Onlara sosial şəbəkədən istifadəni qadağan etmək effekt verməyəcək
Ələsgər Məmmədli: "Bütün hallarda uşaqların internetlə münasibətində böyüklərin ciddi nəzarəti olmalıdır"
Sosial media güclü şəkildə asılılıq yaradır. Sosial mediaya aludə olan uşaqlar və yeniyetmələr hər gün saatlarla vaxt sərf edərək, izlədikləri hesablarda yerləşdirilən videolara, fotolara və digər məzmunlara baxırlar. Bu asılılıq dərs, idman, təhsil və gündəlik digər fəaliyyətləri pozur.
Psixoloqlar tərəfindən aparılan uzunmüddətli müşahidələrə əsasən sosial mediadan çox istifadə uşaqların psixi sağlamlığına mənfi təsirini göstərir. Araşdırmalara əsasən gündə üç saatdan çox sosial mediada vaxt keçirən uşaqlar iki dəfə daha çox psixi sağlamlıqdan əziyyət çəkirlər. Sosial şəbəkələrin yaratdığı problemlər artıq dövlətləri və iri şirkətləri də narahat etməyə başlayıb.
Məhz bu problemlərin qarşısını almaq üçün Avropa ölkəsi olan İtaliyanın Ədliyyə Nazirliyi azyaşlı uşaqları sosial medianın zərərlərindən qorumaq üçün yeni qanun layihəsi hazırlayıb. Qanun layihəsinə əsasən, uşaqların sosial media şəbəkələrinə daxil olması müəyyən qaydalar əsasında mümkün olacaq. Sosial media şəbəkələrində yeni hesab açarkən insanlardan daha ətraflı məlumat istəniləcək, həmçinin şəxsiyyət yoxlama sistemi tətbiq olunacaq.
İtaliya hökuməti bununla uşaqların erkən yaşda sosial şəbəkələrdən istifadəsinin qarşısını almağı nəzərdə tutur. Həmçinin yaşını az göstərərək hesab açanların və pis niyyətlə azyaşlılara təsir göstərmək istəyənlərin qarşısı alınacaq. Bu şəbəkələrdən pedofiliya üçün istifadə etməyə cəhd edənlərin də qarşısı alınacaq.
Qeyd edək ki, son dövrlərdə İtaliyada sosial mediadan zərər görən azyaşlıların sayı artmaqdadır.
Media hüququ üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli uşaqların sosial şəbəkələrə girişinin bu formada məhdudlaşdırılmasını düzgün hesab etmir. O, böyüklər kimi uşaqlar üçün də sosial şəbəkələrin bir sıra faydalı tərəflərinin olduğunu düşünür:
“Uşaqların birmənalı şəkildə sosial şəbəkələrdən istifadə etməsinə qadağa qoymaq düzgün olmaz. Uşaqların sosial şəbəkələrdən düzgün istifadə etməsində böyüklər məsuliyyət daşıyır və onlar bu işin öhdəsindən gələ bilmir deyə cəzanı uşaqlara kəsmək doğru deyil.
Biz xüsusən pandemiya dönəmində sosial şəbəkələrin uşaqlar üçün necə faydalı platforma olduğunun şahidi olduq. Az qala bütün təhsil sistemi sosial şəbəkələrə möhtac qalmışdı. Düzdür, “Microsoft, “Zoom”, “Teams” kimi təhsil proqramları vardı, amma pandemiya boyunca müəllimlər məhz votsapda qrup yaradıb uşaqları bu qrupa daxil edərək onlara tapşırıqlar verə bilirdi. Yəni sosial şəbəkələr sadəcə zərərli informasiyalar aşılamır. O bir alət olaraq infrastruktur rolu oynaya bilir. Və yaxud hansısa idman yarışları ilə bağlı uşaqlar bir qrupda birləşib, xəbərləşə bilirlər. Bunlar normaldır və uşağın tərbiyəsinə mənfi təsir göstərən məqam yoxdur. Əksinə, sosial alətlərdən öz məqsədləri üçün istifadə edirlər.
Bu səbəbdən 18 və ya 16 yaşa qədər uşaqların sosial media hesabı açmasına məhdudiyyət qoymaq effektiv deyil.
Onlara sosial şəbəkələrdən doğru istifadəni öyrətmək lazımdır və bütün hallarda uşaqların internetlə münasibətində böyüklərin ciddi nəzarəti olmalıdır. Bunu nə dövlət, nə də ayrı-ayrılıqda qurumlar tənzimləyə bilər. Bu, ailədən gələn və ailənin üzərinə düşən məsuliyyətdir. Onlar uşaqlarının tək sosial şəbəkələrdən deyil, internetdən istifadəsinə də nəzarət yetirməlidirlər. Dünyanın inkişaf etmiş ölkələrində bunu məktəb və ailə birgə həyata keçirir. Uşaqların istifadə edə biləcəyi resursların çərçivəsi müəyyən olunmalıdır. Buna filtr proqramlar deyilir və uşaqların inkişafına mənfi təsir göstərə biləcək məqamları bloklayır”.