Evin əsas elektrik xətləri keyfiyyətli naqillərdən istifadə edilərək çəkilməlidir
Bakının Sabunçu rayonunda dəhşətli yanğın olub. Hadisə Kürdəxanı qəsəbəsində yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınıb. Ümumi sahəsi 120 m² olan birmərtəbəli kürsülü evin dəhlizinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə, mətbəxinin tavanı 8 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,
yanğın bölmələri hadisə yerinə çatana kimi 7 nəfər (onlardan 4-ü uşaqdır) xəstəxanaya aparılıb. Uşaqlardan ikisi xəstəxanada vəfat edib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Fərdi həyət evlərində yanğınların başvermə səbəbləri haqqında “Şərq”ə açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, həyət evlərində təhlükəsizlik qaydalarına əvvəlcə tikinti-təmir zamanı diqqət yetirilməlidir:
“Fərdi yaşayış evlərində, həyət evlərində və binalarda yaşayan sakinlər tərəfindən riayət olunmalı olan yanğın təhlükəsizlik qaydaları vardır ki, onlara əməl edilməlidir. Adətən insanlar yaşadıqları evin ilk sahibi deyillər, bu da öz növbəsində daha diqqətli olmaq tələb edir. Yəni biz bilmirik ki, bizdən qabaq burda yaşayan şəxs evi hansı keyfiyyətdə təmir edib. Təmir vaxtı keyfiyyətsiz materiallardan istifadə edilməməlidir. Evin ilk sahibi şəxs özüdürsə, evin təmirində yanğın təhlükəsizliyinə dair normativləri nəzərə almalıdır. Yəni təmir vaxtı keyfiyyətsiz mal, materiallardan istifadə etməməlidir. Evin əsas elektrik xətlərini keyfiyyətli naqillərdən istifadə edərək çəkməlidir. Daha sonra otaqların və mətbəxin təyinatına uyğun normalar nəzərə alınmalıdır.
Nəzərə almaq lazımdır ki, texnologiyanın inkişafının müsbət tərəfləri olduğu kimi, insanların bundan düzgün istifadə etmədikdə, mənfi tərəfləri də vardır. Baş verən yanğın hadisələrinin statistikasına baxsaq elektrik qısaqapanmasından baş verən yanğın hadisələri çoxluq təşkil edir. Ona görə elektriklə bağlı olan hər şeyi ciddi nəzarətdə saxlamaq lazımdır. Birinci növbədə elektrik xətlərini yükləmək olmaz. Evdə eyni anda həm televizor işləyir, həm kondisioner, həm paltaryuyan, həm kompüter, həm yemək hazırlamaq üçün elektrik qızdırıcı və s. Bu da öz növbəsində elektrik xətlərinin yüklənməsi deməkdir ki, yüklənmə nəticəsində xətlərdə qızma olar, qısaqapanma yaranar və yanğın təhlükəsi yarana bilər. Ona görə eyni anda bu qədər elektrik ilə çalışan avadanlıqları işlətmək məsləhət deyil. Yəni tam ciddi yanğın təhlükəsizliyi qaydalarına riayət edilməklə bədbəxt hadisələrdən qorunmaq olar”.