edilib.
Olayı "Sherg.az"a dəyərləndirən psixoloq Əfsanə Rüstəmovanın qənaətincə, Qarabağ müharibəsi dönəmi ölkədə bir eyforiya hökm sürməyə başladı:
" Yüksək həddə çatan vətənpərvərlik duyğusu müharibə iştirakçılarına rəğbət və mərhəmətin formalaşmasına zəmin yaratdı. Əlbəttə, bu da özlüyündə sui-istifadə hallarının çoxalmasına yol açdı. İlkin mərhələdə heç kəs təhliletmə aparmadan hər “qaziyəm” deyənə inanır, əlindən gələn qayğı və hörməti edirdi.
Bu da fürsətçilərin əlinə imkan verdi. Çünki insan tənbəldir və hər şeyin ən asan yolunu axtarır. Mənəvi duyğuları zəif olan adamlar üçün doğru və yanlış anlayışı yoxdur. Onlar hər yola əl atırlar. Doğrudur, sosial vəziyyətin də təsirini vurğulaya bilərik. “Çarəsizlik” adı altında öz çirkin əməllərinə bəraət qazandıranlara haqq verənlər də var.
Lakin cəmiyyət heç bir halda belə durumlara dözümlü yanaşmamalıdır. Çünki bir nəfərə göstərilən dözümlülük digərlərinə də bənzər qapı aça bilər və belə təqdirdə çirkabın içində batmış bir cəmiyyətin təməlini öz əllərimizlə qoymuş olardıq".