“MTK-ların verdiyi kağız rəsmi satış sənədi deyil”
“Bu problem qanunvericilikdəki boşluqdan qaynaqlanır. Qanunda daha sərt formada əks olunmalıdır ki, alqı-satqı prosesi ancaq notarial qaydada həyata keçirilməlidir”
Qanunda bir mənzilin eyni zamanda bir neçə adama satılması qeyri-mümkün məsələ hesab olunur. Lakin Bakıda bu cür tikinti şirkətlərinin qurbanı olan yüzlərlə vətəndaş var. Ona görə məhkəmələrdə də tez-tez bununla bağlı şikayətlərə rast gəlinir. Bu yaxınlarda “Star-M” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaqla həmin MTK-nın təsisçisi və sədri, eyni zamanda “ŞANS” MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmovun 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi kooperativlər tərəfindən inşa olunmuş yaşayış binalarında mövcud 17 mənzilin saxta müqavilə və maliyyə arayışlarının tərtib edilməsi yolu ilə 36 nəfər şəxsə, eləcə də satılması qanunvericiliklə qadağan edilmiş 7 qeyri-yaşayış sahəsinin mənzil qismində eyni üsulla 14 nəfər şəxsə satılmasına nail olaraq ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Maraqlıdır ki, indiyədək bu problemin qarşısı niyə alınmır?
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, indiki halda əsas iş vətəndaşların öz üzərinə düşür. Onlar daha ehtiyatlı və diqqətli olsalar, bu cür dələduzların qurbanı olmazlar. MTK-ların verdiyi sənəd rəsmi satış sənədi deyil. Bir çoxları tikinti kooperativlərinin “tələ”sinə düşür və onların imzaladığı adi kağızı satış müqaviləsi kimi qəbul edirlər:
“Hesab edirəm ki, bu da qanunvericilikdəki boşluqdan qaynaqlanır. Qanunda daha sərt formada əks olunmalıdır ki, alqı-satqı prosesi ancaq notarial qaydada həyata keçirilməlidir. Adi çıxarış və ya müqaviləyə möhür vurmaqla MTK-ların mənzil satması qanunsuzdur. Ümumiyyətlə, bizdə bu sahədə çox hərc-mərclik var. MTK-lar binanın təməlindən, ancaq öz daxili sənədləşməsinə uyğun olaraq satışı həyata keçirir. Buna isə nəzarət edən hər hansı mexanizm mövcud deyil. Eyni zamanda mənzilin daha öncə kiməsə satıldığını yoxlamaq da mümkün deyil. Məsələn, binanın ikinci mərtəbəsi hazır olmadığı halda, yeddinci mərtəbədəki mənzili bir neçə nəfərə satırlar. Belə halda vətəndaşın da bunu yoxlama imkanı olmur. Vətəndaşın sadəcə olaraq əlinə MTK-nın möhürlü kağızı verilir. Vətəndaş bilmir ki, həmin kağızdan başqa kiməsə verilib, yoxsa yox.
Qanunvericilikdəki boşluqlar aradan qaldırılana qədər isə bu məsələ ictimai müzakirəyə çıxarılmalı və vətəndaşlar məlumatlandırılmalıdır. Çünki böyük əksəriyyəti məhz bilgisizlikdən “işbaz”ların “tələ”sinə düşür. Televiziya, radio və digər KİV-lərdə video- roliklər, yazılar dərc olunmalı, sosial proqramlarda müzakirə xarakterli kampaniyalar təşkil edilməlidir ki, öz boğazından kəsib qənaət edərək qəpik-qəpik pul yığan vətəndaşlar onlara verilən imzalı kağızın rəsmi alqı- satqı müqaviləsi olmadığını bilsinlər. Bəlkə ondan sonra mənzil fırıldağı ilə üzləşən vətəndaşların sayı azaldı. Böyük əksəriyyəti məhz bilgisizlikdən bu dələduzların qurbanına çevrilirlər”.
Ekspertin fikrincə, dələduzlardan sığortalanmaq üçün mümkün variantlardan biri də binaların təhvil verilməsindən sonra satışın həyata keçirilməsini tənzimləyən qanun layihəsinin olmasıdır:
“Qonşu Gürcüstan və Türkiyədə belə bir təcrübə mövcuddur. Hazır binada satış çıxarış sənədi ilə həyata keçirilir və bununla da mənzilin bir neçə nəfərə satılmasının qarşısı alınır.
Yarımçıq tikilidən alınan evlər daha ucuz başa gəldiyindən vətəndaşlarımız həvəslənir və MTK sahiblərinin imzaladığı adi sənədlərə inanırlar. Ona görə də ən azından binaların təməldən satışını həyata keçirməyə icazə verirlərsə, rəsmi sənəd olmalıdır”.