Yük maşınları ilə bağlı qəzalar artıb

Kənd təsərrüfatı texnikaları yola çıxmazdan əvvəl yoxlanmalıdır


  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Kənd təsərrüfatı texnikasını idarə edən sürücülərlə bağlı xəbərdarlıq edib. Aqrar Xidmətlər Agentliyinə ünvanlanan müraciətdə qeyd olunur ki, bölgələrdə kənd təsərrüfatı məhsullarının yığımı ilə əlaqədar həmin yük maşınlarının tez-tez avtomobil yollarında hərəkət etməsi qəza şəraiti yaradır: “Son vaxtlar respublikamızın əksər bölgəsində kənd təsərrüfatı məhsullarının yığımı ilə əlaqədar həmin sahədə istifadə olunan texnikanın tez-tez avtomobil yollarında hərəkət etməsi və müxtəlif növ malların daşınması halları müşahidə olunur. Bəzən ayrı-ayrı sürücülər tərəfindən belə daşımaların texniki standartlara uyğun gəlməyən, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikaları ilə həyata keçirilməsi kimi qayda pozuntularına yol verilir ki, bu da ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real şərait yaradır.

  Belə qəzaların qarşısının alınması məqsədilə kənd təsərrüfatı sahəsində işləyən və bu növ məhsulların daşınması fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, kənd təsərrüfatı məhsullarının daşınması yalnız texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə həyata keçirilsin, həmçinin kənd təsərrüfatı texnikasının avtomobil yolu, yaxud əkin sahəsində hərəkət etməsindən asılı olmayaraq sürücüsünün alkoqollu içkilərin və ya psixotrop maddələrin təsiri altında, habelə yorğun və yuxulu halda sükan arxasına əyləşməməsinə xüsusi diqqət yetirilsin". 

  Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun “Şərq”ə açıqlamasına görə, kənd təsərrüfatı texnikalarının ümumi istifadə üçün nəzərdə tutulan avtomobil yollarında hərəkət qaydaları mövcuddur: 

“Kənd təsərrüfatı məhsullarının daşınması üçün istifadə olunan xüsusi texnikalar, o cümlədən traktor və kombayn kimi aqrar avtomobillərin sürücüləri  müəyyən olunmuş hərəkət qaydalarına əməl etməlidir. Baş verəcək hər hansı bir qanun pozuntusunda, nasaz texnikanın yola çıxmasında  sürücülərlə yanaşı texnika sahibi olan fermerlər, birləşmiş kənd təsərrüfatları da məsuliyyət daşıyır.

  Xüsusən də bölgələrdə yol infrastrukturu bərbad vəziyyətdədir, yolların işıqlandırılması yox səviyyəsindədir. Yol xətləri doğru deyil, çala- çuxurların olması da ağırtonnajlı texnikaların qəza şəraiti yaratmasına səbəb olur. Bu səbəbdən də Daxili İşlər Nazirliyinin  Baş Dövlət Yol Polisi İdarəsi öncədən bu cür xəbərdarlıq  edir. Xüsusən də yay mövsümündə problem daha da aktuallaşır. Taxıl biçininə görə kombaynların tez-tez yollarda hərəkətini görürük. Əksər sürücülər  yük maşınlarını ötüb keçmə qaydalarının necə olduğunu bilmir”. 

  Problemin həllinə gəldikdə isə  ekspert  deyib ki, bu cür xəbərdarlıqların olması labüddür. Birdəfəlik həlli yolu olmasa da, nəzarət mexanizminin təkmilləşdirilməsi ilə müsbətə doğru dəyişikliklər olacaq. 

DYP əməkdaşlarına xüsusi icazə verilməlidir ki, reyd keçirərək kənd təsərrüfatı texnikalarını yollara çıxmazdan əvvəl yoxlasınlar. Yaxud da sahibkarlar, fermerlər özləri tabelikərində olan texnikanın  hansı vəziyyətdə olması ilə bağlı DYP-yə yazılı  bildiriş göndərsinlər.