Qarşılıqlı əlaqələr, səfərlər bundan sonra daha da inkişaf etdiriləcək
Dünən Türkmənistan paytaxtı Aşqabadda 5 Xəzəryanı ölkənin (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) dövlət başçılarının zirvə toplantısı keçirilib. Zirvə toplantısında əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə edilib.
Azərbaycan Prezidenti İlham Əliyev də Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfərə gedib.
Aşqabad Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin və xarici işlər nazirinin müavini Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar. Prezident İlham Əliyevin Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub.
Siyasi şərhçi Azər Həsrətin “Şərq”ə açıqlamasına görə, Xəzəryanı ölkələrin dövlət başçılarının Aşqabad sammiti və sammit çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi 5 ölkənin ticarət, tranzit, enerji, kənd təsərrüfatı və turizm sahələrində inkişaf etməsində öz töhfəsini verəcək:
“Əvvəla onu deyim ki, Türkmənistan bizim üçün son dərəcə əhəmiyyətli türk dövlətlərindən biridir. Bu mənada ölkə başçısının Aşqabad səfəri istənilən halda diqqətəlayiq bir haldır.
Ölkələrarası münasibətlərin daha da inkişaf etdirilməsində bu cür səfərlərin çox böyük siyasi əhəmiyyəti var. Üstəlik, Türkmənistanın yeni Prezidenti Sərdar Berdiməhəmmədov olandan Azərbaycanın dövlət rəhbəri ilk dəfədir Türkmənistana rəsmi səfər edir. Bunun özü də kifayət qədər əhəmiyyəti bir nüansdır. Dünyada gedən mürəkkəb proseslər fonunda türk dövlətləri arasında əlaqələrin genişlənməsi Türk Birliyinin güclənməsinə bir töhfədir. Digər türk dövlət başçılarının da qarşılıqlı səfərlərinin tezləşməsi də bunu deməyə əsas verir. Təsadüfi deyil ki, artıq Qazaxıstan prezidentinin avqust ayında Azərbaycana dövlət səfəri edəcəyi haqqında məlumat verilib. Çox güman Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısından sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana, o cümlədən də Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi dövlət səfərləri haqqında müəyyən danışıqlar gedəcək”.