"COP29 Beynəlxalq İqlim Konfransı Azərbaycanın beynəlxalq nüfuzuna böyük təsir göstərəcək".
Bu fikri “Sherg.az”a açıqlamasında deputat Fazil Mustafa söyləyib.
O bildirib ki, belə tədbirlər adətən sənaye cəhətdən inkişaf etmiş ölkələrdə keçirilir:
"Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin qlobal miqyasda artan önəmini və strateji əhəmiyyətini bir daha təsdiqləyir. Azərbaycan bu ölkələrlə müqayisədə böyük dövlət kimi qəbul edilməsə də, böyük dövlət missiyasını öz üzərinə götürərək təşkilatçılıq məsuliyyətini qəbul edib. Əlbəttə, bu, bizim uğurumuzdur. Lakin ABŞ və bir sıra Avropa ölkələrinin bu məsələdəki mövqeyi ermənipərəst siyasətlərinin təsiri ilə qərəzli xarakter daşıyıb. Bu kimi yanaşmalar Azərbaycanın sülhsevər siyasətinə və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrə kölgə salmağa çalışır. Bütün hallarda, onlar düzgün yolu seçmədilər. Lakin, bu, ikitərəfli əməkdaşlıqlarımıza zərər yetirməyəcək. Çünki Azərbaycan çətinliklərə baxmayaraq, dialoqun və əməkdaşlığın davamlı olması üçün öz prinsipial mövqeyini qoruyur".
Parlamentari vurğulayıb ki, hazırda ABŞ və Aİ (Avropa İttifaqı) ölkələri ilə münasibətlərimiz normal məcrada davam edir:
"Bu, Azərbaycanın xarici siyasət strategiyasının dayanıqlı və balanslı olmasının göstəricisidir. Hesab edirəm ki, COP29 İqlim Konfransındakı əsas nailiyyətimiz Azərbaycanın humanist aspektdə özünü təsdiq edən və humanitar problemlərin həllində rol oynaya bilən bir ölkə kimi tanınmasıdır".
Yusif Sultanoğlu