Qadın sığınacaqlarının sayı artırılmalıdır


Belə yerlər həm də dövlətin nəzarətində olmalıdır

Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil. Lakin bu, o demək deyil ki, bütün bölgələrdə sığınacaqlar olmalıdır. 

Bu barədə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib. Onun sözlərinə görə, elə etməliyik ki, bir şəxsin problemi sığınacağa qədər həll edilsin: "Sığınacaqlardakı xidmətin səviyyəsi qaldırılmalıdır. Bu, əsas məsələdir. Eyni zamanda, müəyyən sayda sığınacaqların yaradılmasına ehtiyac var".
"Ümid yeri" Uşaq Sığınacağı rəhbəri Nigar Mənsimova "Şərq"ə açıqlamasında bildirib ki, hazırda ölkəmizdə az sayda sığınacaq fəaliyyət göstərir: "Sığınacağın yaradılmasının ilk təşəbbüskarı məhz "Ümid yeri" Xeyriyyə Cəmiyyəti və Nigar Mənsimli olub. Əsas məqsəd münaqişəli ailələrdən qovularaq, küçə həyatına məruz qalan, çarəsiz, evsiz-eşiksiz uşaqların əmin əllərdə olmasıdır. 

Sonralar körpə uşaqlı analara da burada yer verildi. Təxminən 80 nəfərə qədər himayəetmə gücündə olan sığınacağımız Qeyri Hökumət Təşkilatı olduğu üçün dövlətdən maddi dəstəyin ayrılması neçə illərdir ki, problemlidir. Yalnız qrantlarla, birdəfəlik yardımlarla işləyə bilirik. Hərçənd ki, pandemiya dövründə qrant məsələsi də mümkün olmadı. Belə vəziyyətlər bir az sığınacaqların işini çətinləşdirir. Amma dövlət dəstəyi və qayğısını daim üzərimizdə hiss etdiyimiz üçün xoşbəxt müəssisələrdənik. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə "Ümid yeri" Uşaq Sığınacağının Binə qəsəbəsində olan binası yenidən qurulub. Əlavə korpuslar tikilib, təmir edilib və  Heydər Əliyev Fondu tərəfindən ərzaqla təmin olunuruq. İndiki zamanda qadın sığınacaqlarının artması önəmlidir. Həmçinin mövcud olan sığınacaqları da dövlətin ciddi şəkildə mühafizə etməsi vacibdir".

Sığınacaq rəhbəri hesab edir ki, sığınacaqların fəaliyyəti dövlətin daim nəzarətində olmalıdır: "Sığınacağa qədər operativ həll olunan qadın problemi ilə hələ rastlaşmamışam. 

Qadınların məsələlərinin qaydasına salınması üçün uzun müddət lazımdır. Nə qədər məsuliyyətli yanaşılsa da, ən azı 3-4 ay vaxt alır. Bildiyim yeganə qadın sığınacağı Mehriban Zeynalovanın "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyidir".

N.Mənsimova vurğulayıb ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və dövlətin bu məsələlərlə bağlı məsul qurumları bu sığınacaqlarda yaşayanların hüquqlarının qorunmasında, problemlərinin həllində yaxından iştirak etməlidir:

 "Dövlətin aidiyyəti üzrə təşkilatları yardıma ehtiyacı olan insanlara tez, hüquqi müstəvidə dəstəklərini göstərdikdə sığınacağa daxil olan uşaqlar, qadınlar orada çox qalmazlar. Onlar da artıq öz yerlərini digər problemi olan şəxslərə verərlər. Fəaliyyətim müddətində sığınacağa mükəmməl dəstəyi yalnız Heydər Əliyev Fondundan gördüm. Onlara da hər zaman təşəkkür edirəm".