İlk növbədə narkomanların liderlərini tapıb, müalicə etmək lazımdır
Azərbaycan Respublikasının Prezidenti narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə normativ hüquqi aktları imzalayıb.
Dəyişikliklər 3 əsas istiqaməti əhatə edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən dəyişikliyə müvafiq olaraq, narkotik vasitələrin və ya psixotrop maddələrin xüsusilə külli miqdarda qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan yeni maddə əlavə edilir. Həmçinin bu əməlin törədilməsinə görə on beş ilədək azadlıqdan məhrumetmə növündə sanksiya müəyyən olunur. Eyni zamanda satış məqsədi olmadan külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə məsuliyyət əhəmiyyətli dərəcədə sərtləşdirilir.
Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi isə yeni ağırlaşdırıcı hal kimi müəyyən edilib. Bundan əlavə, tərkibində narkotik maddələr olan bitkilərin də əldə edilməsi, saxlanılması, daşınması ilə bağlı məsuliyyəti müəyyənləşdirən normalar təkmilləşdirilib, məsuliyyət ağırlaşdırılıb.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliyə əsasən, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin erkən, məhkəməyə qədər məhv edilməsi qaydası müəyyən olunub.
“Narkoloji xidmət və nəzarət haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi nəticəsində müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər, həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər dövlət tibb müəssisələrində icbari narkoloji müayinədən keçiriləcək. Həqiqi hərbi xidmət hərbi qulluqçularının isə ildə bir dəfədən az olmayaraq, icbari narkoloji müayinəsi təmin ediləcək.
Narkomaniya üzrə ekspert Emil Maqalov "Şərq"ə açıqlamasında bildirib ki, narkotik istifadənin qarşısını birdəfəlik almaq üçün onun satışını dayandırmaq lazımdır:
"Psixotrop maddələri satanların və alanların 80 faizi elə narkomanların özləridir. Onlar həm potensial olaraq, satıcı, narkotacir, xəstəlik yayan, həm də əlbəttə ki, cinayətkardırlar. Məsələn, bu gün 5 manatlıq qəbul edirsə, 3 gündən sonra artıraraq, 10 manatlığa keçir. Elə insan var ki, doza qalxdıqca bir günə 300 manatlıq istifadə edir. Sözsüz ki, hər narkoman gündəlik o qədər məbləği tapa bilməz. Ağrıları dayansın deyə ya maddələri qəbul etməli, ya da müalicə almalıdır. Ona görə də oğurluq edir, gün ərzində fərz edək ki, 100 manat "qazanır". Əvvəl qramın 10 yerə bölünmüş hissəsini əldə edirsə, indi 2 qram alır, onu özü ayırır, satır. Belə olduğu təqdirdə həm sabaha pulu, ümidi olur, həm də dərmanı. Ona görə də ilk növbədə narkomanların liderlərini tapmaq lazımdır. Bu, mümkündür. Layihəmizdə də var. Səhiyyə Nazirliyinin "zərərin azaldılması" proqramındakı kimi Qeyri Hökumət Təşkilatı küçə işçilərimizlə birlikdə narkomanlarla ünsiyyətdə olur. Çalışanların 30 faizi taytaya prinsipi ilə fəaliyyət göstərir. Əvvəl narkoman olmuş adamlardır. Onların narkotiklə əlaqəlilərə çıxışı daha asan olur. Həmin maddə istifadəçilərinin liderlərini seçərək, onları müalicə etmək lazımdır. Həmçinin liderlər hesabına əhatələri güclü olduğuna görə ətraflarına daha tez təsir göstərmək mümkündür. Bu məsələlərin həlli üçün əsas narkoloji dispanserlər lazımdır. Səhiyyə Nazirliyinin çox gözəl layihələri var. Lakin yenə də istənilən narkomaniya ilə bağlı qanunun 50 faizinin kökü narkodispanserdə dayanır. Narkotik aludəçiləri müalicə alıb çıxsa da, 90 faizi yenidən narkotikə qayıdır. Çünki insan fiziki asılılıqdan qurtulur, amma psixoloji tabelik qalır. Psixoloji asılılıqdan çıxmaq üçün isə həmin şəxs reabilitasiya olunmalıdır. Dövlətin reabilitasiya mərkəzləri yoxdur, özəllərin də qiyməti 1500 manatdan başlayır. Narkomanların 70-80 faizinin də 10 min manatı yoxdur ki, gedib, orada müalicə ala bilsin.
Qanunlar, sərtləşdirilmə olduğu halda bu narkomanları hara yerləşdirəcəyik? Tutaq ki, az miqdarda narkotik istifadəsi aşkar edildikdə onları hara göndərəcəyik? Bəs, müalicədən sonra nə edəcəyik? Bu məsələlərə baxılmalıdıır.
Şəxs reabilitasiya müddətindən sonra cəmiyyətə qayıtmalıdır. Qanunları sərtləşdirsək də, onları yenidən ictimaiyyət arasına döndərmək yolunu göstərmirik. Etmiş olsaq, gərək minimum 30 yeni narkodispanser tikilsin, 100-ə yaxın reabilitasiya mərkəzi yaradılsın. Belə analoji problemlər QHT-lərə həvalə edilsə, daha yaxşı olar.
Nümunə olaraq deyək: "zərərin azaldılması" layihəsində 10 QHT 1 il ərzində 10 min narkomanla fərdi işləyib. Demək olar ki, 1 il ərzində heç bir dövlət qurumu bu qədər narkotik istifadəçisi ilə şəxsi formada çalışmayıb".