Etməyin, ƏMİRASLANOV! – REAKSİYA 


Azərbaycan Milli Kulinariya Assosiyasiyasının rəhbəri Tahir Əmiraslanov şəxsi kitabxanasındakı kitabların bir qismini yandırıb. Məlum olayı T.Əmiraslanovun özü ictimailəşdirib.

“Hər dəfə əsəbiləşəndə kitablarımın və arxivimin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşir, həm ev boşalır, həm də ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və s. yaxşı yanır.

Mən kitabları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki…”, - deyə Milli Kulinariya Assosiyasiyasının rəhbəri vurğulayıb.

Tanınmış kulinarın  gözlənilməz addımı ictimaiyyət və kitabsevərlər tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin bir çoxu Tahir Əmiraslanovu kitabları yandırmaqda qınayıb. Elm xadimləri, jurnalistlər, yazıçılar, müxtəlif sahə üzrə mütəxəssislər T.Əmiraslanovun kitabları yandırmasına münasibət bildirib.

“Sherg.az” həmin şərhləri təqdim edir:

Televiziya aparıcısı Günel Gözəlova: “Düz edirsiz”.

Şairə, publisist Gülarə Munis: “Hörmətli Tahir müəllim, o yandırılanların hər birində sizin əllərinizin hərarəti, zəkanizin məhsulları var. Onlarsız necə sübut etmək olar ki, bizim milli mətbəxin nümunələri hansılardır? Lənət şeytana deyib, dayanın, əl saxlayın!”.

Jurnalist Züleyxa Nadir: “Kitabları nümayişkaranə surətdə yandırırsınız, amma bilmirsiniz ki, bununla da sizi əsəbiləşdirənlərin əlinə daha bir dəstəvüz vermiş olursunuz...”.

Sosial-İqtisadi və Kənd Təsərrüfatınin İnkişafına Dəstək İctimai Birliyinjn Sədri Zülfiyə Nuriyeva: 

“Sizin kimi milli ruhlu insandan, nəyəsə əsəbləşib bu etdiyinizə bəraət verə bilməyəcəm. Sizə hörmətim böyükdür. Amma milli mətbəximizi sevən və təbliğ edən bir şəxs kimi sizdən daha səbrli, təmkinli və məntiqli qərar gözləyirdim. Düşmənimizin gözü bizdədir və sizi də mütləq tanıyırlar. Onlarla mübarizənizi unuda bilməzsiz”.

Məsələn, kitabları Gənclər Evlərinə hədiyyə edə bilərdiz. Sizin peşəyə və ya sahə üzrə peşə məktəbinə gənclərin marağı çoxdur.Yandırmaq tamamən geri dönüşü olmayan yol deməkdir. Təəssüf”.

AMEA Elmi Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev: 

“Siz bu ölkədə mədəniyyəti, milli mətbəxi, milli dəyərləri özündə daşıyan tək- tük insanlardan birisiz, etməyin... Biz də, sizin yolu gələnlər pessimistləşirik, daha belə ölkədə yaşamaq istəmirik".

Psixoloq Fərqanə Mehmanqızı:

 “Belə etmək sizi rahatladırsa, düz edirsiz. Milli mətbəxin muzeyi, inkişafı önəmli olsaydı, sizi yerinizdən tərpətməzdilər. Bir insan bütün həyatını milli kulinariyaya həsr edir. Sonra deyirlər ki, “lazım deyilsən”. Siz lazım deyilsizsə, bu qədər yığdığınız əməyiniz, illəriniz də lazım deyil. Əslində bir sillədir, amma nəysə. Belə anlarda sadəcə hıçqırıqla ağlayıb, “heyif” deməkdən başqa əldən heç nə gəlmir”.

İlahiyyatçı-ekspert Tural İrfan:

“Çox doğru edirsiniz. Mən də nadir materiallarımı yandırıram tez -tez. Daha bu ölkədə heç nəyə ehtiyac yoxdur. 8 ilə sənədli roman yazmışdım, onu da yandırdım. Sizi ancaq filosoflar başa düşər”.

Hüquq üzrə fəlsəfə doktoru, Bakı İnsan hüquqları məktəbi İB Prezidenti Azər Ələkbərov:

 “Tahir müəllim, sizə məsləhət kimi çıxmasın mubarizkar olun və sizə qarşı haqsızlıq edənə görə bunu etməyin. Bilin, sizə dəstək verənlər də var, az deyil. Zaman hökmünü verər, narahat olmayın”.

Yazıçı, publisist Vəsimə İsmayılqızı: 

“Heyf... geri dönməyəcək bilgilər. Geri gəlməyəcək tarix... Çox heyf... Amma od təmizlikdir, ruhunuza, fikrinizə hopmuş neqativlər bu odla təmizlənsin”.

Tanınmış pedaqoq, ADPU-nun dosenti İlham Əhmədov:

 “Burda incə məqam var. Tahir müəllim ölkədə kulinariya üzrə beynəlxalq səviyyədə tanınan, milli mətbəximizi dünyada təbliğ edə bilən ilk və yeganə adamdır. Lakin onun illərlə topladığı kitabxana kimi təcrübəsi, biliyi, istedadı da bu ölkəyə lazım olmadı. "Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki?” deyərkən, o yandırdığı kağızlardan çox həyatı boyu qazandığı “insan kapitalını” nəzərdə tutur, ona qarşı olan ədalətsizliyə etiraz edirdi. Bəlkə də bu təcrübəni, biliyi, arxivi itirməklə, gələcəkdə milli mətbəximizə qarşı erməni oğurluqlarına sipər çəkmək çətin olacaq. Tahir müəllim də bu sahənin “qazisi” idi”.

Qida mütəxəssisi Ağa Salamov:
 “Tahir müəllim onu ən azından peşə məktəblərinə və ya yetirmələrinizə verə də bilərdiniz. İnciməyin, amma kitaba qıymağınızı heç ağlımdan da keçirməzdim .... Təəssüf”.

İctimaiyyətin reaksiyası Tahir Əmiraslanovu atdığı addıma aydınlıq gətirməyə məcbur edib.
O, istifadəçilərə belə cavab verib:

“Kitablarımı yandırmağıma yüzlərlə rəy bildirilib. Müxtəlif yozumları qarşılamaq üçün səbəbini açıqlayıram:
“İnsanlarımızın kitab oxumamalarına və bununla ölkəmizi geri çəkmələrinə etiraz edirəm. “Natıonal Geoqrafik” kimi böyük bir resursda mətbəximiz təhrif edilir, mətbəxi qorumaq üçün yaradılmış qurum bunu təkzib etmir, cavablandırmır. Buna etirazımı bildirirəm. Yozmaq lazım deyil”.