Çimərliyə gedərkən ilk öncə hava şəraiti nəzərə alınmalıdır
İstirahətə yollanarkən qidalara da diqqət etmək lazımdır. Yağlı və konservləşdirilmiş qida məhsullarından istifadə etmək tövsiyə olunmur
Çimərlikdə üzməyi idman növünə çevirmək lazım deyil
Küləkli və dalğalı havada dənizə girmək həyat və sağlamlıq üçün təhlükəlidir! Aidiyyəti qurumlar, təhlükəsizlik ekspertləri az qala hər gün bu barədə danışır, media vasitəsilə öz tövsiyələrini paylaşırlar. Son günlər havaların küləkli keçməsi səbəbindən Fövqəladə Hallar Nazirliyi tez-tez əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək məsləhətli deyil!
Amma dənizdə boğulma hadisələrinin günü-gündən artması onu deməyə əsas verir ki, insanlarımızın “Araz aşığından, Kür topuğundan”dır. Dənizdə boğulanların əksəriyyəti də məhz necə gəldi çimib, xəbərdarlıq nişanlarına məhəl qoymayıb özlərini göstərənlərdir.
Halbuki, isti yay günlərində sərinləmək, istirahət etmək üçün dənizə gedən hər kəs ilk növbədə təhlükəsizlik qaydalarına əməl etməlidir. İstisnasız olaraq!
Belə ki, küləkli havada dəniz dalğalı olduqca, suyun üst hissəsi sahilə tərəf aparır, lakin ayaqların basdığı yerdə, yəni altda isə su dənizə tərəf axır. Ayaqda duran insanı dərinə aparır.
Qeyd edək ki, Xəzər dənizinin Kürdəxanı qəsəbəsi hissəsində 17 və 14 yaşlı iki bacı - Aysel və Aysun Abdullazadələr boğulub. Ayselin meyiti həmin gün, 2008-ci il təvəllüdlü Aysun Abdulzadənin meyiti isə bir gün sonra tapılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, A.Abdulzadənin meyiti FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə baş verən bədbəxt hadisə fonunda vətəndaşlara öz tövsiyələrini verib. Bu barədə “Şərq”ə danışan ekspert deyib ki, çimərliyə gedərkən öncəliklə hava şəraiti nəzərə alınmalıdır:
“Günün qaranlıq saatları, yağışlı, buludlu və küləkli havada dənizə getmək məqsədəuyğun deyil. Saat 12:00-16:00 aralığında dənizə getmək tövsiyə olunmur. Eyni zamanda, dövlət tərəfindən qadağan olunmuş çimərliyə getmək məsləhət görülmür. Çünki qadağan olunmuş çimərliklərdə təhlükəsizliklə bağlı heç bir iş görülməyib. Çimərliyə gedərkən aparılan qidalara da diqqət etmək lazımdır.
Yağlı və konservləşdirilmiş qida məhsullarından istifadə etmək tövsiyə olunmur. Eyni zamanda, çimərlikdə spirtli içki qəbul etmək yolverilməzdir. Spirtli içki qəbul edən şəxsin batma təhlükəsi daha yüksəkdir. Həmçinin, bu şəxsləri gün daha tez vurur. Nəticədə bədbəxt hadisə yaşana bilər”.
E.Nurəliyevin sözlərinə görə, valideynlər etdiyi ən böyük səhvlərdən biri uşaqlara diqqət etməməsidir. Halbuki, uşaqlar daim nəzarətdə olmalıdır. Baş verən bədbəxt hadisələrin əksəriyyəti sahildən çox uzaqlaşmaqla bağlıdır: “Xüsusən də gənclər daha uzaq məsafəyə üzməklə bağlı bəhsə girirlər. Çimərlikdə üzməyi idman növünə çevirmək lazım deyil. Sahilə perpendikulyar deyil, paralel üzmək məqsədəuyğundur. Dənizdə üzə bilməyənlər sinəyə qədər suya girə bilərlər, üzə bilənlər isə mövcud qaydalara riayət etməlidirlər. Dənizdə sahildən uzaqlaşmamaq üçün nəzərdə tutulmuş təhlükəsizlik şarlarını keçmək olmaz. Qadağanedici şarları keçmək, vətəndaşların özləri ilə hava şarları, katamaran, skuter və motorlu su qayıqları gətirib, suya salması qadağandır.
Dənizə girmədən öncə su axınlarına diqqət etmək lazımdır.
Dənizdə “su axını” deyilən təbii hadisələr baş verir. Su axını zamanı dəniz suyu ağımtıl rəngdə olur və köpüklər əmələ gəlir. Su axınlarının eni 3-5 metr, uzunluğu isə 55-60 metr aralığında ola bilər. Axına düşəndə panika yaşamaq ölümə səbəb olur. Ona görə də panikadan uzaq olmaq vacibdir. Nəzərə almaq lazımdır ki, axının müddəti 3-5 dəqiqə çəkir. Axına paralel 5-6 metr sağ və ya sola üzməklə, təhlükəli vəziyyətdən çıxmaq mümkündür”.
Ekspert həmçinin əlavə edib ki, müxtəlif xroniki xəstəliyi olan bəzi şəxslər dənizə getmədən öncə, həkimlə məsləhətləşməlidir. İnsanda qıcolma, ürəktutma, günün təsirindən huşunu itirmək və keçici xəstəlik varsa, həkim məsləhəti olmadan dənizə getməsi düzgün deyil: "İstifadəyə yararlı çimərliklərdə təhlükəsizlik qaydaları qənaətbəxşdir. Dövlət tərəfindən icazə verilən çimərliklərdə təhlükəsizlik FHN-in Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən təmin olunub. Onlar çimən şəxslərə nəzarət edir, batma və ya boğulma kimi təhlükəli hallara müdaxilə edirlər. Hətta bu çimərliklərdə ilkin təcili tibbi yardım briqadaları mövcuddur. Bu briqadalar Bakının 16 çimərliyində vətəndaşlara xidmət göstərir. Hər hansısa şəxsə ilkin tibbi yardım etmək lazımdırsa, dərhal müdaxilə olunur”.