"Sonrakı peşmançılıq fayda verməz"
"Əksər ailələrdə valideynin ev işlərinə başı qarışması bir başqa, amma televizor, internet, sosial şəbəkələr qarşısında vaxt çox keçirdikləri üçün uşaq diqqətsiz qalır"
"Canı yanan təkcə analar deyil, bütün valideynlər, doğmalardır"
"Çoxmərtəbəli binalarda yaşayanlar mütləq balkonlarına məhəccərlər quraşdırmalıdır"
Abşeronda ana və uşaq bədbəxt hadisə nəticəsində həlak olublar.
Hadisə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binalarından birində baş verib. Belə ki, binanın beşinci mərtəbəsində yaşayan uşaq pəncərədən düşüb. Ana onu tutmaq üçün özünü atsa da, hər ikisi dünyasını dəyişib.
Qeyd edək ki, son zamanlar azyaşlıların pəncərədən, balkondan yıxılması ilə bağlı xəbərlərin tez-tez şahidi oluruq. Uşaqların yuxarı mərtəbədən yıxılması halları dəfələrlə mətbuatda valideyn ehtiyatsızlığı ilə əlaqələndirilsə də, valideynlərdən nəzarət tələb olunsa da, təhlükə hələ də davam edir.
Bəs, problemin kökü haradan qaynaqlanır? Uşaqların diqqətdən kənarda qalmasına səbəb anaların internetə, sosial şəbəkəyə, seriallara, şou proqramlara aludəçiliyi ilə bağlıdır?
Psixoloq Vəfa Rəşidovanın “Sherg.az"a açıqlamasına görə, çoxmərtəbəli binalarda yaşayan valideynlər son dərəcə diqqətli və ehtiyatlı olmalıdır: “Əlbəttə, birmənalı olaraq uşaqların pəncərədən, eyvandan yıxılması kimi hallar sadəcə ananın diqqətsizliyi üzündən baş vermir. Bu işdə analar da atalar qədər diqqətli olmalıdır.
Ən əsası isə pəncərələr və eyvanlarda belə faciələrin qarşısını almaq üçün dəmir məhəccərlər quraşdırılmalıdır. Evdə körpə uşağı olan ailələr mütləq bu cür təhlükəsizlik tədbirləri görməlidir. Çünki binadan yıxılaraq dünyasını dəyişən uşaqların sayının artmasının əsas səbəbi balkon-pəncərələrdə barmaqlıqların olmaması ilə əlaqədardı. Valideyn hər nə qədər diqqətli olsa da, uşaqları nəzarətdə saxlamaq çətindir. Baş verəcək bütün təhlükələrə qarşı əvvəlcədən tədbir görmək daha yaxşı olar”.
Psixoloqun sözlərinə görə, uşaq formalaşana, öz hərəkətlərinə bir istiqamət tapana qədər valideynin bir gözü onun üstündə olmalıdır:
"Konkret hadisədə uşağı tutmaq üçün ananın da özünü atması hadisənin onun diqqətsizliyi üzündən baş verməsi ehtimalını doğurur. Düzdü, konkret fikir bildirmək çətindir, biz orada nə baş verdiyini bilmirik. Amma uşağını qoruya bilmədiyi üçün ananın özünü günahkar hiss etməsi ehtimalı yüksəkdir: “Mən həmişə valideynlərə uşaqlarla vaxt keçirməyi, onlarla oynamağı, onların istirahətinə diqqət etməyi tövsiyə edirəm. Amma bizim analar hesab edir ki, uşaq pəncərədən aşağı baxıb, eyvanda oturub oynamaqla hava almış, dincəlmiş olur. Birmənalı şəkildə ananın azyaşlı uşağını eyvanda, pəncərə önündə tək qoymasını düzgün hesab etmirəm. Əksər ailələrdə valideynin ev işlərinə başı qarışması bir başqa, amma televizor, internet, sosial şəbəkələr qarşısında vaxt çox keçirdikləri üçün uşaq diqqətsiz qalır. Uşaqların açıq havaya çıxarılması, parkda oynaması ev işlərindən daha önəmlidir. Analar işini elə qurmalıdır ki, bütün işlərini uşaqlar yatanda görüb, uşaqları maksimum dərəcədə açıq havaya çıxartmalıdır. Hər şeydən öndə uşağın sağlam psixologiyası, sağlam mühitdə böyüməsi, ümumiyyətlə, necə formalaşmasıdır. Burada söhbət tək anadan getmir, atalar da anaları başa düşüb onlara dəstək olmalı, uşağa diqqət ayırmalıdırlar. Uşağın müəyyən yaş dövrünə qədər mütləq hər iki valideyn ona nəzarət etməlidir. Əks halda, belə fəsadlarla üzləşirlər. Heç bir valideyn uşağın başına pis bir hadisənin gəlməsini istəməz. Uşağa nəsə olduqda valideyn dərin üzüntü keçirir. Əziz analar, ev işləri və yemək bişirməkdən başınızı qaldırıb özünüzə və övladınıza vaxt ayırın. Xüsusən də yay aylarında bütün gün özünüzü və uşaqlarınızı evə qapadıb psixologiya və sağlamlığınızı fəda etməyin”.
V.Rəşidovanın sözlərinə görə, övladı pənəcərədən, eyvandan düşən analar hər nə qədər özlərini günahkar hiss etsələr belə onların da özünü atması çıxış yolu deyil: “Əgər evdə həmin qadının başqa bir uşağı varsa, bu artıq onun üçün, həmçinin həyat yoldaşı üçün ikiqat travmadır. Bu situasiya şüuraltı düşüncədən qaynaqlanır və ana həyat boyu özünü bağışlamayacağını düşünür. Biz bilmirik uşaq yıxılan anda ana yemək bişirirmiş, yoxsa telefonda nəyəsə baxırmış? Amma günahkarlıq duyğusu hiss etdiyi aşkardır. Bu hissi yaşamaq üçün də uşaqlara nəzarəti gücləndirmək, onları əsla otaqda, eyvanda tək qoymamaq və bezməsinlər, darıxmasınlar deyə onlarla daha çox vaxt keçirmək lazımdır”.