Ərə verilən məktəblilər intihar edirlər! – “Ailələr cahil ənənələrdən əl çəkmirlər”

Sabirabad rayonunda məktəbli qız ərə verilib. Bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O, bildirib ki, Sabirabad rayonu Qəzli kəndində IX sinif şagirdinin qız toyu olub:
"1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacağam, anasının adı isə Zöhrədir”.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov məsələyə münasibət bildirib. N.Həmidovun sözlərinə görə, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb:

"Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət edilərək, qeyd olunan halın hüquqaziddliyi onların diqqətinə çatdırılıb. Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq, təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq, nəzarət ediləcək".
Qeyd edək ki, mayın 30-da da analoji hadisə baş verib. Kürdəmir rayonunun Xəlsə kəndində doqquzillik məktəbi bitirən qız keçən il qonşu kənddən olan oğlanla nişanlanıb. Oğlan evi qızın ailəsigilə toyun tarixi və digər məsələlərlə bağlı müzakirə üçün gəlib. Qonaqlar getdikdən sonra isə 18 yaşlı Aidə Məmişova intihar edib. Qardaşı onu hindən asılı vəziyyətdə tapıb. 
 
Psixoloq Elmir Əkbər "Şərq"ə açıqlamasında təəssüf  hissi ilə bildirib ki, belə acınacaqlı durumlar hələ də davam edir:

"Cəmiyyətin bir hissəsi dünyada gedən inkişafa baxmayaraq, cahil düşüncələrindən, ənənələrindən hələ də əl çəkmirlər. Bu da insan qurbanlarına gətirib, çıxarır. Ona görə də hər bir intihar ətraflı analiz olunmalı, səbəbləri ictimailəşdirilməlidir. İnsanların valideynləri, yaxud da başqaları intihara sövq edən davranışlar sərgiləyir. Nəticədə şəxs də çıxış yolunu özünəqəsddə tapır. Bu məsələlər insan toplusuna çatdırılmalıdır ki, özünü öldürməyə vadar edənlər belə hadisələrdən dərs götürsün".

E.Əkbər həmçinin əlavə edib ki, ölkəmizdə psixoterapevtik xidmət yoxdur:

"Azərbaycanda 2005-ci ildə həkim-psixoterapevtlik ixtisası ləğv olunub. Bütün dünyada hətta həkim-psixoanalitik, həkim-loqoterapevtlik ixtisasları yaranmasına baxmayaraq, bizdə mövcud olanı da dağıdıblar. Ona görə də Azərbaycanda düzgün psixoterapiya xidməti təşkil olunmalıdır. Xaricdə təhsil alıb, gəlmiş kadrlara ehtiyac var. Çünki ölkədə psixoterapiya məktəbi yoxdur. Bu da başqa peşə sahiblərinin vasitəsilə yetişdirilməməlidir. İşin rəhbərliyi kiminsə qohumuna, tanışına həvalə edilməli deyil. Peşəkarların, mütəxəssislərin öhtəsinə buraxılmalıdır ki, doğru psixoterapiya xidməti təşkil olunsun. Bütün dünyada çox gözəl fəaliyyət göstərən liqalar olduğu halda Azərbaycanda mövcud deyil. Digər bir əsas səbəb isə Azərbaycanda psixologiyanın çox aşağı səviyyədə, psixoterapiyanın isə sıfır vəziyyətdə olmasıdır".