“Evdə yaşadıqları problemləri ictimai nəqliyyata daşıyırlar”

Aydın Xan Əbilov: “İctimai nəqliyyatda davranış normaları ilə bağlı layihələr həyata keçirilməlidir”


Sumqayıt şəhərində sərnişinlə sürücü arasında baş verən mübahisə ilə bağlı müzakirələr davam edir. Hadisə iyunun 16-da şəhər ərazisində 12 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda baş verib. Bir-birinə nalayiq ifadələr işlətdikdən sonra tərəflər arasındakı mübahisə əlbəyaxa davaya çevrilib. Şəhər sakini Sənubər Baxşəliyeva ilə sürücü arasında baş verən mübahisə zamanı sürücü sərnişini itələyib. Bu zaman qadın avtobusdan yerə yıxılıb. İctimailəşən hadisə haqda hər kəs fərqli mövqe sərgiləyir. Sosial şəbəkələrdə istifadəçilər iki cəbhəyə ayrılıb: sürücünü özünümüdafiə etdiyi üçün dəstəkləyənlər və qadını itələdiyinə görə sürücünü tənqid edənlər. Qeyd edək ki, qadını avtobusdan itələyən sürücü Aqil Kosayev hadisədən sonra işdən çıxarılıb. Xəsarət alan Sənubər Baxşəliyevanın vəziyyəti isə qənaətbəxşdir.


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq, Aydın Xan Əbilov "Sherg.az"a danışıb. Onun sözlərinə görə, nəqliyyatda insanların bir-birinə qarşı aqressiv münasibəti hər zaman ictimai qınaq yaradıb: 

"Əgər qadının yerində kişi olsaydı, sürücüyə yumruq vursaydı, yenə də insanlar sərnişini müdafiə edəcəkdilər? Çox güman ki, qadın dayanacaqdan kənarda saxlamağı xahiş edib. Sürücü də etirazını bildirəndən sonra qadın radikal, ağır söyüşlərlə sürücüyə hücum çəkib. 

Sürücüyə əl çantası ilə zərbə endirən qadının günahı ucbatından o müvazinətini itirə bilərdi. Avtobus qarşıdakı nəqliyyat vasitəsilə toqquşsaydı, onlarla sərnişin xəsarət alsaydı, onda həmin qadını dəstəkləyərdikmi? Çox mübahisəli məsələlər var.
Gördüyüm qədər qadın aqressiv reaksiya verir, sürücü özünü müdafiə etməkdən ötrü qadını itələyir. Nəqliyyat ictimai yerdir, qadını itələməsəydi, daha yaxşı olardı. Soyuqqanlı davranmaq lazımdır. 
Görüntülər olmasaydı, "sürücü qadını təpikləyib " yalananına hamımız inanacaqdıq. Çəkilişdən bəllidir ki, sürücü sükan arxasındadır, qadın onun üstünə gəlir. Sürücü də özünü qorumaqdan ötrü bir az kobud, hər halda müdafiə xarakterli hərəkət edir.

İctimai nəqliyyatda özümüzü apara bilmirik, etik davranış qaydalarına riayət etmirik. Sürücülərə isə "qul" kimi yanaşırıq. O ailəsinə çörək aparır, özü də işdən çıxarılmasını istəməz".

Kulturoloqun qənaətincə, insanlar evdə yaşadığı problemlərini ictimai nəqliyyata daşıyır:

"Mənim başıma da belə bir hadisə gəlib. Restoranda dostlarımızla danışırdıq. Qadın yüksək səslə, deyib gülərək danışmağımıza irad tutmuşdu. Biz ona başa sala bilmədik ki, restoran əylənmək, başqalarına mane olmamaq şərtilə möhkəm danışmaqdan ötrüdür. Əgər qidalanmaq üçün gediriksə, evdə də yeyə bilərik. Sonradan qadının ailəsində problem yaşadığı məlum oldu. O problemini ətrafa yansıdır.

Yaşlı qadın sərnişinlərin kişilərə, gənclərə kobud münasibətini görürük. Pul verib avtobusa minib arxada əyləşirsə, qadın hansı haqla "dur, mənə yer ver" deyə bilər?".

Aydın Xan Əbilov bildirib ki, ictimai nəqliyyatda davranış normaları ilə bağlı layihələr həyata keçirilməlidir:

" Nəqliyyat Nazirliyi, Sumqayıt şəhər ictimai nəqliyyatına cavabdeh qurumlar və digər müvafiq orqanlar QHT-lərlə, ziyalılarla, yaradıcı şəxslərlə ictimai davranış normalarına dair layihələr reallaşdırmırlar. Halbuki milyonlar qazanırlar. 
Marşrut dövlət büdcəsindən alınıb, məmurlar da həmin büdcədən maliyyələşirlər. Həm sürücü, həm də sərnişin davranış mədəniyyəti ilə bağlı layihə gerçəkləşdirməyi söyləyəndə "pul yoxdur" deyirlər. 

 İsti hava, problemlərin çoxalması, post pandemiyadan sonra göstərdikləri aqresiya bu tipli hadisələrin çoxaldacaq.
Monitorinqlər keçirilməli, sosial çarxlar hazırlanmalıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, lisenziya verən dövlət təşkilatları, məmurlar, QHT-lər ictimaiyyətin tanınmış nümayəndələri, ziyalılar maarifləndirici işlər aparmalıdır".