Problemi həll etmək üçün daha yuxarı instansiya var
Son zamanlar tez-tez kommunal xidmətlər, işıq, qaz, su müfəttişlərinin fiziki zorakılıq hallarına məruz qalmaları haqqında xəbərlərə rast gəlirik.
Ən son abonent tərəfindən zorakılığa məruz qalan "Azəriqaz" əməkdaşı olub.
Hadisə Ağcabədi rayonu Rəncbərlər kəndində qeydə alınıb.
Ağcabədi rayon prokurorluğundan verilən xəbərə görə, kənd sakini Kamil Usubov istehlak edilmiş təbii qaza görə yaranmış cəmi 504 manat abonent borcunu vaxtında ödəmədiyinə görə “Azəriqaz” İB-nin nəzarətçi-çilingəri Rövşən Səfərov və digər əməkdaşlardan ibarət işçi qrupu xidməti vəzifələrini yerinə yetirərkən təbii qaz borusundan sayğaca gələn xətti kəsərkən Kamil Usubov onlara hücum edərək təhqir edib, Rövşən Səfərova bir dəfə zərbə endirməklə sol yanaq nahiyəsinin kəsilmiş-cırılmış yarası xəsarəti yetirib. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
"Sağlam Cəmiyyət" Hərəkatının rəhbəri Elçin Bayramlının “Şərq”ə açıqlamasına görə, vətəndaşlar kommunal xidmətlərin baha olmasından narazıdır - suyun, elektrikin, qazın və s. Çoxları qış fəslində evini qızdırmaq üçün 100-200-300 manat xərc çəkməli oldu, bəziləri heç bunu edə də bilmədi, soyuq evdə yaşadı. Çünki qaz ölkəsində qaz bahadır:
“Vətəndaş maaşının yarısını təkcə qaza ödəməlidir. Bunun dünyada analoqu yoxdur. Eyni vəziyyət su və elektrikdə də var. Həyət evlərində insanlar gül çiçəklərini, ağaclarını sulaya bilmir, çünki su bahadır. Qaz olmayan yerlərdə vətəndaşlar evlərini elektrik qızdırıcılarla isitməyə məcburdur, lakin elektrik baha olduğundan çoxu bunu edə bilmir, çünki elektrik pulunu ödəyə bilmir. Bütün bunlar insanlarda qəzəb yaradıb, bu enerjini isə harasa sərf etməlidirlər. Və gücləri ancaq sadə fəhləyə çatır. Bundansa, bu problemlərin həllini hökumətdən tələb etməlidirlər. O işçi də sizin kimi az maaşa işləyən sadə vətəndaşdır və sizin problemlərdə onun rolu yoxdur. Əgər onun işindən, yanaşmasından xoşunuz gəlmirsə, şikayət edin, daha döymək nə deməkdir? O işçi özbaşına gəlir? Vəzifə təlimatını yerinə yetirir. Cihazlara, xətlərə baxılmalıdırsa, baxacaq, çekləri verməlidirsə, verəcək və s”.
E.Bayramlının sözlərinə görə, həllini gözləyən problemlər çoxdur, lakin buna sadə əməkdaşlar qərar vermir. Hardasa, qaz, su, elektrik zəifdirsə, qəza baş verirsə, bu, onların günahı deyil:
“Bu əsas kommunal sistemlər arasında ən pis vəziyyət "Azərsu"dadır. "Azərenerji"də də problemlər çoxdur. İnsafla desək, onlara nisbətən "Azəriqaz"da vəziyyət yaxşıdır. Son vaxtlar qazla bağlı şikayətlər, müraciətlərə dərhal baxılır və problem həll olunur. Qaynar xətlərinə edilən zənglərə operativ reaksiya verilir. Hansısa problem varsa, bunun həll yolu zorakılıq deyil. "Azəriqaz" rəhbərliyinə müraciət etməniz lazımdır.
Əgər reaksiya verilməsə bizə müraciət edin, biz köməklik edərik. Şikayət və müraciətlərlə bağlı təəssüf ki, digərlərində vəziyyət yaxşı deyil. Buna görə də vətəndaş qəzəbini əlinə keçən işçidən çıxarır. Bu, problemin həll yolu deyil. Nədənsə narazısınızsa, bunu yuxarı orqanlardan, qərar verən məsul şəxslərdən tələb edəcəksiniz, fəhləni döyərək, xəsarət yetirərək problemi həll edə bilməzsiniz.
Qaldı ki bu xidmətlərin qiymətlərinin baha olmasına, bu nəinki o fəhlələrin, heç "Azəriqaz", "Azərsu" və ya "Azərenerji"nin də günahı deyil. Tarifləri Tarif Şurası, Nazirlər Kabineti müəyyən edir. Sözünüz varsa gedin onlara deyin, əl çəkin məzlum fəhlədən”.