Kombi sisteminin ləğvi mümkündürmü?

Nüsrət Qasımov: “Mərkəzi istilik sistemi normal işləsəydi, insanlar ondan imtina etməzdi”

 “Mərkəzləşdirilmiş istilik sistemləri kombilərdən daha zərərlidir"

“Dövlət indi işğaldan azad olunan ərazilərdə quruculuq işləri ilə məşğul olmalıdır, mənasız sahələrə pul yatırmaq lazım deyil”  


Fərdi qaydada qurulan kombi sisteminin ləğvi yenidən ictimai müzakirə predmetinə çevrilib. Milli Məclisdə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Razi Nurullayev məsələni yenidən gündəmə gətirib.
Onun sözlərinə görə, yeni tikilən binalara mərkəzi istilik tələbləri qoyulmalıdır. 

Bina evlərində fərdi kombilər isə ləğv edilməlidir: “Bu günə qədər tikilən binalarda bir neçə tikinti şirkəti enerji effektivliyinə əməl edib. O binalarda yaşayan əhali həm sağlam yaşayır, həm də evini qızdırmaq üçün digərlərinə nisbətən 2-3 dəfə az vəsait ödəyir. Hər binada yüzlərlə kombi istilik sistemi var. Həm qaz sərfiyyatı, həm xeyli xərc, həm də ekoloji fəlakətdir. Onun üçün də bütün yeni tikilən binalara mərkəzi istilik tələbləri qoyulmalıdır. Bina evlərində fərdi kombilər ləğv edilməlidir. Enerji effektivliyinin tətbiq edilməsi, təbii ki, tikinti sahəsində qiymətlərin də bahalaşmasına səbəb olacaq. Amma bu, mənzilin aylıq xərcində özünü tamamilə doğruldacaq. Onun üçün də enerji effektivliyi üçün tələblər ciddi şəkildə həyata keçirilməlidir”. 

İstehlakçı hüquqları üzrə ekspert Nüsrət Qasımov isə deyilənlərin əksinə mərkəzləşdirilmiş istilik sistemlərinin kombilərdən daha zərərli olduğunu düşünür: "Əvvəla onu deyim ki, kombi sisteminin ekoloji mühitə qətiyyən zərəri yoxdur. 

Əgər söhbət enerji effektivliyindən gedirsə, burada kombiləri ləğv etmək müzakirə mövzusu olmamalıdır axı? Qaz təsərrüfatından, kimya elmindən bir az anlayışı olan hər mütəxəssis bilir ki, mərkəzi istilik sistemi hökumətə ən çox ziyan vuran sistemlərdən biridir. Kombilər qənaətlə işləyən və təhlükəsiz bir isitmə sistemidir. O şərtlə ki, kombilər quraşdırılarkən yer düzgün seçilməli və digər təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır”.
N.Qasımovun sözlərinə görə, indi hər kəs evindəki mərkəzi istilik sistemini söküb kombi quraşdırır. Mərkəzi istilik sitemi normal işləsəydi, insanlar ondan imtina etməzdi: “Əgər paytaxtın binalarında mərkəzi isitmə sistemi özünü doğrultsaydı, insanlar fərdi istilik sisteminə keçməzdi. İndi yenidən köhnə sistemə qayıtmağın heç kimə faydası yoxdur. Mərkəzi istilik sistemlərinin əksərində qazanxanalar normal işləmir. Qaz turbaları çox köhnəlib. Dərnəgüldə qurulan istilik qazanxanası kilometrlərlə yol qət edərək əhalinin evinə çatır. Bu sistem 40-50  il qabaq quraşdırılıb və oradan axan sızmalar hər mənada ziyanlıdır. Sistemdən gələn istilik hardasa 30 dərəcə civarında olur ki, bu da insanları qane etmir. Ona görə də insanlar bu sistemə mənasız yerə pul ödəmirlər və məcbur qalıb başqa qızdırıcılardan istifadə edirlər. Kombi isə ağıllı, ekonomik cihazdır. Bu cihaz saata 3 kub metr qaz işlədir. Bu havaya ziyan vurma baxımından çox aşağıdır. Açıq havada yanan qazın 50 faizi havaya gedir ki, bununla da karbomonoksid istehsal olunur. Kombilərin ekologiyaya ziyan vurması əsassız iddialardır”.
Ekspert həmçinin yeni istilik mərkəzləri üçün binaların həyətində əlavə yer ayırmağın mənasız olduğuna diqqət çəkib: "Yeni istilik mərkəzlərinin qurulması üçün gərək binaların həyətində əlavə yerlər ayrılsın. 18-20 mərtəbəli bina üçün istilik mərkəzlərinin yaradılması 60 metrdən çox ərazi tələbi edir. Belə olan halda da uşaqlara oynamaq üçün yer qalmır. İstilik qazanxanaları noyabrın 15-dən işə düşür və aprelin 15-dək işlək vəziyyətdə qalır. Sual olunur, qeyd olunan müddətdən əvvəl, yaxud sonra hava şəraiti kəskin dəyişərsə, insanlar nə etməlidir? Noyabrın 1-i qar yağsa, əhali yorğana bürünüb yatmalıdır? Buna görə də ən ağıllı sistem kombi sistemidir və bundan da hamı razıdır. Dövlət indi işğaldan azad olunan ərazilərdə quruculuq işləri ilə məşğul olmalıdır, mənasız sahələrə pul yatırmaq lazım deyil”.