İlkinin qardaşı jurnalistə hücumdan danışdı  - Ciddi fakt GÖSTƏRDİ!

“Görünən odur ki, hədsiz qorxurlar. Aytən xanıma da böyük ehtimal ona görə təyziq göstərilib”

Azərbaycanda naməlum şəxs jurnalisti peşə fəaliyyətindən çəkindirmək məqsədilə təhdid mesajı ünvanlayıb.
Mayın 8-də gecə jurnalist Aytən Məmmədova evə qayıdarkən Bakıda yaşadığı binanın liftində hücuma məruz qalıb. Arxasınca liftə girən tanımadığı şəxs jurnalistin boğazına bıçaq dirəyərək onu və azyaşlı qızını ölümlə hədələyib, “ağıllı olmağı” və adını çəkmədiyi məhkəmə prosesi haqda yazmamağı tələb edib.Jurnalist Aytən Məmmədova ölkədə məhkəmə işlərina aid məqalələr yazan jurnalistlərdəndir.

O, sosial şəbəkələrdə "Nərmin işi"nə dair tez-tez statuslar yazır.

Özü və yaxın ətrafı hücumun məhz bu işlə bağlı olduğuna əmindir.Qeyd edək ki, 2019-cu ilin noyabrında azyaşlı Nərmin itkin düşüb. 2020-ci ilin yanvarında isə uşağın yandırılmış meyiti yaşadığı kəndin ərazisində tapılıb. Şübhəli olaraq kənd sakini 1973-cü il təvəllüdlü İlkin Süleymanov həbs edilib.

A.Məmmədovanın başına gələn olay haqqında fikirlərini "Sherg.az"la bölüşən İ.Süleymanovun qardaşı Adil Süleymanovun qənaətincə, artıq cinayətkarların narahatlığı üzə çıxır:

"Baş Prokurorun, bəzi qurumların qəbulunda olmuşuq. Görünən odur ki, hədsiz qorxurlar. Aytən xanıma da böyük ehtimal ona görə təyziq göstərilib.
Bu işdən ötrü təzyiq ilk vaxtlardan var.

İnformasiyalar ictimailəşib. Respublika bu məsələni bilir. Yəqin, Aytən xanım lazımi qurumları məlumatlandırıb. Prokurorluq hər şeyi çox gözəl görür. Bəlkə də, üstünə düşüblər. Aytən xanımın məsələsi dəqiq aydın deyil. Lakin 99 faiz ehtimala görə, "Nərmin işi" ilə əlaqəlidir. İnşallah, ədalətli araşdırılar. Həqiqətən ciddi faktdır".