Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri 7 676 420 000,0 manat məbləğində proqnozlaşdırılır.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Bu, 2024-cü illə müqayisədə 726 560 000 manat, yaxud 10,45% çoxdur.
Layihəyə əsasən, gələn il DSMF-nin xərclərinin maliyyələşmə mənbəyi aşağıdakılardır:
- Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin gəlirləri - 7 617 400 000,0 manat;
- Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən - 59 020 000,0 manat.
Fondun 2025-ci il üçün məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərinin həcminin 5997,40 mln. manat və ya gəlirlərin 78,73 faizi qədər təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiqlənmiş proqnoz məbləği göstəricisi ilə müqayisədə 519,26 mln. manat və ya 9,48 faiz çoxdur.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.