Aparıcı Zaur Kamalın Güney azərbaycanlı müğənni Afşin Azəri canlı efirdən qovması müzakirələrə səbəb olub. "Sherg.az" xəbər verir ki, media ekspertləri, deputatlar, ictimai siyasi xadimlər hadisəylə bağlı təəssüratlarını sosial şəbəkədə paylaşıblar.
Millət vəkili Razi Nurullayev bildirib ki, Zaur Kamalın Afşin Azərini studiyadan qovması ciddi siyasi yanlışlıq və qəbahət idi:
"Şou-biznes məsələlərinə fikir bildirməməyə çalışıram, çünki hamı o haqda nəsə deyir. Deputat isə dövlət əhəmiyyətli işlərlə məşğul olarsa daha yaxşıdır. Sözügedən məsələni dövlət əhəmiyyətli hesab edirəm. Ola bilsin ki, Zaur bəy bu yükün nə qədər ağır olduğunu dərk etməyib. Təəssüf!".
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün qənaətincə, ARB televiziyası baş verənlərdən ötrü məsuliyyət daşıyır:
"ARB televiziyasında aparıcının Afşin Azərini aşağılaması və alçaltması, efirdən qovması nəinki etik sərhədləri aşmaqdır, həm də ciddi qanun pozuntusudur.
Açıq-aşkar şərəf və ləyaqətin alçaldılmasına , nüfuzdan salınmaya yönəlik hərəkətlər olub.
Veriliş canlı yayımlanıb. ARB televiziyasının bunun qarşısını almağa imkanları var. Lakin cavabdeh şəxslər əməl etməyib.
Aidiyyəti təşkilatlar ARB-nin adıçəkilən verilişində qanunvericiliyin tələblərinin və etik prinsiplərin pozulmasına münasibət bildirməli və sərt tədbirlər görməlidir".
Xatırladaq ki, aparıcı Zaur Kamal cənubi azərbaycanlı müğənni Afşin Azəri arasında gərgin anlar yaşanıb. Zaur “Həmin Zaur” verilişində qonaq olan Afşini studiyadan çıxarıb.
“Efirdən kənarda mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi” deyərək ifaçıdan verilişi tərk etməsini istəyib. Afşin Azəri isə “sizin dedikləriniz yadıma gəlmir” deyərək etiraz edib.
Zaur Kamal daha sonra “Kişilikdən deyil ki, məni görəndə kənara fırlanırsız. Mən səni bu gün efirdən çıxaracam. Sən bir də mənim proqramımda olmayacaqsan” deyərək reklam fasiləsi elan edib.