Azərbaycan Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünün təmini üçün II Qarabağ müharibəsində qəhrəmanlıq göstərdi. Hərb tariximizə şanlı səhifələr yazıldı. Yüzlərlə igid övlad işğalçı düşmənə qarşı həyata keçirilən əməliyyatlar zamanı canından keçərək şəhidlik zirvəsinə yüksəldi. Yüzlərlə hərbi qulluqçu sağlamlığını itirərək qazi oldu. Dövlət hər zaman şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının sosial müdafiəsini dövlət siyasətinin tərkib hissəsi kimi diqqət mərkəzində saxlayır.
Prezident İlham Əliyevin 8 dekabr 2020 - ci il fərmanı ilə təsis olunan "YAŞAT" Fondu da ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılıb. Fond fəaliyyət göstərdiyi müddət ərzində bir çox işlər görüb.
"YAŞAT" Fondu ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat yayıb. Sözügedən hesabatda mühüm məqamlar diqqətə çatdırılıb. Hesabatda düşərgələrin təşkilinə dair məlumatlar yer alıb.
Belə ki, "Neftçi" Peşəkar Futbol Klubu (PFK), "ASAN Könüllüləri" Təşkilatı və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə şəhid və sosial baxımdan həssas ailələrin övladları üçün "III Neftçili Yay Futbol Düşərgəsi" layihəsi keçirilib. Açılış mərasimi 2021-ci il 14 iyun tarixində baş tutub. Layihədə şəhid və sosial baxımdan həssas ailələrin 7-12 yaş aralığında olan övladları iştirak edib.
“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 2021-ci ilin 12 iyul tarixindən 2021-ci ilin 28 avqust tarixinədək 3 fərqli yaş qrupunu əhatə edən şəhid övladları üçün Lənkəran şəhərində, "Springs Wellness Resort” hotelində ümumilikdə 211 uşağı əhatə edən 6 düşərgə gerçəkləşdirilib. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları reallaşıb. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edib.
Həmçinin “YAŞAT” Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Bank Respublikanın dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə 2022-ci ilin 27 may-30 may tarixlərində Qəbələdə “YAŞAT” idman düşərgəsi də baş tutub. Layihədə Kürdəmir, Balakən, Şəki, Qəbələ, Şamaxı və İmişlidən olan, idmana marağı olan şəhid övladlarını əhatə edib. Layihədə 8-13 yaş aralığındakı 22 şəhid övladı Qəbələ Olimpiya və İdman Kompleksində peşəkar məşqçi heyəti tərəfindən futbol, taekvando, qaydasız döyüş, cüdo, boks, gimnastika və digər idman növlərinin məşqlərinə cəlb olunublar. Eyni zamanda onlar Azərbaycan kubokunun final görüşündə futbolçularla birgə meydana çıxıblar. Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, idmana marağı artırmaq, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.
2022-ci ilin 16 iyun tarixində isə “YAŞAT” Fondunun və “Neftçi" Peşəkar Futbol Klubu (PFK) birgə təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün "IV Neftçili Yay Futbol Düşərgəsi" layihəsinə start verilib. 2022-ci ilin 25 iyun tarixinədək davam edəcək layihədə 6-12 yaş aralığındakı 104 şəhid övladının iştirakı nəzərdə tutulub. Layihə çərçivəsində iştirakçılar qruplara bölünürlər. Onlarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçirilir, onlara peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədilir, kino saatları təşkil olunur. Düşərgəni uğurla bitirmiş iştirakçılar sertifikat, müxtəlif hədiyyələr və imtiyazlarla təltif ediləcəklər. Layihənin media dəstəkçiləri “ASAN Radio” və “Neftçi TV”dir. Hesabatda həyata keçirilən digər layihələr də əksini tapıb. Sənəddə göstərilib ki, 10 mart – 13 mart 2021-ci il tarixdə Dövlət Agentliyinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfər etmiş, səfər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən “Elele” (Əl-ələ), “Eğitim” (Təhsil), “Dayanışma” (Həmrəylik) və “Mehmetçik” (Əsgər) Fondlarında konkret məsələlər ətrafında səmərəli müzakirələr aparılıb, təcrübə mübadiləsi həyata keçirilib. Eyni zamanda Türkiyə Respublikasında müalicə alan ağır yaralılar ziyarət olunub.
“YAŞAT” Fondunun təşəbbüsü, “Vətən Ulduzları” Fondunun təşkilatçılığı ilə 17 mart – 18 mart 2021-ci il tarixdə 10 şəhid övladı Ankara şəhərində baş tutan “Övladlarımız Tək Ürək” 18 mart şəhidləri Anma və Çanakkale Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunmuş proqramda iştirak edib.
Eləcə də, 18 mart - 21 mart 2021- ci il tarixdə “YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələrinə və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralılara 368 000.00 AZN dəyərində olan 4000 qutu Novruz sovqatı paylanılıb. Qeyd edək ki, 16 aprel 20201-ci il tarixində Dövlət Agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq platforması və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.
25 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu keçirilib. Marafonun məqsədi şəhid ailələri və yaralananlara yardım edilməsi ilə bağlı dünyanın müxtəlif olkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır. Marafon müddətində (29.04.2021-ci il tarixindən 31.05.2021-ci il tarixinədək) Fondun hesabına 990 067.00 AZN, 10 180.00 USD, 6 395.86 EUR, 34 117.32 TRY, 2 844.07 RUB, 2 975.00 GBP vəsait olmaqla ümumilikdə 1 042 609.29 AZN vəsait daxil olub. Sms ianə vasitəsi ilə 2021-ci il 25-26 may tarixləri üzrə 5061 AZN vəsait toplanılıb. Hesabada vurğulanıb ki, 1 iyun 2021-ci il “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyası ilə birgə təşkil olunan, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə “Hədiyyə Karvanı” layihəsi çərçivəsində Tovuz, Ağstafa, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Ağcabədi, Ağdam, Füzuli, İmişli, Kürdəmir, Mingəçevir, Şəki və Balakən olmaqla 15 yaşadək olan şəhid və qazi övladlarına hədiyyələrin paylanması həyata keçirilib. 2000-dək uşağa hədiyyələr təhvil verilərək öncədən müəyyən edilən siyahı üzrə hədiyyələrin paylanılması yekunlaşıb.“YAŞAT” Fondu ilə AFFA-nın Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində 6-18 yaş aralığında olan şəhid və yaralıların övladlarına UEFA 2020 Avropa çempionatının Bakıda keçirilən futbol oyunlarını izləmək üçün 1400 bilet təhvil verilib.
14 iyul tarixində Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutan “Neftçi” – “Dinamo Tbilisi” oyununu izləmək üçün 60-dan çox şəhid övladlarına bilet təqdim olunub.
“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin orta məktəbdə təhsil alan övladları üçün xüsusi layihə keçirilib. Layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar Fond tərəfindən bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət 800-dən çox hədiyyə qutuları çatdırılıb.
25-26 sentyabr 2021-ci il tarixlərində “YAŞAT” Fondunun, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Şəhid əmanətləri Şuşada” layihəsi baş tutub. Layihə çərçivəsində şəhidlərimizin övladlarının Şuşa şəhərinə səfəri təşkil olunub. Səfər müddətində iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın zəngin tarixi, mədəni irsi, quruculuq və bərpa işləri ilə yerindəcə tanış olmaq imkanı əldə etmişdir. Şuşa şəhərində ağacəkmə aksiyası təşkil olunmuş və şəhidlərimizinövladları tərəfindən atalarının əziz xatirəsinə 100 ədəd eldar şamı ağacı əkilib.2021-ci il 7 noyabr tarixində “YAŞAT” Fondunun və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə “YAŞAT” Xeyriyyə Marafonu keçirilib. Marafon müddətində (20 oktyabr tarixindən 9 dekabr tarixinədək) 1 391 697.26 AZN vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə edilib. “YAŞAT” Xeyriyyə Marafonu ilə əlaqədar İctimai Televiziyada 7 noyabr səhər saat 12:00-dan 18:00-a kimi efir saatı ayrılıb və canlı yayım zamanı sms vasitəsi ilə 4 041 AZN vəsait toplanılıb. Dənizkənarı Milli Parkda 2021-ci il 29 oktyabr - 9 noyabr tarixlərində “Zəfər” Yarmarkası keçirilib. Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutub. Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır. Yarmarka müddətində müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı reallaşdırılmışdır. Eyni zamanda Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılılıb. Yarmarkanın hər bir günündə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramları keçirilib. Ümumilikdə 12 gün ərzində Yarmarka müddətində toplanmış 64 558.58 AZN vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə edilib.
2021-ci ilin 8 dekabr tarixində Bakı Konqres Mərkəzində “YAŞAT” Fondunun 1 illik fəaliyyətinə dair mətbuat konfransı təşkil olunub. Mətbuat konfransında 50-yə yaxın media qurumunun 80-ə yaxın nümayəndəsi iştirak edib, Fondun fəaliyyəti barədə məlumat kütləvi informasiya vasitələrində işıqlandırılıb.
2021-ci il 6 dekabr tarixindən 2021-ci ilin 10 dekabr tarixindək “YAŞAT” Fondunun dəvəti ilə Türkiyə fondlarının rəhbərlərinin ölkəmizdə səfəri baş tutub. Nümayəndə heyətinin tərkibində Türk Silahlı Qüvvələri Mehmetçik Fondunun rəhbəri ehtiyatda olan general-leytenant Engin Durak, Türk Silahlı Qüvvələri Elele Fondunun rəhbəri general-mayor Taci Kurul, Türk Silahlı Qüvvələri Eğitim Fondunun rəhbəri ehtiyatda olan general-leytenant Kemal Korkmaz və Türk Silahlı Qüvvələri Dayanışma Fondunun rəhbəri ehtiyatda olan polkovnik Mustafa Dündar daxil idi. Qonaqlara “YAŞAT” Fondunun yaradılması, məqsədləri və həyata keçirilən tədbirlər barədə məlumat verilib. “YAŞAT” Fondu ilə Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən Fondlar arasındakı mövcud və gələcək əməkdaşlıq perspektivlərinin inkişafı istiqamətində müzakirələr aparılıb. Fondların rəhbərləri 3 televiziya proqramına (AzTV-“Əsas məsələ”,”ASAN həyat” və İTV-“Sabaha saxlamayaq”) dəvət edilib, onlar tərəfindən Fondların fəlsəfəsi, yaradılma məqsədi, mahiyyəti və Türkiyə Respublikası vətəndaşları tərəfindən Fondlara edilən dəstək barədə məlumat verilib.“YAŞAT” Fondu ilə Dövlət İmtahan Mərkəzi arasında keçirilən layihə çərçivəsində regionlarda silsilə tədbirlər keçirilərək şəhid övladlarına dərs vəsaitləri hədiyyə edilir. Bakı Bərdə, Naxçıvan, Gəncə, Tovuz, Lənkəran, Şirvan və Xaçmazda baş tutan tədbirlərdə şəhid övladlarına Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan dərs vəsaitləri təhvil verilib.
“YAŞAT” Fondunun təşəbbüsü, “AMO Group”-un sponsorluğu, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Diasporuna Dəstək Fondu, “PAŞA Həyat Sığorta”, Azərbaycan Respublikasının İstanbul Şəhərindəki Baş Konsulluğu və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının dəstəyi ilə Türkiyədə müalicəsi davam etdirilən 7 yaralı ailəsinin 19 ailə üzvünün 2021-ci ilin 26 dekabr – 2022-ci ilin 2 yanvar tarixində həmin ölkəyə səfəri təşkil olunub. Layihənin məqsədi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə və Yeni il bayramında yaralıların ailə üzvləri və yaxınları ilə birlikdə olmalarını təmin etməkdir.
“YAŞAT” Fondu, PAŞA Holding və “Bravo” marketlər şəbəkəsinin dəstəyi ilə şəhid ailələri və müharibə əlillərini Novruz bayramı münasibətilə təbrik edib. Bu məqsədlə 6800-dək Novruz sovqatı qutusu hazırlanıb və ailələrə təhvil verilib. Qutulara ərzaq məhsulları, bayram azuqələri yerləşdirilib.
“Çiyin-çiyinə dəmir yumruq” layihəsi çərçivəsində 2022-ci il 12 may tarixindən 19 may tarixinədək “YAŞAT” Fondunun, “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi və Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının (ƏAQF) və “Alanyaspor” futbol klubunun birgə təşkilatçılığı ilə 50-ə yaxın qazinin Türkiyənin Alanya şəhərinə səfəri baş tutub. Layihə çərçivəsində klubun prezidenti ilə görüş, Alanyanın tarixi və mədəni yerləri ilə tanışlıq olub. Onlar həmçinin 2022-ci il 15 may tarixində “Alanyaspor-Gaziantepspor”un futbol maçını canlı izləyiblər.
2022-ci ilin 26 may-29 may tarixlərində Bakıda “Teknofest - Azərbaycan” - aviasiya, kosmos və texnologiya festivalına start verilib. Festivalda “YAŞAT” Fondu tərəfindən şəhid övladlarından ibarət komandanın Zəfər yolu üzərindən dron uçuşu nümayişi təşkil olunub. Eyni zamanda maketin yanında Fondun hesabatlılığı ilə bağlı videoçarx göstərilib. Təqdimat “Kristal Abşeron”un dəstəyi ilə hazırlanıb.
Şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı, Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə "YAŞAT" Fondunun fəaliyyətini "Sherg.az"a dəyərləndirib. Onun fikirlərinə görə, adıçəkilən fondun xeyriyyəçilik missiyası cəmiyyətimiz tərəfindən müsbət qarşılanır:
" YAŞAT" Fondunda vətəndaş cəmiyyətini təmsil edirəm. "YAŞAT" Fondunun xeyriyyəçilik missiyası cəmiyyətimiz tərəfindən müsbət qarşılanır. Görülən işlərin effektivliyi diqqətdən qaçmır. Daim hesabat verməyə açıqdılar. Tibb, təhsil, məişət şəraitinin yaxşılaşıdırlması və s. istiqamətində aparılan işlər bəhrəsini verməkdədir.
Sosial reabilitasiya tədbirlərinin təşkili, psixoloji dəstək aksiyalarının keçirilməsi, xaricdən gələn tibb mütəxəssislərinin apardığı müayinələr və s. qazi qardaşlarımızın sağlamlıqları üçün nəzərdə tutulur. Türkiyədə də qazilərimiz müalicə alır. Səhhəti düzəlib ölkəyə qayıdan qazilərimiz də var. Hər biri xalqımızın "YAŞAT" Fonduna köçürdüyü ianələr hesabına başa gəlib. İnsanlar şəhid əmanətlərinə, vətən müharibəsi qəhrəmanlarına sahib çıxır".
S.Alızadə ağır xəstəliklərdən əziyyət çəkən şəhid övladlarının müalicəsindən danışıb:
"Onların müalicəsindən ötrü yüksək məbləğdə pul lazım idi. Himayəçilik Şurasının iclasında bu məsələləri qaldırdıq. Professor Məsud Aşinanın tövsiyəsi ilə həmin şəhid övladları uzun sürən müalicələrdən, əməliyyatlardan sonra "YAŞAT" Fondunun dəstəyi ilə sağlamlıqlarına qovuşdular. Şəhid övladlarını gümrah görmək bizə ruh verir.
İanələrin sayı nə qədər çox olarsa, dəstək məqsədilə aksiyaların sayı da artar. Yaxın zamanlarda şəhid övladları üçün yay düşərgələrinin təşkili planlaşdırılıb.
"Neftçi yay düşərgəsi" artıq reallaşıb. Düşərgələr mütəmadi baş tutacaq.
Hər biri şəhid övladlarının yaxşı böyüməsi, sağlam, qayğılı, şəfqətli mühitdə hiss etməsindən ötrüdür. Şəhidlərin əmanətlərinə sahib çıxaraq onların ruhunu şad etmiş olarıq".