Əhali icbari tibbi müayinədən keçsin!-  Yoxsa kimi balta, kimi də dəhrə ilə...

Ötən gün 39 yaşlı Roman Məmmədov adlı şəxs “TikTok” sosial şəbəkəsi üzərindən baltaya oxşar vasitəni nümayiş etdirərək cinsi azlıqları hədələyib. O qeyd edib ki, əgər qarşısına belə bir şəxs çıxsa, baltalayacaq.
Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində R.Məmmədov müəyyənləşib və saxlanılıb. Xuliqanlıq əməli törədən şəxsin metrodakı yoxlama aparatına rəğmən şübhə doğurmaması sosial şəbəkə istifadəçilərinin diqqətindən qaçmayıb. "Baltalı adam”ın bu addımına haqq qazandırıb, ona dəstək verənlər də var: “halal olsun”, “kişi adamsan” şərhləri səhifələri "bəzəyir".

Hadisəyə münasibət bildirən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı "Sherg.az"a açıqlamasında son vaxtlar belə halların sayının artdığını söyləyib:

"Olay cəmiyyətdə psixi problemlər, stress, sosial aqressiyanın səviyyənin artması ilə əlaqəlidir. Sovet dövründə psixi xəstələr dispanserdə müalicəyə cəlb olunurdu. İndi isə sərbəst şəkildə ortalıqda gəzirlər, heç bir müayinəyə getmirlər. Psixi problemlər şiddətlənəndə belə hadisə ilə nəticələnir.

Bu zaman əhalinin icbari tibbi müayinədən keçməsi məsələsi aktuallaşır.  Ən azı ildə iki dəfə əhali pulsuz şəkildə fiziki, psixoloji müayinədən keçməlidir. İş yerlərində, təhsil müəssisələrində və s. müayinə tələbi qoyulmalıdır. Psixi xəstənin törətdiyi faciəyə görə cəzalandırılması məntiqə uyğun gəlmir. Özündən aslı olmayaraq addım atır. Cəmiyyət və dövlət onları müalicə etməlidir. Əks təqdirdə daha betər hadisələr görəcəyik.
Cinsi azlıqlar bəzən sayğısız davranırlar. Cəmiyyətin milli, mənəvi dəyərlərini gözdən salırlar. Onlar özlərini yığışdırsınlar. Belə məsələləri təbliğ edib, qıcıq yaratmasınlar. Fiziki və ya psixi xəstəlikləri var. Adiləşdirmək doğru deyil. Cəmiyyətdə cinsi azlıqlar normal qarşılanmır. Xoşagəlməz hallar yaşananda, müəyyən prinsipləri pozanda təbii ki, ictimai qınağın hədəfinə çevriləcəklər".




Sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyevin fikrincə, hadisənin səhlənkarlıqdan baş verməsi mümkündür:

"Diqqətli yanaşmaq lazımdır. Bu cür durumlar hüquq - mühafizə orqanlarının Xidməti Təhqiqatlar İdarəsi tərəfindən məsələ araşdırılır. Yəqin hüquqi qiymət veriləcək. Baltanın keçirilməsi məqsədə müvafiq deyil".