"Suallara ekspertlərin də münasibət bildirməsi Nazirliyin də yükünü yüngülləşdirə bilər"
İqtisadiyyat Nazirliyinin və Nazirlik yanında dövlət xidmətlərinin səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı müraciətlərin cavablandırılmasının daha da asanlaşdırılması və vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi məqsədilə Nazirlik üzrə vahid platforma – “195-1” Çağrı Mərkəzi yaradılıb və bu il mayın 4-dən fəaliyyətə başlayıb.
2022-ci ilin may və iyun ayları ərzində daxil olan müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib. Bütün bunlar müsbət və təqdirəlayiq hal kimi dəyərləndirilsə də çatışmazlıqlar var.
"Sherg.az"a danışan iqtisadçı-ekspert Rauf Qarayevin sözlərinə görə, Çağrı Mərkəzinə ünvanlanan suallarla bağlı nazirlik sadəcə statistik qeydlər və rəqəmlərlə bağlı məlumat yaymaqla kifayətlənməməlidir. Şikayət və təkliflərin daha çox hansı istiqamətlər, hansı mövzuları əhatə etdiyinə dair açıqlama verməlidir. Eyni zamanda ünvanlanan suallarla bağlı müstəqil ekspertlərin də öz rəylərini verməsinə, çıxış yolu göstərməsinə şərait yaradılmalıdır: “Düşünürəm ki, birgə əməkdaşlıq formatında vətəndaşların çağrı mərkəzinə ünvanladıqları müəyyən suallara ekspertlərin də münasibət bildirməsi Nazirliyin də yükünü yüngülləşdirə bilər.
Ancaq burada ekspertlər arasında ayrıseçkilik edilməməlidir. Məsələn, vergi sistemində informasiya baxımından onlayn qəzet var və sualların cavablandırılması üçün ora ekspertlər dəvət olunur. Bu, yaxşı haldır. Amma o tribuna da hər kəs üçün deyil. Orada şəxslərin dəvət olunması şəxsi münasibətlər fonunda baş tutur. Nazirliyin iş fəaliyyətini əsaslı olaraq tənqid edənlərə həmin tribuna bağlıdır. İqtisadiyyat Nazirliyin qapıları iqtisadçıların üzünə açıq olmalıdır. Ayrıseçkilik olmamalıdır. Bunu elə-belə demirəm. Bir müddət əvvəl mənə müraciət olunmuşdu ki, vergi sistemi ilə bağlı seçilmiş mövzular üzrə rəy bildirim. Həmin dönəmdə Vergi Məcəlləsində olan yeni maddələrlə bağlı müxtəlif iqtisadi platformalarda çıxışlar edirdim, amma sonradan heç bir səbəb göstərmədən mənimlə əməkdaşlıqdan imtina edildi. Sonradan bir az araşdırma apardım və iqtisadi sistemdə olan və müstəqil fikir yürüdən, hətta bəzi nöqsanları göstərən iqtisadçıları orada görmədim. Anladım ki, bu tribuna hər kəs üçün açıq deyil. Ancaq nazirliyin “senzurasından” keçən iqtisadçıların açıqlamalarına yer verilir. Kiçik bir araşdırma aparsanız qeydlərimin düzgün olduğunu açıq şəkildə görəcəksiniz. Eyni zamanda nazirliyin bu günə kimi keçirdiyi bütün tədbirlərdə eyni yanaşma sərgilənir. Hətta qanunvericilikdə edilən dəyişikliklə bağlı təşkil olunan görüşlərdə belə müstəqil fikirli iqtisadçılar kənarda qalır”.