“Tarqovı”da yaşananlar açıq-aşkar cəmiyyətimizin dəyərlərinə tüpürməkdir
"Dövlət və cəmiyyət olaraq birlikdə bu biabırçılığa qarşı öz mövqeyini ortaya qoymasa vəziyyət qarşısıalınmaz hal alacaq"
Son illər ərəb turistlərin ölkəmizə axını qədim peşə sahiblərinin biznesini canlandırıb. Bu məsələ uzun müddətdir sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Turistlərin ən çox üz tutduğu Nizami küçəsi (“Torqovı”) yüngül həyat tərzi keçirən qadınların bazarına çevrilib. Fahişələrin turistlərlə bazarlığının şahidi olan bəzi sosial şəbəkə istifadəçiləri gördükləri mənzərənin şəkillərini çəkərək paylaşır, yaxud da etirazlarını sözləri ilə ifadə edirlər. Bu tipli çoxsaylı paylaşımlar və statuslara yazılan şərhlər vəziyyətin, doğrudan da, ciddi olduğundan xəbər verir. Şəhər sakinlərinin gözü qarşısında yaşananlar ictimaiyyət tərəfindən narazılıqla qarşılanır. İctimaiyyət fahişələrin ictimai yerdə heç nədən çəkinməyərək açıq-aşkar fəaliyyət göstərməsində aidiyyəti dövlət qurumlarını günahlandırır.
Yazıçı Elçin Hüseynbəyli də "Tarqovı"da gördüklərindən heyrətə gəlib: “Bu küçə, sanki hansısa bir mifik-fahişə şəhərin guşələrindən biriydi. Hara baxırsan ərəb və onların qoluna girən fahişəkimilər. Mağaza və kafelərdə yalnız ərəb musiqisi. Bir zamanlar Braziliyanın paytaxtını pozğunluqda ad çıxartdığına görə dəyişmişdilər. Mən mağazalardan birinə girdim və ərəb musiqisini türk musiqisinə dəyişdirdim. Təbii, əsəbi şəkildə. Bu biabırçılığa son qoyulmalıdır və təbii ki, bunun günahkarı Bakı şəhər rəhbərliyi və polisdir. Bu məsələlərdə müsəlmançılığı araya soxmağın yeri də yoxdur. Ərəblər özləri də bir işə yaramırlar!".
Son illərdə cəmiyyətimizdə mənəvi deqradasiyanın hədsiz sürətləndiyini vurğulayan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib ki, mənəvi dəyərlərimiz yox olub: Bu deqradasiyanın da mərkəzi məhz “Tarqovı”da müşahidə olunur. Burada turizmin də böyük rolu var. Turist axını güclü olan bütün ölkələr ayaqaltına çevrilir və dəyərləri tapdanır. Çox təəssüflər olsun ki, Azərbaycan ərəb turistlərə ucuz “fahişə bazarı” kimi təqdim olundu. Və ondan sonra bizim mentalitetimizə zidd olan əxlaqsızlıq yavaş-yavaş şəhərimizdə adiləşməyə başladı. Bu biabırçılıq ictimaiyyət arasında qınanılsa da, bir nəticəsi yoxdu.
Bakı turizm üçün əlverişli şəhər deyil. Burada turistlərin diqqətini çəkəcək gəzməli, görməli yerlərimiz, tarixi abidələrimiz çox azdır. Çox təəssüflər olsun ki, Bakıya gələn turistlər məhz sex turizmi üçün gəlirlər. Bu ölkəmiz adına çox üzücü və utandırıcı hal olmaqla yanaşı, həm də gənclərimizin əxlaqi dəyərlərinin korlanmasına xidmət edir. “Tarqovı”da yaşananlar açıq-aşkar cəmiyyətimizin dəyərlərinə tüpürməkdir. Düzü, bunun qarşısını kim almalıdır, nə etməlidir, bilmirəm. İstəsək belə qarşısını ala biləcək bir qüvvə görmürəm. Tək bildiyim hər il vəziyyətin daha da pisə doğru getməsidir. Yaxşı olar ki, başqa ölkələrin turizm təcrübəsini örnək alıb Azərbaycan turizminin o istiqamətdə inkişafına nail olaq. Dövlət və cəmiyyət olaraq birlikdə bu biabırçılığa qarşı öz mövqeyini ortaya qoymasa vəziyyət qarşısıalınmaz hal alacaq. Aidiyyəti dövlət qurumları ölkə rəhbərliyinin Azərbaycan dövləti milli-mənəvi dəyərlər üzərində qurulub və belə də inkişaf edəcək prinsipinə söykənərək lazımi addımlar atmalı və cəmiyyətin mənəvi deqradasiyasına son qoymalıdır”.