Rauf Zeyni:“Vətəndaş cəmiyyəti, məhkəmə-hüquq sistemi və s. istiqamətlərdə islahatların aparılması bizim üçün prioritetdir”
Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə yol verən vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir. Həbs dalğası rayonlarda da müşahidə olunur. Sabirabadın baş memarı saxlanılıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Qasımov Müşviq Vidadi oğlu oğlu tutulub. O külli miqdarda rüşvət almaqda və mənimsəməkdə şübhəli bilinir. Qeyd edək ki, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovdur.
Hadisəni "Sherg.az"a dəyərləndirən Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirib ki, ölkə prezidentinin siyasi kursu şəffaflığın artılmasına, dövlətçiliyin inkişafına xidmət göstərir:
"Korrupsiya ilə mübarizə mövzusunda beynəlxalq regional seminar keçirildi. Konfransın Bakıda baş tutması korrupsiyaya qarşı mübarizənin milli maraqlarımızın əsasında dayandığını isbatlayır. Tədbirləri kiməsə özümüzü nümayiş etmək üçün reallaşdırmırıq.
Vətəndaş cəmiyyəti, məhkəmə-hüquq sistemi və s. istiqamətlərdə islahatların aparılması bizim üçün prioritetdir. Şəffaflığın, ictimai nəzarətin güclənməsi, Rəqəmsal hökumətin qurulması, eləcə də, kadr islahatlarından tutmuş korrupsiyaya qarşı mübarizəyə qədər sistemli şəkildə həyata keçiririk.
İstintaqa cəlb edilənlər də görüntü xarakteri daşımır. Korrupsiyaya qarşı mübarizədə dövlət proqramı çərçivəsində işlər gerçəkləşdirilir. Avropaya, ümumiyyətlə, dünyaya özümüzü anti korrupsiya kimi göstərmək niyyətində deyilik.
Azərbaycanın beynəlxalq nüfuzu ildən ilə artır.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Konfransının ev sahibiyik, beynəlxalq təşkilatlarda təmsilçiyik. Ədliyyə naziri Fikrət Məmmədov beynəlxalq antikorrupsiya təşkilatının vitse-prezidentdir. Bu Azərbaycanın apardığı islahatlara verilən dəyərdir. Azərbaycan inkişaf tendensiyasını qorumaq üçün korrupsiya əleyhinə daha geniş tədbirlər görməlidir. Gələcəyimizin təminatı deməkdir.
Vətəndaş cəmiyyəti, QHT-lər, insan hüquqları müdafiəçiləri də sözügedən işdə maraqlıdır. Sözügedən istiqamətdə öz töhfələrimizi verməliyik" .