Azərbaycan 4 günlük iş rejiminə keçə bilərmi?

Elçin Bayramlı: “Biz hələ dünya ölkələrində tətbiq olunan elementar işçi hüquqlarını bərqərar edək, sonra 4 günlük iş həftəsi barədə nəsə danışarıq”


Avropa ölkələrində bir neçə ildir ki, 5 günlük iş rejimindən 4 günlüyə keçmək məsələsi müzakirə olunur. Artıq bəzi ölkələrdə iş günlərinin sayı 4-ə endirilib. Bir neçə ölkədə isə bununla bağlı gündəm yaranıb. Xüsusən də, Azərbaycanın qonşuları olan Rusiya, Türkiyə və Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər əsas müzakirə mövzusudur. 
Bəs, yerli ekspertlər nə düşünür? Azərbaycanda 4 günlük iş rejimi tətbiq edilə bilərmi?


"Sağlam Cəmiyyət" Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı isə hesab edir ki, bu, sadəcə şou xatirinə deyilən fikirdir. Onun sözlərinə görə, belə utopik fikirlər səsləndirməkdənsə, işçilərin əmək hüquqlarının tətbiqini, onların istismarının qarşısının alınmasını qaldırsalar, tələb etsələr, daha yaxşı olar: 

“İş yerlərinin çoxunda amansız istismar gedir. Məzuniyyət hüququndan tutmuş əməyin təhlükəsizliyinə qədər, əməkhaqqından tutmuş müqaviləsiz işlədilməyə qədər nə qədər desən problem var. 4 günlük iş həftəsi Azərbaycanda tətbiq oluna bilməz və yaxın gələcəkdə də olunmayacaq. Biz heç 5 günlük iş həftəsinə keçə bilmirik. Böyük əksəriyyət həftədə 6, hətta 7 gün işləyir. Yalnız dövlət orqanlarında 5 günlük iş həftəsinə riayət olunur ki, o da hamısında yox. Məsələn, “Azərsu”da işləyənlərin bir çoxu şənbə-bazar günü də işlədilir, özü də az maaşla. Onlara çox vaxt iş saatından artıq işləməyə, şənbə-bazar işinə görə əlavə maaş da hesablanmır. “Azəriqaz”da isə bu problem bir müddət qabaq həll olunub, artıq orada işçilər qanuni əmək saatları və günləri ilə işləyirlər. Yəni dövlət orqanlarında da fərqlər var”.

Sosioloq özəl şirkətlərdə bu sahədə faciəvi vəziyyət olduğunu xüsusi qeyd edib. Onun sözlərinə görə, avtobus və yük maşını sürücülərinin çoxu az qala fasiləsiz işləyir. Nəticədə ağır qəzalar baş verir, ölənlər olur: 

“Mağaza və dükanlarda, ictimai iaşə müəssisələrində işçilər az qala 7/24 işlədilir, heç bir məzuniyyətdən, istirahət hüququndan, əmək normalarından söhbət belə gedə bilməz. Tikintilərdə daha pisdir vəziyyət. Qısası, iş yerlərinin çoxunda amansız istismar var. Yalnız formal mövcud olan həmkarlar təşkilatları sisteminin bərpası və fəallığının artırılmasını tələb etmək lazımdır. Azərbaycanda uşaq əməyinin, uşaq istismarının da qarşısı alınmayıb. Bütün bu problemlərin həlli isə Əməyin Mühafizəsi Xidmətinin üzərinə düşür. Lakin Xidmət demək olar ki, işləmir, ya da Xidmətin əməkdaşları ancaq öz maraqları çərçivəsində çalışırlar. Qaldırılası, müzakirə olunası xeyli ciddi problem var. Hazırda əhalini davamlı bahalaşmanın səbəblərindən və onun aradan qaldırılması yollarından tutmuş işsizliyin artmasınadək məsələlər daha çox narahat edir.

Həll etmək istəyirlərsə, nə qədər istəyirsiniz problem sayım. 1-ci, 2-ci, 3-cü dərəcəli vacib problemləri qoyub, 15-ci dərəcəli hansısa məsələdən danışmaq, inciməsinlər, vaxtı boşa keçirmək və diqqəti əsas problemlərdən yayındırmaqdan başqa bir şey deyil. Biz hələ dünya ölkələrində tətbiq olunan elementar işçi hüquqlarını bərqərar edək, sonra 4 günlük iş həftəsi barədə nəsə danışarıq”.