Ekspert: Məktəblərin bağlanması çox həssas məsələdir

Əvvəla geniş təhlil olunmalıdır

Bu proses yalnız təhsil məsələsi deyil, həm də sosial, iqtisadi və demoqrafik problemlər yarada bilər

  Millət vəkili deputat Ceyhun Məmmədov 2025-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı bağlanma təhlükəsi ilə üz-üzə olan məktəblərin bağlanmasının əleyhinə olduğunu bildirib: “Rəsmi rəqəmlərə görə, təxminən 4400 məktəbdən 1500-nün bağlanması planlaşdırılır. Vəsaitin lazım olduğunu başa düşürəm, amma məktəblərin bağlanması o ərazilərin boşalmasına gətirib çıxaracaq”.
Deputat, həmçinin bölgələrdə yeni iş yerlərinin açılması məsələsinə də daha çox diqqət ayrılmasını təklif edib: “Bölgələrdən müraciətlərin çoxu iş və ya maddi dəstəklə bağlı olur”.
  Xatırladaq ki, bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərin komplektləşdiriləcəyini bildirib: "Rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da, biz buna getməliyik".
  Əslində, şagirdlərin sayı az olan məktəblər və siniflərin, habelə şagird sıxlığı müşahidə olunan məktəblər və siniflərin mövcudluğu, bəzi regionlarda müəllim çatışmazlığının, bəzi regionlarda isə müəllim artıqlığının müşahidə olunması nə dünənin, nə də bu günün problemidir. Bu, uzun illərdən bəri optimal həllini gözləyən vacib məsələlərdən biri kimi daim gündəmdə saxlanılıb. Zaman-zaman ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqramlar da hazırlanıb. Lakin bölgə məktəblərindəki vəziyyətin düzəlməsi istiqamətində konkret addımlar atılmayıb. İndi də çıxış yolunu şagird sayı az olan məktəbləri birdəfəlik bağlamaqda görürlər. Maraqlıdır, məktəblər bağlansa, həmin kənddə yaşayan  uşaqların təhsili necə olacaq? Payızın yağışında, palçığında, qışın qarında, çovğununda bir kənddən kilometrlərlə məsafə qət edib qonşu kəndin məktəbinə gedən uşaqların hansı əziyyətlərə qatlaşacağını təsəvvür etmək elə də çətin deyil. 
  Az şagirdi olan məktəblərin böyük məktəblərə birləşdirilməsi, sonra şagirdlərin avtobuslarla daşınması kimi məsələlər müzakirə predmeti olsa da, bu layihələrin özünü doğruldacağı şübhə doğurur. 
Üstəlik, deputatın qeyd etdiyi kimi. hansısa ucqar rayonun bir neçə kəndindəki az şagirdi olan məktəbi birləşdirmək həmin kəndlərdən şəhərlərə axını - urbanizasiya prosesini gücləndirəcək. Onsuz da insanlara kənddən qaçmaq üçün bir bəhanə lazımdır. Məktəblərin bağlanması da onlara kifayət qədər əsaslı səbəbdir. 
  
ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov isə “Sherg.az"a açıqlamasında deyib ki, məktəblərin bağlanması yalnız təhsil məsələsi deyil, həm də sosial, iqtisadi və demoqrafik problemlər yarada bilər. Bu məsələni yalnız bir istiqamətdən deyil, bütün tərəflərdən təhlil etmək və optimal həll yollarını müəyyənləşdirmək lazımdır:

“Azərbaycanda əhali sayı artmasına baxmayaraq, bəzi regionlarda şagirdlərin sayı azalır. Bu, əsasən miqrasiya və aşağı doğum səviyyəsi ilə əlaqələndirilir. Xüsusilə kənd yerlərində yaşayan əhali daha çox şəhərlərə və ya xaricə köç edir. Belə hallarda həmin kəndlərdə şagird sayı azalır və məktəblər fəaliyyətini davam etdirməkdə çətinlik çəkir. Təhsil sistemində məktəblərin bağlanması və ya birləşdirilməsi problemi yalnız Azərbaycanda deyil, dünya ölkələrində də rast gəlinən bir vəziyyətdir. Lakin bu cür dəyişikliklərin tətbiqində ən vacib məqam prosesin planlı və balanslı şəkildə həyata keçirilməsidir.
Şagird sayının azalması səbəbindən məktəblərin bağlanması bəzi üstünlüklər təqdim edə bilər. Məsələn, az şagirdi olan məktəblərin fəaliyyətini davam etdirməsi büdcə üçün əlavə yük yaradır. Resursların konsolidasiyası isə daha keyfiyyətli təhsil mühitinin yaradılmasına kömək edə bilər. Lakin bu qərar eyni zamanda çox ciddi risklər daşıyır. Məktəblərin bağlanması həmin ərazilərdə təhsil imkanlarının məhdudlaşmasına səbəb ola bilər. Uzaq məsafələrə görə bəzi şagirdlər məktəbə getməkdən imtina edə bilər ki, bu da erkən təhsildən yayınma hallarının artmasına gətirib çıxarar. Bu, xüsusilə maddi çətinliklər yaşayan ailələrin uşaqları üçün aktualdır.
Digər tərəfdən, məktəblərin bağlanması müəllimlərin işsiz qalması problemini ortaya çıxarır. Təhsil müəssisələrinin bağlanması ilə həmin məktəblərdə işləyən müəllimlər iş yerlərini itirə bilər. Bu isə regionlarda müəllimlərin sayının azalmasına, nəticədə təhsil keyfiyyətinin daha da aşağı düşməsinə gətirib çıxara bilər. Müəllimlərin yenidən işlə təmin olunması üçün mexanizmlərin yaradılması bu prosesin ən vacib hissələrindən biridir”.

  K.Əsədovun sözlərinə görə, bu problemin həlli yollarını müəyyənləşdirmək üçün bir neçə mühüm addım atıla bilər. İlk növbədə, məktəblərin bağlanması qərarı yalnız təhsil sahəsində deyil, həm də sosial-iqtisadi kontekstdə nəzərdən keçirilməlidir: 
“Bu qərarın mümkün nəticələri geniş şəkildə təhlil edilməli və hər bir ərazi üçün fərdi həllər tətbiq olunmalıdır. Məsələn, az şagirdi olan məktəblərin bağlanması yerinə onların daha böyük məktəblərlə birləşdirilməsi mümkündür. Bunun üçün isə şagirdlərin təhlükəsiz daşınması mexanizmi yaradılmalıdır. Daşınma prosesi zamanı onların rahatlığı, təhlükəsizliyi və vaxt itkisi minimuma endirilməlidir.
Bununla yanaşı, bağlanacaq məktəblərin müəllimləri üçün alternativ iş yerləri təklif edilməli və ya onların başqa təhsil müəssisələrinə keçməsi üçün şərait yaradılmalıdır. Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün xüsusi təlim proqramları tətbiq olunaraq onların yeni vəzifələrə uyğunlaşması təmin edilməlidir. Bu həm də təhsil sistemində keyfiyyətin artmasına səbəb ola bilər.
  Az şagirdi olan məktəblərin fəaliyyətini davam etdirməsi büdcə üçün əlavə yük yarada bilər, lakin bu məsələyə yalnız iqtisadi deyil, həm də sosial və strateji baxımdan yanaşmaq lazımdır. Məktəbin bağlanması o ərazinin boşalmasına və insanların həmin yerləri tərk etməsinə gətirib çıxara bilər. Məktəblər yalnız təhsil müəssisəsi deyil, həm də cəmiyyətin mərkəzidir. Onların bağlanması həmin regionlarda həyat səviyyəsinin aşağı düşməsi ilə nəticələnə bilər. Bu səbəbdən, məktəblərin bağlanması əvəzinə, onların modernləşdirilməsi və yeni funksiyaların əlavə olunması təklif edilə bilər. Məsələn, məktəblər həm də mədəniyyət, peşə təhsili və ictimai fəaliyyət mərkəzi kimi fəaliyyət göstərə bilər.
Son olaraq, bu cür dəyişikliklər zamanı ictimaiyyətin iştirakı və dəstəyi vacibdir. Məktəblərin bağlanması və ya birləşdirilməsi qərarları valideynlər, müəllimlər və yerli icmalarla məsləhətləşərək həyata keçirilməlidir. Bu, qərarların daha geniş şəkildə qəbul edilməsinə və potensial narazılıqların qarşısının alınmasına kömək edəcək. Prosesin şəffaf və ədalətli aparılması təhsil sisteminin inkişafı üçün vacib şərtdir.
Bütövlükdə, məktəblərin bağlanması və ya birləşdirilməsi məsələsi həssas yanaşma tələb edir. Bu qərarın qəbulunda yalnız iqtisadi səbəbləri deyil, həm də təhsil keyfiyyətinə və sosial-iqtisadi mühitə təsirləri nəzərə alınmalıdır. Məktəblər yalnız təhsil müəssisəsi deyil, həm də cəmiyyətin formalaşmasında mühüm rol oynayan mərkəzlərdir. Onların bağlanması ilə əlaqədar qərarlar balanslı və cəmiyyətin maraqlarına uyğun şəkildə qəbul edilməlidir”.