Eldar Salayev II Fəxri Xiyabanda torpağa tapşırılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti fizika-riyaziyyat elmləri doktoru, akademik Eldar Salayev də haqq dünyasına qovuşub.
Böyük alim, bacarıqlı elm adamı dəyərli ziyalı kimi bütün ölkə ictimaiyyətinin sevgisini qazanan Salayevin vəfatı bütünlükdə elmi ictimaiyyət üçün ağır itki kimi dəyərləndirilib.
Ömrünün 88-ci baharında dünya ilə vidalaşan alimin yaratdığı cihazlar, gördüyü işlər sayəsində əzizi xatirəsi xalqımızın yaddaşında həmişə yaşayacaqdır.
E.Salayev Eldar Yunus oğlu 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində anadan olub. 1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini işləyib.
1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professordur. 1980-ci ildə Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti olub.
O, akademiyada dörd institutun əsasını qoyub: Əlyazmalar İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Millətlərarası Münasibətlər İnstitutu, Xəzərin Ekoloji problemləri İnstitutu.
E.Salayev Milli Elmlər Akademiyasının prezidenti kimi humanitar elmləri nüfuzlu dəqiq-texniki elmlərlə eyni müstəviyə qaldırmaq istəyirdi.
O, Xəzərin və respublikanın artmaqda olan ekoloji problemlərinin qarşısını almaq üçün tədbirlər planı hazırlayıb. Bu plana əsasən zavod və fabriklər, istehsalat müəssisələri ilə akademiya arasında sıx əməkdaşlıq yaranıb. Eldar müəllimin başçılığı ilə bir sıra regionlarda – Şamaxı, Naxçıvan, Şəki, Qubada elmi-tədqiqat müəssisələri yaradılıb.
E.Salayev bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahəsində görkəmli alimdir.
O, başlıca olaraq yeni mürəkkəb yarımkeçiricilərin alınması, fundamental tədqiqi, onlar əsasında yeni cihazların yaradılması və xalq təsərrüfatına tətbiqi ilə məşğul olub. Bu cihazlar Kurçatov adına Atom enerji institutunda termo nüvə sintez zamanı yüksək temperaturlu plazmaya nəzarət qurğusu, lazer nişanlanma sistemi, yerin təbii sərvətlərini tədqiq edən “Kosmos”, “Resurs-01”, “Resurs-09” kosmik aparatları, Mars planeti və onun Fobos peykini tədqiq edən “Fobos” avtomatik stansiyası, müxtəlif markalı və təyinatlı pilotsuz sistemlər, 1984-cü ildə birinci dəfə Moskva şəhəri və vilayətinin istilik xəritəsini çəkən uçan aparat, müxtəlif raket, təyyarə və yerüstü döyüş maşınlarında və s. müvəffəqiyyətlə istifadə olunub.
E.Salayev 420 elmi əsərin və 88 ixtiranın və patentin, 4 monoqrafiyanın müəllifidir. O, ölkəmizdə və onun hüdudlarından kənarda təşkil edilən çoxsaylı elmi tədbirlərdə Azərbaycan elmini uğurla təmsil edib. Onun elmi rəhbərliyi ilə 40-dan artıq fəlsəfə və elmlər doktoru yetişdirilib.
“Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilib, akademik Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır.
E.Salayevin ictimai-siyasi fəaliyyəti də uğurlu olub. O, Azərbaycanda başlanan Milli Azadlıq Hərəkatına dəstək verən yüksək vəzifəli ziyalılarımızdan biri olmaqla yanaşı ölkənin ilk siyasi partiyası olan Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu olaraq partiyanın təşkilatlanmasında və inkişafında aktiv iştirak edib.
E.Salayevin vəfatı xaqlımız, millətimiz, eləcə də milli istiqlalçılar üçün ağır itkidir. Tanınmış alim, bacarıqlı elm təşkilatçısı, səmimi və qayğıkeş insan, yüksək mədəniyyətə və geniş dünya görüşünə malik Eldar Yunis oğlu Salayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Qeyd edək ki, sabiq AMEA prezidenti ilə vida mərasimi başa çatıb.
Mərasimdə elm və təhsil xadimləri, mərhumun dostları, ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər E.Salayevlə bağlı xatirələrini bölüşüb, onun elm və təhsil sahəsindəki xidmətlərindən danışıblar.
Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılıb.
P.s. “Şərq” qəzetinin rəhbərliyi və kollektivi də görkəmli akademik Eldar Salayevə Allahdan rəhmət diləyir! Ruhu şad olsun!