Azərbaycanın kibercinayətkarlıqla mübarizədə İsraillə əməkdaşlığı müsbət nəticələr verəcək
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Rəqəmsal sahədə dəyişikliklər və yeniliklər gedərək artmaqdadır. Kiber məkanlar müxtəlif məqsədlər üçün istifadəyə yararlı hala gəlib. Bu mühitlərdəki informasiya və əməliyyat təhlükəsizliyi təhdidlərinə qarşı çıxmaq, risklərin qarşısını almaq və təhdidlərlə mübarizə aparmaq üçün “kiber təhlükəsizlik mütəxəssisi” kimi peşələrin əhəmiyyətini önə çıxarıb.
Qeyd edək ki, kiber təhlükəsizlik mütəxəssisləri təhlükəsizlik zəifliyini nəzərə almaq, bu sahədəki boşluqlar barədə məlumat vermək, kiber hücumlarla mübarizə, şəbəkə və sistem təhlükəsizliyinin təmin edilməsi, casusluq əleyhinə proqramlarla mübarizə və digər təhlükələrin ola biləcəyi son nöqtələrdə müdaxilə kimi vəzifələri yerinə yetirirlər.
Bu sahədə işləmək istəyənlər kiber kəşfiyyat, əməliyyat sistemi təhlükəsizliyi, şəbəkə təhlükəsizliyi, mobil sistem təhlükəsizlik mütəxəssisi kimi çalışırlar. Kiber təhlükəsizlik mütəxəssis kimi işləyəcək insanlardan Milli və beynəlxalq standartlardan xəbərdar olmaq, tələb olunan sahələrdən sertifikatlar əldə etmək (Systems Security Certificated Practitioner /SSCP Sertifikatlı İnformasiya Sistemləri Auditoru / CISA, Sertifikatlı İnformasiya Sistemləri Təhlükəsizliyi Mütəxəssisi / CISSP), şəbəkə və sistem məlumatları bacarıqlarının olması gözlənilir. Bundan əlavə, bu sahədə çalışacaq mütəxəssisin yüksək səviyyədə ingilis dili bilməsi lazımdır. Kiber təhlükəsizlik mütəxəssisi olmaq istəyən insanlar davamlı inkişafa açıq olmalı, maraq və araşdırma istəyinə sahib olmalı, diqqəti yüksək səviyyədə olmalı və xakerlər kimi düşünə bilən olmalıdır.
Dövlətlər, təşkilatlar və şirkətlər kiber təhlükəsizlik sahəsinə investisiya qoymağa davam edir və bu sahədəki imkanlarını artırmaq üçün səy göstərirlər. Təkcə 2018-ci ildə təxminən 100 milyon kiber məlumat sızması baş vermişdi. Bunun fərqində olan təşkilatlar kiber məkandakı hücumlarla mübarizə etmək, təhlükələri görmək və təhdidlərə qarşı səy göstərirlər. Bu səbəbdən də kiber təhlükəsizlik mütəxəssislərinə ehtiyac artmaqda davam edir.
Son illər Azərbaycanda da kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması prosesi prioritet sahələrdən hesab olunur və aidiyyəti dövlət qurumları bu istiqamətdə real addımlar atırlar.
Bu baxımdan Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış "Technion" Universiteti arasında imzalanan müqavilə təqdirəlayiqdir. Qeyd edək ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir. Nazirlikdən verilən məlumata görə, sözügedən müqavilə səfər çərçivəsində imzalanıb. Müqaviləyə əsasən fəaliyyətə başlayacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1000-dən çox peşəkar mütəxəssisin hazırlanmasını həyata keçirəcək.
Proqram çərçivəsində tədris Bakıda "Technion" Universitetinin professor-müəllim heyəti tərəfindən aparılacaq. Bu yaxınlarda proqrama qəbulun elan olunması nəzərdə tutulur.
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əsas üstünlüklərindən biri kibertəhlükəsizlik üzrə mütəxəssislərlə yanaşı, yerli təlimçilərin hazırlanmasıdır. Mərkəzdə təlimçilərin yetişdirilməsi sayəsində gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması geniş vüsət alacaq və bu istiqamətdə olan çatışmazlıqlar tamamilə aradan qaldırılacaq.
"Technion" Universitetinin qabaqcıl təhsil təcrübəsi və imkanlarının Azərbaycana gətirilməsi kibertəhlükəsizlik üzrə milli insan kapitalının formalaşmasına önəmli töhfə verəcək. Mərkəzdə tədris ingilis dilində həyata keçirilməklə 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları üçün əlçatan olacaq. Məzunlara "Technion" Universitetinin sertifikatı təqdim olunacaq.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yeni açılacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə bağlı bildirib: "Bu gün "Technion" Universiteti ilə birgə ölkəmiz üçün vacib sahələrdən biri olan kibertəhlükəsizlik üzrə əməkdaşlığın bünövrəsini qoyduq. Ali məktəbin metodikası əsasında təşkil olunmuş proqram üzrə təhsil alacaq tələbələr əmək bazarına rəqabətli mütəxəssislər kimi hazırlanacaq. Çox məmnunuq ki, dünyanın ən qabaqcıl təhsil müəssisələri və bilik mərkəzlərindən biri olan "Technion" Universiteti ilə tərəfdaşlıq quraraq kibertəhlükəsizlik sahəsi üzrə beynəlxalq bilik və təcrübəni ölkəyə gətiririk!".
"Technion" Universitetinin prezidenti, professor Uri Sivan sözügedən əməkdaşlığın qurulmasından çox məmnun olduğunu və gələcəkdə onun daha da genişləndirilməsinə ümid etdiyini bildirib: "Təsis etdiyimiz yeni Mərkəz Azərbaycanın informasiya təhlükəsizliyini dəstəkləyən vacib bir layihədir və hazırlanan mütəxəssislər nəinki Azərbaycanda, eləcə də regionda sahənin inkişafına töhfə verəcəklər".
İKT eksperti Ələsgər Məmmədlinin “Şərq”ə açıqlamasına görə, kibercinayətkarlığa qarşı mübarizədə İsraillə əməkdaşlıq müsbət nəticələr verə bilər. İsrail bu sahədə həm mütəxəssis, həm də texnologiya baxımdan kifayət qədər inkişaf etmiş ölkələrdən biridir. Bu baxımdan İsrail resurslarından faydalanmaqla Azərbaycanda da kibertəhlükəsizlik sahəsində müəyyən nailiyyətlər əldə etmək olar.
Ölkəmizdə kibertəhlükəsizlik sahəsində milli mütəxəssis problemi aktualdır. Bu sahədə mütəxəssis hazırlığı ilə məşğul olan ali təhsil ocaqlarında peşəkar kadrların yetişdirilməsi prosesi çox zəif gedir. Xaricdə təkmilləşən kadrları da əldə tutmaq məsələsi ciddi problemdir.
Dövlət təhlükəsizliyi ciddi məsələ olduğu üçün prosesin başında milli kadrların aktiv rol alması daha məqsədəuyğundur. Amma bu sahədə yetişən peşəkar milli kadrlar çox azdır.
Xaricdə oxuyub gələn az sayda mütəxəssisləri də əldə tutmaq üçün resurslar azdır. Yaradılacaq Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik üzrə mütəxəssislərin yetişdirilməsində töhfə verəcəksə təqdirəlayiq hesab etmək olar.
Əks halda bu Mərkəzlə bağlı yüksək gözləntim yoxdur”.