Dünya dövlətlərini mina terroruna qarşı Ermənistana təzyiq göstərməyə təhrik etmək lazımdır
Hər bir vətəndaşımız Ermənistanın mina terroru məsələsinin sosial şəbəkələrdə, mediada geniş işıqlandırılması prosesinə dəstək verməlidir
2022-ci ilin iyul ayında üç mina partlaması hadisəsi nəticəsində üç nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib ki, hadisə nəticəsində ikisi mülki şəxs olmaqla üç nəfər mina partlamasından yaralanıb. Hadisələrin ikisinə tank əleyhinə mina səbəb olub. H.Səfixanov qeyd edib ki, 2022-ci ilin iyul ayında hadisələr Xocavənd, Cəbrayıl və Kəlbəcər rayonlarının ərazisində baş verib: “Ümumilikdə 2022-ci ilin ilk yeddi ayında 38 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Bunlardan da iki nəfəri kasetli silah partlamasından olmaqla üç nəfər həlak olub.
2020-ci il noyabrın 10-dan 2022-ci il avqustun 1-dək minaların və partlamamış hərbi sursatların partlaması ilə bağlı 102 mülki şəxs zərər çəkib. Nəticədə 32 nəfər həlak olub, 70 nəfər yaralanıb”. Vurğulanıb ki, bütün rəsmi strukturların və vətəndaş cəmiyyəti təsisatlarının mütəmadi çağırışlarına baxmayaraq, hələ də işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlər var və bununla da öz həyatlarını riskə atırlar. Müvafiq qurumlar bir daha xahiş edir ki, insanlarımız qanunsuz şəkildə işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər və partlamamış hərbi sursatlara toxunmasınlar. İnfrastruktur layihələrinin və kənd təsərrüfatı işlərinin yerinə yetirilməsinə cəlb olunmuş vətəndaşlarımız isə verilən təlimatlara ciddi əməl etsinlər. Heç bir özfəaliyyətlə məşğul olmasınlar”.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov “Şərq”ə deyib ki, Ermənistan mina məsələsində Azərbaycana qarşı növbəti terror həyata keçirmək üçün istifadə etməyə çalışır. Analitik bildirib ki, bugünədək Avropa İttifaqı Şurası və digər beynəlxalq qurumların, eyni zamanda Rusiyanın vasitəçiliyi ilə bəzi mina xəritələri qaytarılsa da, böyük əksəriyyətinin saxta olduğu üzə çıxdı:
“Minalanmış digər ərazilərin xəritələri isə Ermənistan tərəfindən hələ də Azərbaycana təhvil verilməyib. Əfsuslar ki, bununla bağlı nə Rusiya, nə də Avropa İttifaqı Şurası tərəfindən Ermənistana hansısa ciddi təzyiq göstərilməyib. Həmçinin, BMT kimi nüfuzlu bir qurum da erməni tərəfinin mina terroruna göz yummaqla məşğuldur. Bu da prosesi dalana dirəyir. Ərazilərin minalardan təmizlənməsi üçün dövlətimiz əlindən gələni edir və bu işə böyük kapital ayırır. Lakin bir məsələ bizə aydın olmalıdır ki, minaların zərərsizləşdirilməsi böyük vaxt və vəsait itkisi hesabına başa gəlir. Bütün ərazilərin tam şəkildə minalardan təmizlənməsinə uzun zaman lazımdır. Dövlətimiz prosesi mümkün qədər sürətli həyata keçirsə də, təəssüflər ki, beynəlxalq dəstək gözə dəymir. Hər bir vətəndaşımız Ermənistanın mina terroru məsələsinin sosial şəbəkələrdə, mediada geniş işıqlandırılması prosesinə dəstək verməlidir. Dünya dövlətlərini mina terroruna qarşı Ermənistana təzyiq göstərməyə təhrik etmək lazımdır. İşğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlər etmək istəyənlər var ki, bu da növbəti mina qurbanlarının sayının artmasına səbəb olur. Ona görə də vətəndaşlarımız bu məsələdə daha diqqətli olmalıdır”.