Onları bu yola həm də münasibətdə olduqları kişilər sürükləyir
"Qadınlar arasında ölkəmizdə narkotik vasitələrə qurşananların sayının artmasının digər bir səbəbi də gözəllik salonlarında narkotik vasitələrin insanları arıqladan dərman kimi təbliğ olunmasıdır"
Respublika Narkoloji Mərkəzin statistikasına görə, hazırda Azərbaycanda 34 mindən çox narkotik aludəçisi var.
Bakı Şəhər Probasiya İdarəsinin böyük məsləhətçisi Günay Məmmədovanın həmin şəxslərdən 556-sının qadın, 7-sinin isə yetkinlik yaşına çatmayanlar olduğunu bildirib. Göründüyü kimi, zərif cinsin nümayəndələrinin "Ağ ölüm"ün girdabına düşməsi artıq Azərbaycanda da narahatlıq ifadə edəcək həddə çatıb. Bəs görəsən, mental dəyərlərə həmişə sadiq olan Azərbaycan qadınlarının narkotik istifadəçisinə çevrilməsinin səbəbi nədir?
Son zamanlar polis əməkdaşları tərəfindən Azərbaycanda narkomaniyaya qarşı mübarizə çərçivəsində geniş əməliyyat tədbirləri keçirildiyini vurğulayan Narkomaniya üzrə ekspert Emil Maqalovun sözlərinə görə, bu statistikaya sadəcə həmin əməliyyatlar zamanı saxlanılaraq məcburi qeydiyyata alınan narkotik istifadəçiləri aiddir. 100-lərlə qeydiyyatda olmayan narkotik istifadə edən qadınlar var ki, hüquq-mühafizə orqanları tərəfindən aşkar edilmədikləri üçün qeydiyyatda deyillər.
Qadınları narkotik maddə aludəçisinə çevirən səbəblərə gəldikdə isə E.Maqalov qadınların narkomaniyaya qurşanmasının müxtəlif səbəbləri olduğunu deyib. Onun sözlərinə görə, qadınlar daha çox münasibətdə olduqları kişilərin təsiri ilə narkotik maddələrdən istifadə etməyə başlayırlar. Narkotik istifadəçisi olan kişilər həyat yoldaşlarını, bəziləri isə məşuqələrini narkotik vasitə aludəçisinə çevirməkdə maraqlı olurlar:
“Qadınlar arasında ölkəmizdə narkotik vasitələrə qurşananların sayının artmasının digər bir səbəbi də gözəllik salonlarında narkotik vasitələrin insanları arıqladan dərman kimi təbliğ olunmasıdır. Artıq çəkili olmasını özünə kompleks edən, buna görə depresiyaya düşən qadınlar da özlərinə inam yaratmaq üçün narkotik vasitələrdən istifadə edirlər. Təbii ki, cahil olduqlarından arıqlamaq naminə etdikləri bu hərəkətin cinayət olduğunu və ən əsası ölümə aparan yol olduğunun fərqinə belə varmırlar”.
Vəziyyətdən çıxış yoluna gəldikdə isə ekspert deyib ki, narkomaniyaya qarşı mübarizənin 50 faizi müalicədən keçir. Çünki narkotik ticarəti ilə məşğul olanların 60-70 faizi həm də narkotik istifadəçiləridir: “İnsanlar birinci narkotik maddələrdən az miqdarda istifadə etməyə başlayır və getdikcə dozalarını artıraraq aludəçisinə çevrilir. Məsələn, bu gün 5 manatlıq qəbul edirsə, 3 gündən sonra artıraraq, 10 manatlığa keçir.
Elə insan var ki, doza qalxdıqca bir günə 300 manatlıq istifadə edir. Sözsüz ki, hər narkoman gündəlik o qədər məbləği tapa bilməz. Ağrıları dayansın deyə ya maddələri qəbul etməli, ya da müalicə almalıdır. Ona görə də oğurluq edir, gün ərzində fərz edək ki, 100 manat "qazanır".
Əvvəl qramın 10 yerə bölünmüş hissəsini əldə edirsə, indi özü bir qram alır, 15 yerə bölüb satır. Belə olduğu təqdirdə həm sabaha pulu, ümidi olur, həm də dərmanı. Ona görə də ilk növbədə narkomanların liderlərini tapmaq lazımdır. Narkotik maddələrin satışı ilə məşğul olan insanlar arasından söz sahibi olanları aşkarlayıb, müalicəyə cəlb etmək və “lokma”dan çıxandan sonra onlardan istifadə etməklə digər şəxsləri də detoks etmək lazımdır. Çünki onların narkotiklə əlaqəlilərə çıxışı daha asan olur”.
Səhiyyə Nazirliyinin "zərərin azaldılması" proqramını xatırladan E.Maqalov deyib ki, 15 ildir fəaliyyətdə olan layihənin küçə işçiləri Qeyri Hökumət Təşkilatları işləyir. Bu insanlar narkomanlarla ünsiyyət yaradıb onları müalicəyə cəlb edir:
“Amma Azərbaycanda narkoloji dispanserlərin sayının az olması bu sahədə çox ciddi çatışmazlıq yaradır. Narkodispanserlərdə yer sayı məhduddur. Yaxşı olar ki, əvvəlcə reabilitasiya mərkəzləri qurulsun.
Ölkədə narkomanların keyfiyyətli müalicəsi təşkil edilsin. Narkodispanserlərdən sonra bunlar reabilitasiya edilməlidir. Çünki böyük əksəriyyəti müalicə alsalar da, bir müddət sonra yenidən narkotik maddələrdən istifadə etməyə başlayır.
Mərkəzlər var, amma özəl sektordadır, bahalıdır və hər kəsin buna imkanı çatmır. Ona görə də dispanserdə müalicə alanların çox az hissəsi asılılıq vəziyyətindən çıxa bilir, qalanları yenidən narkotik istifadəçisinə çevrilir”.