Türkiyəli yazar Kadir Kaymakçı süni intellektin yazıçılığı necə dəyişdirdiyini və insan cümlələrinin həqiqətən nə dərəcədə “özümüzə aid” olduğunu müzakirə edib. Müəllif yazır ki, insanın qurduğu cümlələrdə oxuduğu yüzlərlə yazıçının izi olur və bu baxımdan insan düşüncəsi ilə süni intellekt arasında müəyyən oxşarlıq yaranır.
Sherg.az xəbər verir ki, MIT-də dərs keçən yazıçı Micah Nathan isə tələbələrinin süni intellektdən istifadə etdiyini hiss etdikdən sonra bu mövzuda ciddi narahatlıq keçirdiyini bildirib. Onun sözlərinə görə, süni intellekt mətnləri texniki baxımdan qüsursuz görünə bilər, amma insan yazısındakı emosional mübarizə və səmimiyyət çatışmır.
Nathan qeyd edib ki, yazmaq sadəcə cümlə qurmaq deyil, düşüncə və diqqət vasitəsilə insanın özünü formalaşdırması prosesidir. O, tələbələrinin hazır mətnlərə alışmasının yaradıcı inkişaf üçün təhlükə yaratdığını vurğulayıb.
Məqalənin sonunda müəllif qeyd edir ki, müxtəlif yazıçıların təsiri hiss olunsa da, insanın öz cümləsi yenə də onun daxili dünyasının məhsuludur.