Qubada Aşıq Ələsgərin irsi elmi-praktik müstəvidə təhlil olunub

Quba şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və Aşıq Ələsgərin anadan olmasının 205 illiyi münasibətilə “Dədə Ələsgər poeziyasında məkan və yaddaş: Göyçə konteksti (Quba müstəvisində)” mövzusunda elmi-praktik tədbir təşkil olunub.

Tədbir Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyi, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının birgə təşkilatçılığı ilə baş tutub.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl iştirakçılar Qərbi Azərbaycanın tarixi, mədəni irsi, toponimləri və soydaşlarımızın keçdiyi çətin sınaqları əks etdirən sərgi və informasiya stendləri ilə tanış olublar. Sərgidə, həmçinin ustad sənətkarın həyat və yaradıcılığını əks etdirən materiallar nümayiş etdirilib.

Elmi-praktik tədbir ADPU-nun Quba filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayevanın moderatorluğu ilə təşkil olunub.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr edilmiş videoçarx təqdim olunub.

Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru İlham Qaraqurbanlı çıxışında Dədə Ələsgər irsinin Quba müstəvisində tədqiqinin və təbliğinin tarixi yaddaşın qorunması, milli-mənəvi dəyərlərin yaşadılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev geniş məruzə ilə çıxış edib. Məruzədə Aşıq Ələsgər poeziyasında yer alan Göyçə mahalının toponimləri, coğrafi məkanları və təbiət təsvirləri tarixi coğrafiya, şəhərsalma və sosial-mədəni yaddaş aspektindən təhlil olunub. Bildirilib ki, ustad sənətkarın yaradıcılığında əks olunan coğrafi adlar xalqın həmin torpaqlardakı tarixi varlığının və milli kimliyinin poetik ifadəsidir.

Müzakirələr zamanı “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli ustad sənətkarın irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən layihələrdən danışıb. O, Aşıq Ələsgər yaradıcılığının bütöv xalqın mənəvi sərvəti olduğunu vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı isə çıxışında Aşıq Ələsgər poeziyasının dil xüsusiyyətləri, bədii-fəlsəfi dərinliyi və klassik aşıq şeirinə gətirdiyi yeniliklərdən bəhs edib.

Tədbirdə çıxış edən digər natiqlər də Dədə Ələsgər irsinin milli-mənəvi yaddaşın formalaşmasındakı rolundan danışıblar.