Əhməd Qəşəmoğlu:“Mənəvi dəyərlər sıxışdırılanda kriminal durumlar, dələduzluq, fırıldaqçılıq çoxalır”
Son vaxtlar hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, işə düzəltmə, investisiya yatırma imkanları və s. ilə bağlı müxtəlif təkliflər edilir. Xüsusilə, işə düzəltmək adı ilə dələduzluq halları artıb. Onlar yüksək vəzifəyə işə düzəlmək vədi verərək vətəndaşlardan yüksək məbləğdə pul tələb edirlər.
"Qalstuklu moşenniklər" camaatın pulunu alıb, sonra aradan çıxırlar. "Sizinlə əlaqə saxlayacağıq" desələr də, gözlənilən zəng gəlmir.Analoji hadisə Lənkəranda baş verib. Dələduzluq edən qadın saxlanılıb. O eyni əməllərə görə, Bakıda axtarışda imiş. Dələduzluğa əl atan qadın zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyib. İlin-günün bu vaxtında gözümüzü kəlləmizə çıxaran yüksək maaşlı iş elanlarını kim əldən vermək istəyər ki?! Təəssüf, işə düzəltmə şirkətləri və yaxud müəyyən şəxslər işsizlərin qəniminə çevrilib.
Belə yerdə deyirlər: əcəb işə düşmüşük...
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, əsas səbəb mənəvi dəyərlərin arxa planda qalmasıdır:
"Hindistan kimi ölkələrdə belə hallar çox yaşanır. Mənəvi dəyərlər sıxışdırılanda kriminal durumlar, dələduzluq, fırıldaqçılıq çoxalır. Nizami, Firdovsi, dini kitablar, peyğəmbərlər, müdrik insanlar mənəvi dəyərlərə üstünlük verib. Sovet vaxtında belə şeylər eşitmirdik. İndi hər kəs bir-birini aldatmaqda, kələk gəlməkdə məharətlidir.
İnsanlar dəbdəbə, "zerkalnı" maşın nömrəsinə, qır-qızılla bəhsə girməsinlər. Ağılları, bacarlıqları ilə yarışsınlar".